Olimpiya İdman Liseyi məzunlarının İslamiadaya töhfəsi: 10 qızıl, 3 gümüş, 2 bürünc

Dünyanın diqqət mərkəzində olan IV İslam Həmrəliyi Oyunları yüksək səviyydə başa çatdı. Ölkəmiz bununla müstəqillik tarixinə əbədi həkk olunan daha bir uğura imza atdı. 54 ölkədən 3 mindən çox idmançının iştirak etdiyi Oyunlarda Azərbaycanın 75 qızıl, 50 gümüş və 37 bürünc medal qazanaraq, komanda hesabında birinci yeri tutması hər birimizdə qürur hissi yaradıb.

İslam dünyasının ən peşəkar və güclü idmançılarının qatıldığı mübarizədə atletlərimizin bu qədər medal qazanması Azərbaycanın dünya miqyasında güclü idman dövləti olduğunu bir daha təsdiqlədi. Ölkəmizin idman sahəsində qazandığı uğurlar da bu Oyunlarda qazanılan qələbənin təsadüfi olmadığının bariz nümunəsidir.

Azərbaycan idmançıları 2015-ci ildə birinci Avropa Oyunlarında 56 medal qazanmışdır. Keçən il Yay Olimpiya Oyunlarında medalların sayı 18-ə çatdı. Bu, Azərbaycanın Olimpiya Oyunlarında iştirakının tarixində ən böyük göstəricisi olmuşdur. Bu Oyunlarda qazanılan medalların sayına görə Azərbaycan 14-cü, Avropa ölkələri arasında 7-ci, müsəlman ölkələri arasında isə 1-ci olmuşdur. Bütün bunlar İslamiadada qazanılan tarixi qələbənin çox möhkəm təməl üzərində qurulmasının nəticəsidir. Bu parlaq qələbədə

Respublika Olimpiya İdman Liseyinin məzunlarının da kifayət qədər payı olmuşdur. Lisey İslamiadaya laiyiqli töhfə vermişdir: 10 qızıl, 3 gümüş, 2 bürünc.

Qələbə münasibətilə Olimpiya İdman Liseyinin direktoru Rasim Muradovu təbrik etdik və liseyin yetirmələrinin qazandığı qələbələr barəsində ətraflı məlumat verməsini xahiş etdik.

– Əvvəlcə IV İslam Həmrəyliyi Oyunlarında yığma komandamızın qazandığı parlaq qələbə və respublikamızın 54 ölkə arasında birinci yeri tutması münasibətilə, bu qələbədə idmançılarımıza maddi və mənəvi dayaq olduqlarına, ölkəmizdə idmanın inkişafına xüsusi diqqət və qayğı göstərdiklərinə görə möhtərəm Prezidentimiz, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti, I Avropa Oyunları və IV İslam Həmrəliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Ölkəmizə gələn əcnəbi idmançılar və idman mütəxəssisləri də etiraf edirlər ki, dünyanın heç bir ölkəsində idmançılara Azərbaycanda olduğu kimi diqqət və qayğı göstərilmir.

Hər bir soydaşımız kimi, mənim də sevincimin həddi-hüdudu yoxdur. Digərlərindən fərqli olaraq, mənim sevincim 2 qat artıqdır. Çünki bu tarixi qələbədə rəhbəri olduğum Olimpiya İdman Liseyinin yetirmələri 10 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Demək, yetirmələrimiz bu Oyunlarda 10 dəfə dövlət himnimizin səsləndirilməsinə, 15 dəfə isə bayrağımızın qaldırılmasına nail olublar. Bu şərəfə nail olan boksçu Teymur Məmmədovu, sərbəst və yunan-Roma üzrə güləşçilər Mahir Əmiraslanov
və Elvin Mürsəliyevi, cüdoçu Nicat Şıxəlizadəni, gimnast
Murad Ağarzayevi həm də dünyada tanıyırlar. Onlar Olimpiya, dünya və Avropa çempionatlarında ölkəmizin idman şərəfini inamla qoruyublar. Bu, hər birimiz üçün qürurverici haldır. Sevindirici haldır ki, 23 yaşına qədər olan gənclərdən ibarət futbol üzrə yığma komandamız da İslamiadanın çempionu oldu. Onlardan dördü liseyimizin yetirməsidir.

Ümumiyyətlə, bu gün respublikamızın adlı-sanlı, dünya şöhrətli idmançılarının əksəriyyəti bizim liseyin yetirməsidir. Məsələn, 1988-ci il Seul Yay Olimpiya Oyunlarının qalibləri – yunan-Roma güləşçisi Kamandar Məcidov və qılıncoynadan Boris Koretski liseyimizin məzunlarıdır. Ölkəmiz müstəqillik qazandıqdan sonra üçrəngli bayrağımız altında ilk Olimpiya çempionu olmuş cüdoçu Nazim Hüseynov da liseyimizin məzunudur. O, 1992-ci ildə Barselonada keçirilmiş Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb. Həmin Oyunlarda qızıl medal alan gimnast Valeri Belenki də liseyimizin yetirməsidir. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının cüdo üzrə qalibi Elnur Məmmədli, sərbəst və yunan-Roma güləşləri üzrə Olimpiya, dünya və qitə çempionları və mükafatçıları olmuş Xəzər İsayev, Vüqar Orucov, Heydər Məmmədəliyev, Həsən Əliyev, Zəfər Quliyev, Vitali Rəhimov, Cəbrayıl Həsənov, Nazim Əlicanov və başqaları liseyimizin məzunlarıdır. Mən yalnız dünyada kifayət qədər tanınmış idmançıların adlarını çəkdim. Son illərdə isə liseyimizdə yeniyetmələr və gənclər arasında xeyli Avropa və dünya çempionları yetişmişdir. Qızların da idmanla məşğul olmaları üçün əlverişli şərait yaratmışıq. Bu da nəticəsiz qalmayıb. Respublikamızın tanınmış cüdoçusu Kifayət Qasımova məhz bizim liseyin yetirməsidir. O,1999-cu ildə yeniyetmələr arasında Avropa çempionu olmuş, 2000-ci ildə dünya birinciliyində bürünc medal qazanmışdır.

İslamiadada idmançılarımızın uğurlu çıxışı, Azərbaycanın birinci yeri tutması və xüsusilə 162 medal qazanmağımız liseydə təhsil alan şagirdlərdə böyük ruh yüksəkliyi yaradıb. Onlar hər addımda dövlətimizin qayğısını, dəstəyini hiss edirlər. Ona görə gələcəkdə də Azərbaycanın bayrağını yüksəyə qaldırmaq, dövlət himnimizin səsləndirilməsinə nail olmaq üçün ciddi məşq edir, məşqçilərin bütün tapşırıqlarını can-başla yerinə yetirirlər.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında