Bakıdan zəngin təəssüratlarla...

Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları may ayının 22-də Bakı Olimpiya Stadionunda təntənəli surətdə başa çatdı. İslam dünyasının birləşməsində və həmrəyliyində böyük əhəmiyyət daşıyan Oyunlarda iştirak etmək üçün paytaxtımıza gəlmiş atletlər, eləcə də oyunların gedişini izləmək arzusu ilə Bakıda olmuş çoxsaylı turistlər öz ölkələrinə Azərbaycan haqqında zəngin xatirələrlə qayıdırlar. Bunu görüşüb fikirlərini öyrəndiyimiz ayrı-ayrı ölkələrdən olan turistlər də etiraf edirdilər. Onların təəssüratlarını təqdim edirik.

Yavuz Selimhan GEDİK, Türkiyədən gəlmiş turist:

– IV İslam Həmrəyliyi Oyunlarını izləmək üçün Türkiyədən gəldim. Bir neçə il əvvəl Bakıda birinci Avropa Oyunlarını izləmiş dostlarım Bakının yüksək təşkilatçılıq bacarığı haqqında o qədər tərifli sözlər demişdilər ki, bu dəfə mən də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına yaxından tamaşa etmək qərarına gəldim. Əlbəttə, böyük həzz aldım. IV İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil olunmuşdu. Tədbirin açılış və bağlanış mərasimləri isə olduqca cəlbedici idi. Azərbaycan çox gözəl təşkilatçılıq nümayiş etdirdi. Bəzi yarışlara da tamaşa etdim. Çox bəyəndim. IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan və Türkiyə qələbə qazandı, birinci və ikinci yerləri bölüşdü. Bu, məni hədsiz dərəcədə sevindirdi. Nə fərqi var ki – Azərbaycan, ya Türkiyə. Biz bu qardaş ölkələrə, Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” deyirik. Hər ikisi birdir, əzizdir. Azərbaycanın qələbəsinə də Türkiyənin qələbəsi kimi baxırıq. Təki belə qələbələrimiz çox olsun! İnşallah Dağlıq Qarabağda da belə bir qələbə qazanaq!

Patrik PARK, Cənubi Koreyadan olan turist:

– Bakıdan çox zəngin təəssüratlarla qayıdırıq. Şəhərdə dostlarımla bərabər birinci dəfə olmağımıza baxmayaraq, insanlardan o qədər isti münasibət, mehribanlıq gördük ki, bunu uzun zaman unutmayacağıq. Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları, onun açılış və bağlanış tədbirləri olduqca maraqlı tamaşa kimi yaddaşımızda qalacaq. Mən bu Oyunlara tamaşa etmək üçün gəlmiş çoxlu xarici gördüm və onlar idman yarışlarının böyük əhəmiyyətindən danışırdılar. Belə gözəl yarışların təşkilinə görə Azərbaycan rəhbərliyinə, şəxsən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildirirəm.

Bakı şəhərini də çox bəyəndik, gözəl şəhərdir, xüsusilə də gecələr. Sayrışan işıqlarla bəzənmiş şəhər göz önündə bərq vurur. Azərbaycana gəlməzdən əvvəl Bakının yüksək sürətlə inkişaf etdiyi barədə ara-sıra mətbuatdan məlumatlar almışdım. Ancaq burada yeni və bir-birindən gözəl binaları, park və xiyabanları, yaşıllıqları görəndən, xüsusilə tarixi yerlərlə, əsasən də İçərişəhərlə, tarixlər şahidi Qız qalası ilə tanış olandan sonra paytaxtınıza heyran qalmaya bilmədim. İmkan düşən kimi Bakıya bir daha gəlmək arzusundayam.

Söhbəti yazdı:
 Paşa ƏMİRCANOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında