“Formula-1”in idman direktoru Ross Braun: Bakı şəhər trekində yaradılan şərait məni valeh etdi

İyunun 23-də “Formula-1”in idman direktoru Ross Braun Bakıda mətbuat konfransı keçirib. İdman direktoru “Formula-1” yarışlarının gələcəkdə daha baxımlı olması, iqtisadi cəhətdən daha da inkişaf etməsi üçün tədbirlərin planlaşdırıldığını bildirdi.

Yarışın yeni təşkilatçılarının “Formula-1”də yeniliklər etməyi düşündüklərini bildirən Braunun sözlərinə görə, burada əsas məqsəd komandalar arasında böyük büdcə fərqini aradan qaldırmaq və tamaşaçı auditoriyasını daha da artırmağa nail olmaqdır. İdman direktoru yarışın formatında müəyyən dəyişikliklərin edilməsinin də nəzərdə tutulduğunu dedi. “Bütün bunlar bu nüfuzlu yarışın baxımlılığını daha da artırmaq məqsədini daşıyır. Qısa zamanda komanda böyük uğurlar qazanıb. İstəyimiz budur ki, bu yarış daha da möhtəşəm təşkil olunsun, onu bir qədər də təkmilləşdirək. İlk növbədə, yarışın daha az xərclə təşkilinə nail olmaq istəyirik. Bu, şübhəsiz, araşdırmalar tələb edir. Planlarımızda gəlirimizin böyük bir hissəsini büdcəsi nisbətən az olan komandaların inkişafına yönəltmək də var. Bununla rəqabəti bir qədər də gücləndirmək olar. Belə olarsa, yarışların baxımlılığı daha da artacaq. Digər tərəfdən komandaların sayını da artırıb, 12-13-ə qaldırmaq istəyirik”.

Ross Braun qeyd edib ki, yeni reqlament müəyyən dəyişikliklərə öz təsirini göstərib. Bildirib ki, ötmələrin azalması aerodinamikanın zəifləməsi ilə nəticələnib. İdman mütəxəssisi bununla bağlı araşdırmaların aparıldığını və növbəti reqlament dəyişikliyi zamanı bunların nəzərə alınacağını da diqqətə çatdırıb. O bolidlərin dizaynında yeniliklərin ediləcəyi ilə bağlı danışaraq qeyd edib ki, xüsusi texniki göstəricilərə görə hazırlanan bolidlərin daha yüksək rəqabət gücünə malik olması üçün bir sıra işlər görüləcək. “Çalışırıq ki, yarışlar zamanı bolidlər arasında məsafə fərqi o qədər də çox olmasın. Digər tərəfdən 2 bolidin hərəkəti zamanı hava axınının maneçilik törətməməsi üçün yeni dizaynların hazırlanması istiqamətində də yeniliklər etmək barədə düşünürük. Hazırda müəyyən məqamlar rəqabəti azaldır. 2021-ci ilədək görəcəyimiz əsas işlər sırasında  bolidlərin motorunun yenilənməsi və güclənməsidir. Digər ciddi dəyişikliklər və yeniliklərin olacağını da istisna etmirik. Maşının çəkisinin azaldılması da əsas məsələlərdəndir və indiyə qədər bu sahədə bir sıra işlər görülüb”.

Braun Azərbaycan Qran-prisi haqda da fikirlərini açıqlayıb. Onun sözlərinə görə, apreldə Bakıda keçiriləcək 3-cü yarışda bəzi texniki dəyişikliklər ediləcək. O, paytaxtımız və Bakı Şəhər Halqası ilə bağlı təəssüratlarını da bidirib:
“İlk dəfədir Bakıya gəlirəm. Bakı çox gözəl şəhərdir. Şəhər Halqası ilə tanışlıq məndə xoş təəssürat oyatdı. Belə bir möhtəşəm halqanı yaradıb ərsəyə gətirdiyiniz üçün sizə minnətdaram. Bakı şəhər treki möhtəşəmdir və burada yaradılan şərait məni valeh etdi. Yarışın yüksək səviyyədə və uğurla keçiriləcəyinə inanıram. Bu yarışlar dünya çempionatı olduğu üçün burada böyük rəqabətdən söz açırıq. Belə rəqabətin isə hər bir ölkədə aparılması vacibdir”.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında