“Formula-1” yarışlarının ölkəmizin turizm potensialının güclənməsinə təsirini tezliklə hiss edəcəyik

Azərbaycan “Formula-1” Avropa Qran-prisini də yüksək səviyyədə reallaşdırmaqla dünyaya növbəti dəfə nümunə göstərir. Beynəlxalq ictimaiyyət bir daha respublikamızın iqtisadi qüdrətinin, qlobal tədbirləri yüksək səviyyədə təşkil etmək əzminin, nəhayət, yüksək tolerantlığın və qonaqpərvərliyin əyani şahidi olur.

Bu möhtəşəm idman bayramı həm də bir daha nümayiş etdirir ki,  Azərbaycanın mövcud potensialı, həyata keçirilən müasir infrastruktur layihələri idman yarışlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün şərait yaradır. Yüksək səviyyədə keçirilən İslam Həmrəyliyi Oyunlarından az sonra eyni məkanda növbəti “Formula-1” Avropa Qran-prisi kimi mühüm bir yarışın reallaşması Azərbaycanın idman sahəsində güclü potensiala malik olmasının bariz nümunəsidir.

AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Aqil Əsədov bildirdi: – “Formula-1” Avropa Qran-prisinin Azərbaycanda keçirilməsi çox mühüm hadisə kimi yadda qalacaq və bir neçə cəhətdən ölkəmiz üçün önəmli rol oynayacaq, iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək. Ən başlıcası isə respublikamıza turist axınının güclənməsini sürətləndirəcək. Möhtərəm Prezidentimiz İlham Əliyev bununla bağlı deyib: “Beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edən Bakı hazırda dünyanın ən gözəl şəhərlərindən biridir. Son illərdə Bakının tarixi binaları tarixi irsimiz qorunmaqla təmir edilib, İçərişəhər artıq dünyanın ən cəlbedici tarixi yerlərindən birinə çevrilib, bulvarın uzunluğu 3 kilometrdən 16 kilometrə çatdırılıb, yeni yollar açılıb, yeni parklar salınıb. Bu gün Bakı parklar, göllər şəhəridir. Biz gölləri təmizlədik. Biz ekoloji fəlakət mənbəyi olan Bibiheybət buxtasını təmizlədik. Biz ekoloji təhlükə mənbəyi olan Böyükşor gölünü təmizlədik və hələ ki, burada işlər davam edir. Bunlar olmasaydı, hansı turist Azərbaycana gələrdi? Biz beynəlxalq yarışlar keçirdik, dünyanın diqqətini cəlb etdik. Biz “Eurovision”, Avropa Oyunları, 500 milyon auditoriyası olan “Formula-1” keçirdik...  Bunlar olmasaydı, kimsə gələrdimi? Əsas amillər bunlardır, bunu hamı bilsin və düzgün qiymətləndirsin”.

“Formula-1” Avropa Qran-prisinin ölkəmizin iqtisadi həyatında oynadığı roldan danışarkən, bir məqamı xüsusilə qeyd etmək istərdim. Bu, Azərbaycanın, xüsusilə də paytaxt Bakının turizm potensialının dünyaya tanıdılması ilə bağlı məsələdir. Belə ki, sözügedən  “Formula-1”in dünyada kifayət qədər azarkeşi var. Bakı Şəhər Halqasında da tamaşaçıların yarışı canlı və təhlükəsiz izləmələrinə hər cür imkan yaradılıb. Bunun üçün Bakı Şəhər Halqasının müxtəlif yerlərində yüksək səviyyədə tamaşaçı tribunaları quraşdırılıb. Bütün dünyada isə “Formula-1” Azərbaycan mərhələsini 190 ölkədən 500 milyondan artıq tamaşaçı izləyir. Bu göstərici ilə “Formula-1” azarkeş sayının çoxluğuna görə futboldan sonra ikinci idman növü sayılır.

Bununla yanaşı,  mötəbər yarışın yüksək səviyyədə işıqlandırılmasına müxtəlif ölkələrdən təcrübəli müxbir və fotoqraflar cəlb edilib. Hazırda dünyanın ən böyük kütləvi informasiya vasitələri, eləcə də 100-dən çox ölkənin xəbər agentlikləri “Formula-1” yarışı barədə xəbərləri dünyaya yayırlar.

Tək yarışın reallaşması deyil, qonaqların, tamaşaçıların ölkəmizlə, milli dəyərlərimizlə tanışlığı, şəhərimizdə olduqları günlərdə vaxtlarını səmərəli keçirmələri üçün yaradılan şərait, dünyada sevilən populyar müğənnilərin iştirakı ilə konsert proqramlarının təşkili Azərbaycanın mükəmməl ev sahibliyi nümunəsinin ayrı-ayrı detallarıdır. Bu, eyni zamanda, Azərbaycanın turizm potensialının daha da güclənməsinə təsir göstərən mühüm amildir.

Hazırladı:
Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında