Sabahdan başlayaraq üç gün ərzində yenidən dünyanın diqqət mərkəzində olacaq Bakıda “Formula–1” Azərbaycan Qran-prisinin iştirakçıları paytaxtımıza səfər ərəfəsində qarşıdakı startlardan gözləntiləri və öz hazırlıqları barədə fikirlərini bildirməkdə davam edirlər. Bugünkü qeydlərimiz autosport.com.ru portalının pilotların çıxış etdikləri maşınların mətbuat xidmətlərinə istinadla yaydığı materiallar əsasında hazırlanmışdır.
Felipe Massa: Azərbaycan kimi gözəl ölkəyə qayıdacağım günü səbirsizliklə gözləyirəm
Uilyams maşınının pilotu Felipe Massa deyib ki, mən Azərbaycan kimi gözəl ölkəyə və şəhərin lap mərkəzində yerləşən unikal məsafəyə qayıdacağım günü səbirsizliklə gözləyirəm. Məsafədə 90 dərəcəli döngələr çoxdur, baş yol olan uzun düz yolda isə çox yüksək sürətə nail olunur.
F. Massa daha sonra bunları əlavə edib:– Ümidvaram ki, iki həftə əvvəl Kanadadakı çıxışımızdan sonra Bakıda yaxşı nəticəyə nail ola biləcəyik.
Braziliyalının komanda yoldaşı, “Formula–1”-in debütantı Lens Stroll isə bunları deyib: –Mən əvvəllər heç vaxt Bakıda olmamış və ötənilki yürüşü görməmişəm. Ona görə ki, həmin yarış günlərində başqa seriyanın mərhələ startlarında çıxış edirdim.
Hələlik bilmirəm qarşıdakı yürüşdən nə gözləyim. Mən simulyatorda işləməmişəm. Çünki adətən bunu bilavasitə Qran-priyə yola düşməzdən əvvəl edirəm.
Eşitdiyimə görə həmin yerlər gözəl yerlərdir. Buna öz təcrübəmdə əmin olmaq imkanını səbirsizliklə gözləyirəm. Məni daha bir ölkə və tras gözləyir. Bir neçə növbəti yürüş mənə artıq tanış olan treklərdə keçiriləcək.
Serxio Peres: Bakıda ötənilki yürüş haqqında məndə gözəl xatirələr qalıb
Force İndia maşınının pilotu meksikalı Serxio Peres müsahibəsində bildirib ki, Kanada Qran-Prisindən sonra çox söhbət olmuş, çox fikir söylənilmişdi. Lakin mən şadam ki, Force İndia bizə yürüşü komanda taktikası olmadan keçirməyə imkan verdi. Mən həmişə komanda üçün maksimum yüksək nəticəyə can atmışam və çıxışımızla fəxr edirəm. Mən pozitiv əhvaldayam. Bizim maşınımız Monrealda çox sürətli idi. Bu, Bakıda uzun düz yolları və intensiv əyləcləmə zonaları olan trasda yürüş ərəfəsində yaxşı əlamətdir.
Mənim şəhər traslarından həmişə xoşum gəlib. Komanda son həftələr böyük hazırlıq işi görür. Ona görə də biz qarşıdakı istirahət günlərində yaxşı formada olmalıyıq.
Bakıda ötənilki yürüş haqqında məndə gözəl xatirələr qalıb. Ötürücü qutunun dəyişdirilməsində aldığım cərimənin əvəzini çıxmaq və podiuma qalxmaq çox yaxşı olardı. Bu, “Formula–1”-də mənim ən yaxşı mərhələlərimdən biri idi. Əgər bu dəfə biz yenə yaxşı temp göstərsək, böyük xallar uğrunda mübarizə aparmağa cəhd göstərmək mümkün olacaq.
Meksikalının komanda yoldaşı Esteban Okon üçün trasda çıxışları Bakıda birinci təcrübə olacaq. Monrealda podium uğrunda mübarizə aparmaq və komandamızın nə dərəcədə rəqabətqabiliyyətli olduğunu görmək qürurverici idi.
Məni daha bir yeni məsafə gözləyir. Onu mümkün qədər tez öyrənməyə çalışacağam. Mən Bakıda trasda simulyatorda getmişəm. Ona görə də deyə bilərəm ki, ev tapşırığını yerinə yetirmişəm.
Bakı “Formula–1” yürüşlərinin keçirilməsi üçün çox yaxşı yerdir. Şəhər mərhələlərində həmişə xüsusi bir atmosfer hökm sürür. Bu həqiqətən valehedici şəhərdir. Ötən il mən ətrafda, elə trasın özündə də bir qədər gəzişə bildim. Amma hələ orada pilotluq etməmişəm.
Paskal Verlyayn: Bakı trasında uğurun əsas amilləri çevik tərpəniş və maksimum sürətdir
Sauber maşınının yürüşçüsü Paskal Verlyayn Bakıda sükan arxasına qayıdacağı anı səbirsizliklə gözləyir. O bildirmişdir ki, ötən il Azərbaycanda yürüş bizim hamımız üçün çox maraqlı oldu. Axı orada “Formula–1” Qran-Prisi ilk dəfə keçirilirdi. Məsafənin konfiqurasiyasını nəzərə almaqla Bakıda uğurun əsas amilləri çevik tərpəniş və maksimum sürət yığmaqdır.
Almaniyalı yürüşçünün komanda yoldaşı Markus Eriksson isə bunları əlavə edib:–Bizi Bakıya ikinci səfər gözləyir. Bu, kifayət qədər cəlbedici yerdir, uzun və düz yoldan ibarət şəhər trası və yaxşı bəndləri olan döngələr marağı daha da artırır.
Ötən il asfaltda yüksək temperatur təkərlərin işinə təsir etdi, məncə, bu dəfə də şərait elə həminki kimi olacaq. Komandamızın məqsədi dəyişməyib–biz maşını yaxşılaşdırmaq işini davam etdirməliyik.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.