Pilotlar “Formula–1” Qran-Prisinin Azərbaycan mərhələsini səbirsizliklə gözləyirlər

Əvvəlcə autosport.com.ru portalının yenicə yaydığı bir xəbəri diqqətinizə çatdırıb bildirək ki, Ümumdünya Avtomobil İdmanı Şurası 2018-ci il mövsümü üçün “Formula–1” Qran-Pri çempionatının təqvimini açıqlayıb. Gələn il “Kral yürüşləri” 21 mərhələdən ibarət olacaq. Bakı mərhələsi aprelin 29-da keçiriləcək. Yürüşlər martın 25-də Avstraliyanın Melburn şəhərində starta çıxacaq, finiş  noyabrın 25-də Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) olacaq.

Hələlik isə biz “Formula–1” Avropa Qran-Prisi-2017-nin Azərbaycan mərhələsi ərəfəsindəyik. Ötən ildən “Formula–1” ailəsində özünə layiqli yer etmiş Azərbaycan tezliklə, iyunun 23-dən 25-dək paytaxtımızda keçiriləcək ikinci yürüşə də səylə hazırlaşmışdır və qarşıdakı startların iştirakçılarını, qonaqları, bütün turistləri ən yüksək səviyyədə qəbul etməyə tam hazırdır.

Qran-Pri iştirakçıları da öz növbələrində Azərbaycan paytaxtında startları səbirsizliklə gözləyirlər. Dünyanın məşhur pilotları bu günlər yuxarıda xatırlatdığımız portala müsahibələrində bu barədə razılıq hissi ilə söhbət açırlar.

Məsələn, Red Bull komandasının üzvü Maks Ferstappen deyib:

– Məncə, Bakıdakı məsafə bütün çempionatda çox geniş və eyni zamanda ən dar seksiyalara görə unikal şəhər məsafəsidir. Deyək ki, Bakıdakı ikinci sektor əvvəllər çox dar hesab edilən Monakodakı bir sıra döngələr kimidir.

Köhnə şəhərdə startlar və qəsrin yanından keçməklə yürüş iştirakçılar üçün xüsusi bir çağırışdır, amma burada azarkeşlər maraqlı mənzərələrdən əsl zövq ala bilərlər. Bu mənim sevimli məsafəmdir. Sonsuz düz məsafədə isə bir qədər istirahət etmək olar.

Yeni inşa edilmiş əla otelin düz padokun yanında yerləşməsi sayəsində ötən il mən paytaxtda yaxşı gəzə bilmədim. Köhnə şəhərdə gəzməkdən xoşum gəlir. Ona görə də axşamlar vaxt tapıb Bakının digər görməli yerləri ilə tanış olmaq lazımdır.

M. Ferstappenin komanda yoldaşı Daniel Rikkardo da Azərbaycanda vaxtını təkcə “Formula–1”-ə həsr etmək fikrində deyil. Avstraliyalı yürüşçü deyib ki, hər halda, bu il mən bu şəhəri öyrənmək istəyirəm. Trasın yaxınlığında bizim rahat otelimiz var. Lakin belə şəraitdə yerin özünü hiss etmək olmaz. Otelin yuxarı mərtəbələrindən görünən mənzərələri ayrıca qeyd etmək lazımdır. İdman zalından unikal trasla birlikdə bütün şəhəri görmək mümkündür. Məsafənin özü mənim xoşuma gəlir və bir daha bu yolda şütüyəcəyim anları həyəcanla gözləyirəm. Lakin Bakı trası bizim avtomobilə o qədər də uyğun deyil. Buradakı döngələr kənardan göründüyü kimi çox dardır, bir çox döngələr isə bizim təqvimdəki döngələrdən heç birinə bənzəmir.

Qəsrin yanındakı seksiya təkrarolunmaz seksiyadır, amma çox mürəkkəbdir. Əvəzində düz yolda tam konsentrasiya tələb edən çətin döngələrdən sonra düşünmək və istirahət etmək üçün vaxt var.

Haas maşınının yürüşçüləri də Azərbaycan Qran-Prisi ərəfəsində Bakıda şəhər trasının xüsusiyyətləri haqqında fikirlərini bildirmişlər.

Komandanın üzvü Roman Qrojan deyib:

– Məsafənin ən çətin hissəsi sona yaxın olan hissədir, həmin hissədə qəsrin yanından keçmək lazımdır, sonra yuxarı qalxmaq, daha sonra aşağı düşmək və axırda da son iki döngəni qət etmək tələb olunur. Orada həmişə mürəkkəb vəziyyət yaranır. Lakin bu, trasda mənim xoşladığım hissədir. Bu döngələrdə yaxşı balans və düzgün əyləcləmə vacib şərtdir. Bu zaman hər şey yaxşı alındıqda təsəvvürolunmaz bir duyğu yaşayırsan.

R. Qrojanın komanda yoldaşı Kevin Maqnussen isə öz fikrini belə ifadə edib:

– Yüksək sıxıcı güc sayəsində bu il biz döngələri sürətlə keçəcəyik. Lakin düz yol uzun olduğu üçün digər traslardan fərqli olaraq ötənilki maşınlardan o qədər də çox sürət göstərə bilməyəcəyik.

İkinci sektorda bizim üçün çətin olacaq. Həmin sektorda dar döngələri yavaş keçmək lazımdır. Orada asanlıqla səhv etmək olar, amma bu yer mənim xoşuma gəlir.

Bakı treki Montsa və Monako treklərinin qarışığıdır, bu isə çox qeyri-adidir. Mən bu yürüşü səbirsizliklə gözləyirəm...

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında