Fernando Alonso və Stoffel Vandurnun şəxsi əşyaları “Hilton”da

Məni müşayiət edən otelin xanım işçisi nəzakətlə qapını göstərdi. “Buradırmı o məşhur otaq?”– deyə gülümsündüm. İçəri girəndə, həqiqətən, özümü “Formula-1”in ab-havasında hiss etdim. Xüsusi zövqlə bəzədilmiş otaqda hara baxırdınsa, “Formula-1”-i xatırladırdı. Divarlarda keçən il “Formula-1 “ Avropa Qran-prisinin xoşməramlı səfiri olmuş “McLaren-Honda” heyətinin pilotu Fernando Alonso və Stoffel Vandurnun şəkilləri asılmışdı.

 “ Bu otaq McLaren-Honda otağıdır. Burada sərgilənən əşyalar da pilotlara məxsusdur. 2005-ci ildən etibarən McLaren-Honda və “Formula-1” heyətinin fəxri tərəfdaşı olan “Hilton” hər il yarışların keçirildiyi 17 ölkədə yerləşən mehmanxanalarından birində “Formula-1” azarkeşləri üçün xüsusi yarış otağı hazırlayır. Bakı Şəhər Halqasının uğurlu fəaliyyəti və “Formula-1” həvəskarlarının 2017-ci il Azərbaycan Qran-prisinə artan marağını nəzərə alaraq, bu il sözügedən layihə üçün məhz Bakı şəhəri seçilib. Yarışların ən öncül simalarının daim seçdiyi məkan olan “Hilton” bu uğurlu tərəfdaşlığı qeyd etmək və “Formula-1” Azərbaycan Qran-prisini daha geniş auditoriyaya tanıtmaq məqsədilə fanat turistlərə xüsusi McLaren-Honda dizaynlı otaqda gecələmək imkanı yaradır. Düşünürəm ki, bu “Formula-1” fanatları üçün əla bir fürsətdir,” –deyə məni yarış otağı ilə tanış edən “Formula-1” Bakı Şəhər Əməliyyat Halqasının əməkdaşı bildirdi.

Həqiqətən də otaq “Formula –1” azarkeşləri, xüsusilə də mənim üçün əvəzedilməz məkan idi. Otağın hər bir guşəsi pilotların istifadə etdikləri orijinal əşyalarla bəzədilmişdi. Qapıdan içəri girər-girməz ilk diqqətimi küncdə qoyulmuş Pirelli təkərləri cəlb etdi.

Fanatı olduğum məşhur “Formula-1” pilotu Fernando Alonsonun yarış uniforması və başlığını görmək isə ayrı bir həyəcanlı an idi. Divanda oturub masanın üzərindəki qalın kitabı vərəqləyirəm. “McLaren-Honda” heyətinin iştirak etdiyi yarışlar haqqında geniş məlumatlar, pilotların uğurları, iştirak etdikləri yarışlardan fotolar diqqətimi cəlb edir. Şkaflarda səliqə ilə asılmış hamam xalatlarında belə Alonso və Vandurnun adları var. Yataq örtükləri də ”ağ-qara rənglərlə birgə “Formula-1” dizaynındadır.

Yarış otağı təkcə dizaynı ilə deyil, şəhərə açılan mənzərəsi ilə də fərqlənir. İstənilən “Formula-1” azarkeşinin xəyallarını bəzəyəcək bu otaq, həmçinin yarışın Pit binası və Bakı Şəhər Halqasına açılan möhtəşəm mənzərəsi ilə seçilir.

Otağı icarəyə götürmək istəyən yarış həvəskarları yüksək adrenalin dolu “Bakı 2017 Formula-1” həyəcanını, pitstop əməliyyatlarını, startdakı qrid düzülüşünü və finiş xəttini birbaşa görə biləcəklər.

Odur ki, “Formula-1” yarışlarının həvəskarları “McLaren-Honda” otağında gecələmək imkanını əldə edə bilərlər. Bu imkan “Hilton” brendinin Hilton Honors sadiqlik proqramına üzv olan turistlər üçün təklif olunub və dünyanın hər bir yerindən milyonlarla turistə “Bakı 2017 Formula- 1” Azərbaycan Qran-prisini tanıtmaq üçün daha bir imkan yaradır.

Bu layihə, həmçinin ölkəmizin turizm potensialını “Formula-1” azarkeşlərinə təqdim etmək, onları yarışı burada izləməyə həvəsləndirmək məqsədi daşıyır.

...Bir anlıq “Formula-1” yarış otağının aurasına çox qapılsam da, artıq getmək vaxtı idi. Əminəm ki, bu yarış otağını sifariş edib qalacaq şanslı azarkeş Bakının ev sahibliyi etdiyi “Formula-1” Azərbaycan Qran-prisini izləməklə, yarışın həyəcanını hiss edəcək, həm də qonaqpərvər, qədim və müasir Bakının gözəlliyindən zövq alacaq.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

Fotolar müəllifindir


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında