Steven Lanq: Bu yarışda iştirak etdiyim üçün özümü şanslı sayıram

“Formula-1” Qran-prisinə az vaxt qaldıqca, həyəcan da artır. Dünyada milyonlarla azarkeşin maraqla izlədiyi sürət yarışının bütün heyəti, xüsusilə də marşallar Bakının ev sahibliyi etdiyi yarışın keçənilki kimi, böyük maraqla qarşılanacağına əmindirlər.  Azərbaycan Qran-prisində iştirak edən texniki təftiş marşalı  Steven Lanq  ikinci dəfə Bakıda bu sürət yarışında iştirak etdiyi üçün özünü şanslı sayır.

Texniki təftiş marşalı olaraq ilk dəfə 2014-ci ildə Qətərin Losail Beynəlxalq Halqasında keçirilmiş yarışda iştirak edən Steven bir il sonra Qətər MotoGP yarışı, Bəhreyndə keçirilmiş Gulf Air “Formula-1”  Qran-prisi, Əbu Dabi “Formula-1” Qran-prisi kimi yarışlarda iştirak edərək təcrübəsini artırıb. Bu il Bakıda keçirilən Azərbaycan Qran- prisi onun qatıldığı   6-cı “Formula-1” yarışıdır.

“ 2016-cı ildə Bakıda ilk dəfə keçirilmiş “Formula-1” Avropa Qran-prisində böyük həyəcanla iştirak etdim və buna görə özümü şanslı sayıram. Həmin yarış həftəsonu mən Haas  “Formula-1”  komandasının qarajında texniki təftiş marşalı olaraq fəaliyyət göstərdim. Bu, mənim Bakıya ilk səfərim idi. Hava limanına enəndən etibarən məni böyük qonaqpərvərliklə qarşıladılar və  şahid oldum ki, azərbaycanlılar dünyanın ən mehriban insanlarıdır”. – Steven   Lanq bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yayımladığı  müsahibədə bildirib.

Texiki marşal müsahibəsində çox həyəcanlı olduğunu bildirib.  Keçən il Bakıda keçirilən “Formula-1” yarışının xatirəsinə maraqlı və xoş anlarla həkk olunduğunu  qeyd edib: “Yaddaqalan anlarından biri çempionlara kubokun verilmə mərasimində iştirak etmək idi. Yarışın uğurla keçirilməsindən yaranmış böyük sevinc burada iştirak edən hər kəsin çöhrəsində əks olunurdu. Yüzlərlə üçrəngli bayrağın qürurla dalğalandırılması da bu sevincə daha böyük coşqu qatırdı. Belə bir ab-hava içərisində olmaq, sadəcə, möhtəşəm idi.  İkinci məqam o idi ki, cümə günü axşam işdən sonra yeni trekdə yürüş etdim və treki yaxından müşahidə elədim. Bu il iyunun 23-ü, cümə günü yenə eyni vəzifəni icra edəcəyəm. Haas “Formula-1”  komandası öz qarajında bolidləri və texniki heyəti ilə birlikdə mənimlə şəkil çəkdirdi. Bu, mənim üçün böyük şərəf  oldu. ”

Qədimliyi və müasirliyi özündə birləşdirən Bakını bəyəndiyini deyən Steven Lanq  trekin özəllikləri barədə də danışıb: “Bakı çox maraqlı və modern olmaqla yanaşı, tarixi bir şəhərdir. Eynilə trek də uzun sürətlənmə düzlükləri və qala divarlarının yanından keçən darısqal  və dolanbac  hissəsi ilə tamaşaçıların zövqünü oxşayır. Bakı Şəhər Halqası  “Formula-1”-in builki təqvimində yer alan treklər içərisində ikinci ən uzun trekdir və bu baxımdan,  əminəm ki, sürücülərlə yanaşı, azarkeşlər də Bakı rallisini  mövsümün ən baxımlı yarışlarından biri hesab edirlər”.

Stevenin  sözlərinə görə, ötənilki yarışda marşallar işlərini yüksək səviyyədə yerinə yetirdilər, eyni zamanda, yaxşı əyləndilər. Marşal   yarışdan zövq almaqla yanaşı, həm də Bakının gəzməli-görməli yerləri ilə daha yaxından tanış olmaq arzusundadır: “Ötən il mən Qətərdəki bəzi zəruri işlər səbəbindən Bakıda  az müddət  qala bildim. Lakin bu il mən yarış həftəsonundan bir neçə gün əvvəl gəlirəm ki, Bakı ilə, onun tarixi və müasir arxitekturası ilə yaxından tanış olum. Yeri gəlmişkən deyim ki, ixtisasca memaram. Bundan başqa, texniki təftiş komandasının üzvləri ilə görüşməyi və onlarla ötənilki yarışın xatirələrini bölüşməyi səbirsizliklə gözləyirəm. “

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında