“Bakı–2015” birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, “Formula–1” Avropa Qran-prisinin Bakı mərhələsi, IV İslam Həmrəyliyi Oyunları, yenə “Formula–1”. Bu dəfə Azərbaycan mərhələsi.
Bir-birindən mötəbər beynəlxalq səviyyəli beş yarış. Üstəlik də, cəmi iki ildə! Daha hansı ölkə belə qısa müddətdə bu qədər möhtəşəm idman bayramının təşkilatçısı olması ilə fəxr edə bilər!
Azərbaycan bu yarışları nəinki təkcə keçirdi, həm də beynəlxalq standartlara tam uyğun şəkildə təşkil edib ona inanan Avropa Olimpiya Komitələri Assosiasiyasının, Beynəlxalq Şahmat Federasiyasının, İslam Həmrəyliyi İdman Federasiyasının, Beynəlxalq Avtomobil Federasiyasının ümidlərini və ölkəmizə göstərilən yüksək etimadı şərəflə doğrultdu.
Başqa cür ola da bilməzdi. Çünki haqqında danışdığımız yarışların hamısında hazırlıq işlərində idman təşkilatlarımız bütün Azərbaycan xalqı ilə birlikdə böyük işgüzarlıq, vətənpərvərlik, qonaqlara dərin hörmət və ehtiram nümayiş etdirərək ölkəmizin tarixinə bir-birindən parlaq səhifələr yazmışdır.
Zarafat deyil, Avropa Oyunlarında 50 ölkənin, İslam Həmrəyliyi Oyunlarında bundan da çox–54 dövlətin minlərlə idmançısını, rəsmi şəxsləri, turistləri layiqincə qəbul etmək, yarışlar başa çatdıqdan sonra isə onları böyük mehribanlıq və səmimiyyətlə yola salmaq heç də asan deyildi. Lakin həm 2015-ci ilin iyun ayında, həm də 2017-nin mayında bütün dünya gördü ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın başçılıq etdiyi Təşkilat Komitəsi hər iki yarışın açılış və bağlanış mərasimlərinin , eləcə də startların davam etdiyi bütün günlər ərzində çoxsaylı qonaqlarımızın xoş əhval-ruhiyyəsinin təsdiq etdiyi kimi, hazırlıq işlərində əsl təşkilatçılıq nümunəsi göstərmişdi.
Elə Ümumdünya Şahmat Olimpiadasının iştirakçıları – planetin ən mahir qrossmeysterləri və “Formula–1”-in Avropa Qran-prisinin Bakı mərhələsində mübarizə aparmış mahir pilotlar da qonaqpərvər ölkəmizi Azərbaycana dərin minnətdarlıq hissi ilə tərk etmişdilər. Hamının da yekdil fikri belə olmuşdu ki, Bakı böyük yarışların keçirilməsi üçün çox əlverişli şəhərdir və burada qonaqlar özlərini evdəki kimi hiss edir, Azərbaycan paytaxtı ən böyük yarışların iştirakçılarını tam hazırlıqla, mütəşəkkil surətdə qəbul etməyi bacarır.
Elə bu gün şəhərimizdə final yürüşləri ilə finişə çatacaq “Formula–1” Avropa Qran-prisinin Azərbaycan mərhələsinin iştirakçıları da Bakının “Kral yürüşləri” üçün çox münasib şəhər olduğunu bildirirlər.
“Formula–1” üzrə ikiqat dünya çempionu Fernando Alonso ölkəmizə budəfəki səfəri ərəfəsində müsahibəsində bildirmişdi: – Bakı gözəl şəhərdir. Ötən il debüt yürüşü uğurla keçdi, indi mən Azərbaycana qayıdacağım günü səbirsizliklə gözləyirəm. Bir il əvvəl Bakıda mərhələnin səfiri kimi həmkarlarımla müqayisədə şəhərdə daha çox vaxt keçirdim. Deyə bilərəm ki, Bakı “Formula–1” üçün əla məkandır. Biz tarixi mərkəzdə pilotluq edəcəyik. Burada qədim divarlar “Formula–1” yürüşləri üçün yeni ölkədə unikal ab-hava yaradır.
Həqiqətən, Bakı, Azərbaycan təkcə “Formula–1” yox, idmanın bütün növlərinin nümayəndələri üçün əla şəraiti ilə diqqətləri özünə cəlb edən yarış məkanıdır. Bakıda istənilən idman tədbiri ən tələbkar zövqlərə belə tam cavab verən səviyyədə böyük müvəffəqiyyətlə keçirilir.
Dövlət müstəqilliyinin bərpasının 26-cı ilini yaşadığımız müstəqil Azərbaycan Respublikasında insan həyatının mühüm tərkib hissəsi olan idman dövlətimizin, şəxsən Prezident İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunmuşdur. Ölkəmiz həm qonaqlarını ən yüksək səviyyədə qarşılayıb özünə məxsus olan qonaqpərvərliklə yola salır, həm də idmançılarımız parlaq qələbələr qazanırlar–Avropa Oyunlarında Rusiyadan sonra ikinci yeri tutur, İslamiadada isə rekord miqdarda medal qazanmaqla finişə birinci çatıb çempion olurlar.
İndi Bakıda “Formula–1” Avropa Qran-prisinin Azərbaycan mərhələsi Milli Olimpiya Komitəsinin ölkəmizdə Olimpiya Hərəkatına rəhbərliyinin 25-ci ilinə təsadüf etmişdir. Bakı bu çox mötəbər yarışa ikinci dəfə ev sahibliyi edir. Halbuki hələ bir neçə il əvvəl belə bir yarışın Azərbaycanda təşkili bəlkə də çoxlarımızın ağlına belə gəlmirdi. Ancaq bu artıq bir reallıqdır, dünyanın ən məşhur pilotları ardıcıl ikinci ildir ki, Bakı yollarında şütüyür və özlərinin dedikləri kimi, bundan böyük zövq alırlar.
...Bakıda “Formula–1” Avropa Qran-prisinin Azərbaycan mərhələsinin final yarışlarına saatlar qalır. Cəsur pilotlar bütün qüvvə və ustalıqlarını məhz bugünkü startlara sərf edəcəklər. Amma kimin finişə neçənci çatacağından asılı olmayaraq hamı “Formula–1” “qrossmeysterlərindən” yenə razı qalacaq.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.