Üçgünlük sürət yarışında azarkeşləri nə gözləyir?

“Formula-1”  Azərbaycan Qran-Prisində tamaşaçıları həyəcanlı anlar və maraqlı əyləncələr  gözləyir. Artıq azarkeşlərin səbrsizliklə gözlədiyi “Formula-1” Azərbaycan Qran-Prisinin əyləncə proqramı hazırdır. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən  verilən məlumata görə, proqram müxtəlifliyinə və zənginliyinə görə seçilir. Cədvələ əsasən, tamaşaçıların Dənizkənarı Bulvar ərazisində yerləşən “Formula-1” şəhərciyi və əyləncə zonalarına girişinə iyunun 22-də saat 14:00-dan etibarən icazə veriləcək, 23-25 iyun tarixlərində isə tamaşaçılar bu məkanlara səhər saat 10:00-dan etibarən daxil ola biləcəklər. “Formula-1” şəhərciyi və əyləncə zonaları axşam saatlarında dünya ulduzlarının iştirakı ilə keçirilən konsert proqramları başa çatanadək fəaliyyət göstərəcək.

Bakı Şəhər Halqasının kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim yarış həftəsi ərzində konsert proqramları ilə yanaşı, müxtəlif əyləncəli tədbirlərin də  keçiriləcəyini açıqlayıb: “Biz bu il qarşınıza daha zəngin əyləncə proqramı ilə çıxaraq, sizə möhtəşəm bayram əhval-ruhiyyəsi yaşadacağıq. Əyləncə zonalarında təşkil olunmuş müxtəlif növ proqramlarda iştirak edərək yarış həyəcanını əyləncə coşqusu ilə birlikdə yaşaya biləcəksiniz. Burada, həmçinin siz “Formula-1” dünyası ilə yaxından tanış olaraq ailənizlə birlikdə bir-birindən əyləncəli tədbirlərə qatılmaq imkanına sahib olacaqsınız. Hamınızı əyləncə zonalarında baş tutacaq rəngarəng tamaşalarda əylənərək, yarış həftəsonunu zövqlə yaşamağa dəvət edirik.”

 

“Formula-1”  şəhərciyi  maraqlı proqram  vəd edir

 

Dördgünlük bilet alan tamaşaçılar 22 iyunda saat 19:00-dan 20:30-dək Pit Yolu gəzintisində iştirak edə biləcəklər. Yürüş zamanı tamaşaçılar Pit Yoluna daxil olaraq F1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olacaqlar. Pit Yolu gəzintisi üçün giriş “Formula-1” şəhərciyində Abşeron tribunasının yanında olacaq.

Bundan başqa, “Formula-1” şəhərciyində Azərbaycan Qran-Prisində mübarizə aparan bütün pilotların iştirakı ilə avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla üz-üzə görüşərək şəkil çəkdirə və onlardan avtoqraf ala biləcəklər. 

Eyni zamanda, tamaşaçılar Dənizkənarı Bulvar ərazisində yerləşən oyun zonalarında quraşdırılmış simulyatorlarda sürücülük bacarıqlarını sınayacaq,  Pit-stop yarışında iştirak edərək, əyani şəkildə “Formula-1”  təcrübəsinə yiyələnə biləcəklər.

 

Azərbaycan mədəniyyətinin  inciləri bir arada

 

Dənizkənarı Bulvar zonasında salınan Azərbaycan mədəniyyəti guşəsində avtoidman həvəskarlarına müxtəlif məşğələlər vasitəsilə Azərbaycan xalqının milli ənənələri və incəsənət nümunələri, o cümlədən  xalçaçılıq, dulusçuluq, nəqqaşlıq və oyma sənətinin incəlikləri təqdim olunacaq. Tamaşaçılar onlar üçün burada təşkil olunan atelyelərdə arzuladıqları sənət üzrə öz bacarıqlarını sınaya biləcəklər.

 

Bir-birindən zövqlü səyyar şoular

 

Əyləncə zonaları boyunca səyyar məzhəkəçi-aktyorların tamaşaları təqdim olunacaq. Burada keçiriləcək səyyar tamaşalara akrobatlar, Spandy Andy, robotlar, pantomima aktyorları və ağacayaqlıların orijinal tamaşaları, şar, köpük və velosiped şouları, eləcə də digər maraqlı nömrələr daxildir.

 

Azyaşlılar da unudulmayıb

 

Yarış həftəsonunun ən balaca qonaqları üçün xüsusi sürücülük məktəbi təşkil olunacaq. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcəklər. Bundan başqa, azyaşlı tamaşaçılar onlar üçün  təşkil olunmuş interaktiv və təlim  oyunlarında iştirak edərək hərtərəfli şəkildə əylənə biləcəklər.

 

Parklarda əyləncə  saatları

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Sahil və Sabir parklarına aşağı qiymətə biletlər təklif edir. Bu biletlər yalnız bu parklara daxil olmağa imkan verəcək. Burada əyləncə tədbirləri iyunun 23-də saat 11:30-dan 19:30-dək, iyunun 24-də saat 11:00-dan 19:00-dək və iyunun 25-də saat 11:00-dan 14:00-dək davam edəcək. Bu zonalarda tamaşaçılara nağara şousu, müxtəlif ölkələrin milli rəqsləri və məşhur yerli DJ-lərin çıxışları təqdim olunacaq.

“Formula-1” Azərbaycan Qran-Prisinin fəxri ulduzları isə iyunun 23-də Türkiyənin məşhur müğənnisi Tarkan, yarışın ikinci günü “The Black Eyed Peas” qrupu və Nikol Şerzinger, üçüncü gün isə tanınmış ulduz Meraya Keri olacaqlar.

Möhtəşəm konsert şousunda azarkeşlər dünya ulduzlarının ifalarını canlı dinləyəcək, mahnılarından zövq ala biləcəklər.

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında