Dünyanın 45-dən çox ölkəsinin tanınmış güllə atıcıları Qəbələyə toplaşıb

Qəbələdə güllə atıcılığı üzrə Dünya Kuboku yarışlarının rəsmi açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə iyunun 6-dan 14-dək Qəbələ rayonunda keçiriləcək olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının rəsmi açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzində keçirilən mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Beynəlxalq İdman Atıcılıq Federasiyasının və 45 ölkənin atıcılıq federasiyalarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, “Qəbələ” Atıcılıq Klubunun vitse-prezidenti Elvin İsmayılov çıxış ediblər. Natiqlər Azərbaycanda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, Prezident İlham Əliyev tərəfindən idmançılara göstərilən diqqət və qayğıdan, qazanılan uğurlardan danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Elvin İsmayılov bildirib ki, Azərbaycan artıq 4 ildir olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarına uğurla ev sahibliyi edir. Bu, respublikamızın dinamik inkişaf edən idman ölkəsi kimi tanınmasına və Olimpiya hərəkatına qoşulmasına böyük təkan verir. “Prezident İlham Əliyevin yaxından dəstəyi ilə ölkəmizdə uğurlu idman siyasətinin reallaşdırılması nəticəsində I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları məhz Azərbaycanda keçirilib. Respublikamızda keçirilən ən böyük idman tədbirlərindən hesab olunan güllə atıcılığı üzrə Dünya Kuboku yarışlarının paytaxtdan kənarda, Qəbələdə təşkil edilməsi isə Azərbaycanda aparılan uğurlu idman siyasətinin nailiyyətlərindəndir. Ümid edirəm ki, ənənəvi olaraq keçirilən bu yarış Qəbələnin dünyada tanınmasına böyük töhfə verəcək. Beynəlxalq İdman Atıcılıq Federasiyası Qəbələdəki Stend və Ox Atıcılığı Kompleksinin maddi-texniki bazasını yüksək qiymətləndirərək hər il Dünya Kuboku yarışlarının seçmə mərhələsinin və final görüşlərinin Azərbaycanda keçirilməsinə qərar verir. Bu, çox sevindirici haldır. Bu gün dünyanın 45-dən çox ölkəsinin tanınmış atıcıları Qəbələyə toplaşıb. Ümid edirəm ki, yarışlar yüksək səviyyədə başa çatacaq”.

Beynəlxalq İdman Atıcılıq Federasiyasının məsul işçisi, atıcılıq üzrə Dünya Kuboku yarışlarının texniki direktoru Piter Anderhel çıxış edərək bildirib ki, ötən 4 il ərzində Qəbələdə keçirilən atıcılıq üzrə Dünya Kuboku və Qran-pri yarışları çox yüksək səviyyədə təşkil olunub: “Biz bu mötəbər yarışları yaxından izləyirik və deyə bilərəm ki, artıq Azərbaycanın böyük yarışları təşkil etmək təcrübəsi var. Bilirəm ki, ölkənizdə idmana dövlət səviyyəsində yüksək qayğı göstərilir”.

Rəsmi açılış mərasimində qeyd edilib ki, Dünya Kuboku yarışları 2017-ci ildə Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarış hesab olunur.

Dünya Kuboku uğrunda yarışların 4 mərhələsi ilin əvvəlindən bəri Almaniya, Hindistan, Kipr və Meksikada keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə Dünya Kuboku uğrunda növbəti mərhələdə iştirak etmək hüququ qazanıblar. Yarışların Qəbələ mərhələsinə iyunun 8-də Qəbələ Stend və Ox Atıcılığı Kompleksində start veriləcək. İyunun 14-dək davam edəcək yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparacaqlar. İdmançılar tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq hədəfi vurmaq uğrunda bacarıqlarını nümayiş etdirəcəklər. Yarışların final mərhələsi isə bu ilin oktyabrında Hindistanda keçiriləcək.

Çıxışlardan sonra yarışların rəsmi açılışı elan edilib və Beynəlxalq İdman Atıcılıq Federasiyasının himni səsləndirilib.

Tədbir konsert proqramı ilə davam etdirilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında