“Könüllülərimiz bu mötəbər yarışda böyük uğura imza atacaqlar”

Bakıda artıq ikinci dəfə keçirilən “Formula-1” yarışlarında könüllülərimiz böyük coşqu ilə şərəfli missiyalarını yerinə yetirməyə başlayıblar. “Odlar yurdu”nun paytaxtı bütün dünyaya qucaq açarkən buraya təşrif buyuranlar Heydər Əliyev adına Hava Limanından gözəl paytaxtımızın müasir infrastrukturu ilə yanaşı, onları xoş üzlə qarşılayan könüllülərin simasında Azərbaycan gəncliyi ilə də tanış olmaq imkanı qazanırlar.

Bu gənclərin hər biri qonaqlara ölkəmizin tarixi, görməli yerləri, xalqımız barədə ən geniş məlumatı verməyə hazırdır. Hər kəs onların daxili enerjisini duyur, yüksək vətənpərvərliyindən zövq alır. Ölkəmizdə könüllülüyün ən böyük nümunəsini ilk Avropa Oyunlarında görmüşdük və bu ənənənin yüksək səviyyədə “Formula-1” Avropa Qran-prisində, daha sonra IV İslam Həmrəyliyi Oyunlarında davam etməsini görmək xoş idi.

Azərbaycan Prezidenti İlham Əliyevin gənclərimiz haqqında səsləndirdiyi fikirlər - “Oyunların keçirilməsinin yükünün böyük hissəsi onların üzərinə düşmüşdü. Könüllülər bir daha onu göstərdi ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var” – könüllü gənclərimizə verilən ən böyük qiymət idi.

“Bakı Şəhər Halqası” (BŞH) Əməliyyat Şirkətinin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova Bakıda sayca ikinci olan “Formula-1” yarışlarında könüllülərimizin böyük mütəşəkkillik və yüksək əhval-ruhiyyə ilə fəaliyyətə başladıqlarını dedi: “Bu mötəbər tədbirdə 3000-ə yaxın könüllü iştirak edir. Könüllülərimiz böyük mütəşəkkillik və yüksək əhval-ruhiyyə ilə fəaliyyətə başlayıblar. Keçən ildən fərqli olaraq, bu il könüllülər üçün BŞH Akademiyasını təsis etdik. Hər bir könüllümüzün fərdi inkişafında əvəzsiz rol oynayan akademiyanın təsisində əsas məqsəd “Formula-1” yarışlarının təşkilatçılığında iştirak edəcək könüllülərin hazırlığın daha peşəkar səviyyədə reallaşdırmaqdır. Akademiyada hədəflərin müəyyən edilməsi, kommunikasiya bacarıqlarının artırılması, liderlik, xarici dil kursları, layihələrin idarə edilməsi və başqa zəruri mövzularla bağlı təlimlər keçirilib ki, bu da könüllülərin şəxsi inkişafında mühüm rol oynayır. İlboyu həyata keçirdiyimiz tədbirlər gənclərimizin bacarıqlarının artırılmasında çox əhəmiyyətlidir. Könüllülər arasında bir neçə mərhələdən ibarət yarışlar təşkil edirik, ən yüksək nəticə göstərənlər komandamızla sentyabrda İtaliyada baş tutacaq Qran-pri yarışlarına gedəcəklər”.

İrimiqyaslı idman tədbirlərinə cəlb olunan gənclərin yüksək təşkilatçılıq bacarıqları qazanmaqla yanaşı, onların gələcək şəxsi inkişafının da yüksək səviyyədə təmin olunmasının əsas hədəf seçildiyini deyən İranə xanım, burada əsas məqsədin ölkənin gələcəyi üçün yüksək keyfiyyətlərə malik gənc nəsil hazırlamaq olduğunu bildirdi. “Budəfəki “Formula-1” yarışlarında könüllü kimi çalışmaq arzusu ilə müraciət edənlərin sayı çox idi. Bu, müəyyən mənada bizim məsuliyyətimizi daha da artırırdı və peşəkar işçi qüvvəsi komandası olaraq qarşımızda duran məsələ yaxşıların ən yaxşısını seçmək və onları peşəkar işçi səviyyəsinə çatdırmaq idi. Bu gün gənclərimizin savadlı, innovativ, milli dəyərləri qorumaqla qlobal dünyaya hazır olan nəsil kimi yetişməsindən qürur duyuruq.

İranə Əhmədova “Formula-1” Azərbaycan Qran-prisində könüllü gənclərimizin böyük uğura imza atacaqlarına əmin olduğunu bidirdi: “Könüllülərimiz yarış zamanı müxtəlif vəzifələrdə çalışaraq, dünyanın ən mötəbər idman tədbirlərindən olan “Formula-1”in təşkilində beynəlxalq təcrübə qazanıb, oyunun qaydalarını öyrənib, xarici mütəxəssislərlə bir komandada işləmək imkanı qazanırlar. Yarış zamanı könüllülər mütəmadi olaraq turistlər, xarici mütəxəssislərlə ünsiyyətdə olub, onlara ölkəmizin tarixi, təbiəti, beynəlxalq tədbirlərin təşkilindəki təcrübəsi və görməli yerləri haqqında məlumat verirlər. Onlar burada həm də, “Formula 1” pilotları ilə yaxından tanış olmaq imkanı qazanırlar. Bu gənclərimizin hər biri yarışların yüksək səviyyədə təşkilinə öz töhfəsini verməyə səy göstərir. Əminik ki, könüllü gənclərimiz bu mötəbər yarışda böyük uğura imza atacaqlar. 

Söhbəti qələmə aldı:
 Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında