Postsovet məkanında Rusiyadan sonra “Formula–1” Qran-prisinin təşkilatçısı rolunda çıxış edən ikinci ölkə Azərbaycan öz tarixində ikinci dəfə “Kral yürüşləri”nin iştirakçı və qonaqlarını qəbul edir. Əgər bir il əvvəlki yarış “Formula–1” Avropa Qran-Prisinin Bakı mərhələsi adlanırdısa, indiki yürüşlərin iştirakçıları Azərbaycan Qran-prisi uğrunda mübarizə aparacaqlar.
Artıq bütün dünyada yekdilliklə etiraf olunduğu kimi, böyük beynəlxalq yarışlar məkanına çevrilmiş Bakı, Azərbaycan bu gün yüksək inkişaf dövrü yaşayır. Ən müxtəlif sahələrə aid mötəbər beynəlxalq tədbirlər, o cümlədən idman yarışları bütün planetdə ölkəmizə böyük nüfuz gətirir, hər yerdə Azərbaycana rəğbət hissi getdikcə daha da artır.
Ötənilki yarışlarda etimadı şərəflə doğruldub “Formula–1” ailəsində özünə layiqli yer edən Azərbaycan ən mürəkkəb sınaqları da məharətlə təşkil edib idman təşkilatçılarımızın nəyə qadir olduqlarını bir daha inamla sübuta yetirdi. Paytaxtımızda yüz minlərlə sakinin, xüsusən də avtomobil idmanı pərəstişkarlarının böyük maraq və xoş bir həyəcanla izlədiyi yürüşlər Azərbaycan idmanı tarixində yeni səhifə açdı. Əgər 2016-cı ilin iyun ayına qədər idman həvəskarlarımız “Formula–1” həyəcanını əsasən teleekran qarşısında yaşamışdılarsa, indi biz dünyanın ən məşhur pilotlarının çıxışlarını canlı izləmək və bundan böyük zövq almaq imkanı qazanırıq.
Təbii ki, ötən il yüksək sürət ustaları da Bakıda onlar üçün yaradılan şəraitdən, səmimi qəbuldan, yarış məsafəsindən məmnun qaldılar və şəhərimizi razılıq hissi ilə tərk etdilər. Mercedes komandasının pilotu Luis Hemilton, Renautda çıxış edən Kevin Maqnussen kimi mahir yürüşçülər startlara böyük həvəslə çıxdıqlarını bildirirdilər. “Formula–1” ölkəmizin tarixinə yeni parlaq səhifə yazmışdı. Dünya Azərbaycan paytaxtının daha bir çətin sınaqdan şərəflə çıxdığının şahidi olmuşdu–187 ölkədə 500 milyondan çox insan fədakar sürət ustalarının gərgin mübarizəsini hədsiz maraqla izləmişdi və bu startlar dünyanı Azərbaycana daha sürətlə yaxınlaşdırmışdı.
“Formula–1” ailəsinin ən gənc üzvü Bakı şəhəri Fernando Alonso, Niko Rosberq, Serxio Peres, Daniil Rikardo, Daniel Kvayt, Luis Hemilton, Fernando Alonso kimi məşhur yürüşçülərin yarışını ən yüksək səviyyədə, mükəmməl şəkildə təşkil etmişdi və buna mükafat olaraq həmin yürüşlərin şahidləri möhtəşəm bir bayram yaşadılar. Yarışın qalibi, Mercedes komandasının üzvü N. Rosberqin böyük qələbədən dərhal sonra söylədiyi bir fikir yerinə düşmüşdü:–Bu çox gözəl istirahət günləri idi. Belə qonaqpərvərliyə görə Bakıda hamıya minnətdaram. Burada gözəl trek var. Mənim üçün hər şey nəzərdə tutduğum kimi getdi və bu çox yaxşıdır. Mən qələbəmdən böyük zövq alıram...
Bakıya yenicə ayaq açan “Formula–1” Azərbaycan dövlətinin qüdrətinin növbəti təntənəsinə çevrilmişdi. Təşkilatçıların yüksək səviyyədə həyata keçirdikləri hazırlıq işləri, iştirakçı və qonaqların minnətdarlıq bildirən ifadələri qəlbləri riqqətə gətirmiş, xoş duyğular oyatmışdı.
Mürəkkəb məsafədə, sərt döngələrdə yüksək sürət, böyük diqqət, mübarizlik, ali peşəkarlıq tələb edən yarışın davam etdiyi üç gün ərzində dünya televiziyanın böyük imkanları sayəsində Bakı ilə yaxından tanış olmaq imkanı qazandı.
Bir sözlə, bir il əvvəl Bakı bütün yarışlar kimi, “Formula–1”-ə də lazımi səviyyədə, ad-sanına layiq, böyük qonaqpərvərlik və yüksək məsuliyyət hissi ilə ev sahibliyi etdi, Mercedes, Ferrari, Uilyams, Force İndia, Red Bull, Maklaren maşınlarını və bir-birindən məşhur pilotları ölkəmizə gətirdi.
Bu gün, 2017-ci il iyunun 23-də isə “Kral yürüşləri” Azərbaycan paytaxtında ikinci dəfə starta çıxır. İndiki yarış iştirakçılarının son günlər verdikləri müsahibələrdən artıq bildiyimiz kimi, onların hamısı, bütün komandalar Azərbaycan kimi gözəl ölkə ilə yeni görüşü səbirsizliklə gözləmişlər. Onlar avtomobil idmanı pərəstişkarlarımıza həyəcan və sevinc dolu gərgin anlar yaşatmağa hazırdırlar.
Birinci Avropa Oyunları, “Formula–1”-in Bakı mərhələsi, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunlarından sonra ölkəmizdə keçirilən ən böyük beynəlxalq yarışların siyahısı durmadan genişlənir, Azərbaycana gündən-günə daha yüksək etimad göstərilir.
“Formula-1” Avropa Qran-prisinin Azərbaycan mərhələsinin açılışı ərəfəsində Renaut komandasının üzvü Colion Palmerin iki-üç gün əvvəl mətbuata söylədiyi bir fikri də qeyd edək: Pilot üçün divarların yanından sürətlə şütüməkdən yaxşı heç nə yoxdur...
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.