İdman

İkiqat prinsipial oyun

 

Azərbaycan milli futbol komandası çox mühüm bir oyun ərəfəsindədir. Final mərhələsi gələn il Rusiya stadionlarında keçiriləcək dünya çempionatı seçmə yarışlarının ikinci dövrəsi başlanır. Artıq iki gündən sonra futbolçularımız bu turnir çərçivəsində altıncı oyunlarında mübarizə aparacaqlar. Çox prinsipial görüşdə rəqibimiz Şimali İrlandiya komandasıdır. İyunun 10-da saat 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlanacaq oyunu Xavyer Estradanın başçılığı ilə ispaniyalı hakimlər briqadası idarə edəcəkdir.

Elə həmin axşam Azərbaycan komandasının çıxış etdiyi “C” qrupunda daha iki oyun olacaq. Birinci dövrədə turnir məsafəsində itkisiz irəliləmiş Almaniya
(15 xal) yarışın ikinci yarısına sıfır xalla başlayan San-Marino yığmasını qəbul edəcək, Norveç futbolçuları isə öz meydanlarında çexiyalı rəqiblərini sınağa çəkəcəklər.

Seçmə yarışlarının birinci dövrəsindən sonra millimizin, əvvəlki illərdən fərqli olaraq, qrupda finişə ikinci çatıb, ilk dəfə dünya çempionatının final turnirinə vəsiqə qazanmaq imkanını özündə saxlaması qarşıdakı oyuna marağı qat-qat artırır. Avstriyadan təlim-məşq toplanışından yenicə qayıtmış Azərbaycan futbolçuları birinci dövrədə Şimali İrlandiyanın paytaxtı Belfastda qeydə alınmış məğlubiyyətin əvəzini çıxmağı bacarsalar, komandamızı 2018-ci ilin yayında Rusiyada dünya çempionatında görmək ümidlərimiz artacaq.

Həqiqətən, qarşıda bizi əvvəldən axıradək gərgin mübarizə vəd edən oyun gözləyir. Bu görüş ərəfəsində Azərbaycan komandasının 7, Şimali İrlandiyanın isə
10 xalı vardır.

Azərbaycan–Şimali İrlandiya matçını gözləyərkən, son günlər milli komandalar səviyyəsində keçirilmiş bir neçə yoldaşlıq görüşünün nəticələrini də xatırladaq: Çexiya–Belçika–1:2, Danimarka–Almaniya–1:1, Malta–Ukrayna–1:0, İsrail–Moldova–1:1, Əlcəzair–Qvineya–2:1, Qətər–KXDR–2:2.

 

Çempionat finişə yaxınlaşır

 

Minskdə keçirilən kişilər arasında şahmat üzrə 18-ci Avropa çempionatı tədricən finişə yaxınlaşır.

On bir turdan ibarət yarışda yeddi turdan sonra azərbaycanlı qrossmeysterlər arasında daha yaxşı nəticə göstərərək, hərəyə 5 xal toplayan Rauf Məmmədov və Arkadi Naydiç turnir cədvəlinə başçılıq edən ispaniyalı David Gixarro Anton və ingilis David Hauelldən bir xal geri qalırlar.

Daha iki təmsilçimiz Eltac Səfərli və Nicat Abasov isə 4,5 xal toplamışlar. Dünən axşam səkkizinci turun görüşləri keçirilmişdir. Avropa çempionatının qalib və mükafatçıları iyunun 10-da məlum olacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında