İ D M A N

Azərbaycan cüdoçularının növbəti medalları

 

Tatami ustalarımız beynəlxalq meydanda növbəti medalların sevincini yaşamışlar. Azərbaycan cüdoçuları Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropanın açıq çempionatında dörd medal qazanmışlar.

İyirmi doqquz ölkədən 376 iştirakçının (244 kişi və 132 qadın) mübarizə apardığı turnirdə təmsilçilərimiz arasında ən böyük müvəffəqiyyətə 90 kq çəki dərəcəsində çıxış edən Tural Səfquliyev nail olmuşdur. Finaladək bütün rəqiblərinə qalib gələn cüdoçumuz həlledici görüşdə İsrail idmançısını da məğlubiyyətə uğradıb fəxri kürsünün zirvəsində təbrikləri qəbul etmişdir.

Hüseyn Rəhimli (73 kq), Fəqan Quluzadə (81 kq) və Uşanqi Kokauri (+100 kq) isə yalnız finalda uduzub ikinci yeri tutmuş və gümüş mükafatçı olmuşlar.

 

Millimiz dünya çempionatında oynayacaq

 

İyunun ikinci yarısında Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək qadın komandaları arasında şahmat üzrə dünya çempionatının medalları uğrunda Azərbaycan millisi də mübarizə aparacaq.

Çempionatda 10 komanda çıxış edəcək. Azərbaycan şahmatçıları Rusiya, Çin, Gürcüstan, Polşa, Ukrayna, Misir, Hindistan, ABŞ və Vyetnam yığmaları ilə görüşəcəklər.

Yığmamız dünya çempionatında baş məşqçi Fikrət Sideifzadənin rəhbərliyi ilə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova və Xanım Balacayevadan ibarət heyətlə yarışacaq.

Doqquz turdan ibarət turnirin açılış mərasimi iyunun 16-na təyin olunmuşdur. Birinci raundun görüşləri iyunun 17-də oynanılacaq, sonuncu, doqquzuncu tur isə iyunun 26-da keçiriləcək.

Xatırladaq ki, Azərbaycan komandası ötən ilin sentyabrında Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 16 xal toplayaraq, Rusiya, Hindistan, ABŞ, Vyetnam və İsrail yığmaları ilə 4-9-cu yerləri bölüşdürmüşdü. Olimpiadanın çempionu isə Çin komandası olmuşdu (20 xal). Gümüş və bürünc medalları hərəyə 17 xalla Polşa və Ukrayna komandaları qazanmışdılar.

 

Mundiala birbaşa vəsiqələrin xoşbəxt sahibləri

 

Ötən şənbə axşamı Azərbaycanın qadınlardan ibarət milli komandası voleybolçularının Bakı İdman Sarayında keçirilən dünya çempionatı seçmə yarışlarının ikinci mərhələsinin finişində Hollandiya yığmasına qalib gələrək “E” qrupundan (Azərbaycan, Hollandiya, Ukrayna, İsrail, Norveç, Danimarka) mundiala birbaşa vəsiqə qazandıqları gün dünya çempionatında iştirak edəcək daha bir xoşbəxt komanda məlum olmuşdur.

Söhbət Rusiya millisindən gedir. Bu ölkənin voleybolçuları məqsədlərinə Xorvatiyada çatmışlar. Orada seçmə mərhələnin “A” qrupunda yarışan Rusiya, Xorvatiya, Avstriya, Gürcüstan, Macarıstan və Yunanıstan yığmalarının rəqabətində Rusiya voleybolçuları inamla birinci yeri tutmuşlar.

Sonrakı günlərdə digər qruplarda Serbiya, Türkiyə, İtaliya və Almaniya komandaları da dünya çempionatına birbaşa vəsiqə qazanmışlar.

Beləliklə, 2018-ci il sentyabrın 30-dan oktyabrın 21-dək Yaponiyada keçiriləcək dünya çempionatının final mərhələsində Faiq Qarayevin başçılıq etdiyi Azərbaycan millisinin rəqiblərindən beşi artıq məlumdur.

Hələlik isə voleybolçularımız qarşıdakı payızda Azərbaycanla Gürcüstanın birgə təşkilatçılığı ilə Bakı və Tbilisidə keçiriləcək Avropa çempionatının final mərhələsinə hazırlaşacaqlar.

Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında