Türkiyə idmançıları Azərbaycanda özlərini vətənlərindəki kimi hiss etdilər

Tarix boyu insanların dostluq, qardaşlıq və sevgi içərisində yaşadığı bu torpaqlarda bütün İslam coğrafiyasından olan idmançıların həmrəylik üçün bir araya gəlməsi heç də təsadüfi deyil. Öz müstəqilliyini bərpa etdikdən sonra təməlini ulu öndər Heydər Əliyevin qoyduğu yüksək inkişaf strategiyasına uyğun olaraq, möhtərəm Prezidentimiz İlham Əliyevin beynəlxalq arenadakı nüfuzu və düzgün idarəçilik siyasəti nəticəsində günü-gündən bütün sahələrdə durmadan inkişaf edən Azərbaycan, bu gün bütün dünyanın diqqət mərkəzinə çevrilmişdir.

 Gözəl Bakımız artıq bir neçə beynəlxalq idman yarışlarına, tədbirlərə ev sahibliyi etmişdir. Azərbaycan insanının qonaqpərvərliyi, təbiətinin füsunkarlığı, tarixi irsinin zənginliyi bu torpaqları ziyarət edən qonaqları valeh etmişdir. Qloballaşan dünyada Azərbaycan özünəməxsus yeri tutmaqdadır.

Azərbaycan eyni zamanda müsəlman aləminin tarixi dəyərlərinə öz töhfəsini verməklə yanaşı, bu gün müasir inkişaf modeli ilə də bu coğrafiyanın ən qabaqcıl ölkələrindən biri kimi tanınır. Xalqımız uzun müddət çar Rusiyasının və 70 il Sovet imperiyasının tərkibində olmasına baxmyaraq, özünün milli və mənəvi dəyərlərini qorumağı bacarmışdır. Müstəqillik əldə edildikdən sonra tarixi məscidlər, mədrəsələr təmir edilmiş və   2000-dən artıq yeni məscid tikilərək insanların istifadəsinə verilmişdir. Bununla yanaşı, İslam mədəniyyətinə öz töhfəsini vermiş bir çox azərbaycanlı yazarın əsərləri bərpa edilmiş, yeni üslubda nəşr edilmişdir.

Bütün bunların fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə sərəncamı da müsəlman ölkələri gənclərinin ali idman bayramının layiqincə keçirilməsini təmin etməyə yönəldilmişdir. Bu yarışların Azərbaycan dövlətinin qüdrətinin, Azərbaycan idmanının yüksək nailiyyətlərinin növbəti təntənəsinə çevriləcəyi heç kimdə şübhə doğurmurdu. Hamı əmin idi ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın başçılıq etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi birinci Avropa Oyunlarında olduğu kimi, yenə də öz vəzifəsinin öhdəsindən ən yüksək səviyyədə gələcək, Oyunların iştirakçıları və qonaqları Bakıda əsl Azərbaycan qonaqpərvərliyi ilə əhatə olunacaq, onlar üçün hər cür şərait yaradılacaq və bütün ölkələrin nümayəndə heyətlərinin üzvləri Azərbaycan paytaxtında özlərini evdəki kimi hiss edəcəklər. Əminik ki, Türkiyə idmançıları Azərbaycanda özlərini vətənlərində hiss etdilər. Bütün gözləntilər özünü doğrultdu. Azərbaycan bu böyük və məsuliyyətli işin də öhdəsindən layiqincə gələ bildi. Hətta idmançılarımız da qazandıqları medalların sayına görə qardaş Türkiyə ilə birlikdə liderlik siyahısına başçılıq etdilər.

IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimində də bütün müsəlman ölkələri, xüsusilə Türkiyə təmsilçiləri öz qardaşları tərəfindən yüksək ehtiramla qarşılandılar. 57 müsəlman dövlətinin komandaları bir-birinin ardınca sıralanaraq əvəzedilməz mənzərəni canlandırırdı. İnsanlar fikirdə, düşüncədə həmrəy olduqlarının, birlik və bərabərliyin sevincini yaşayırdı. Bu mərasimdə azərbaycanlıların ümummilli lideri Heydər Əliyevin bir millət, iki dövlət tezisinin əhatə etdiyi dərin mənanın bir daha şahidi olduq. Türkiyə Cümhuriyyəti komandasının arenaya dəvəti əsnasında açılış mərasimini izləyən hər kəs ayaq üstə öz sevgi və sayğılarını nümayiş etdirdi. İki qardaş dövlət arasındakı tarixi dostluq və qardaşlıq duyğularının bugünkü yeni nəsil tərəfindən də layiqincə qiymətləndirildiyindən əbədiyyətə qədər bu həmrəyliyin davamlı olacağına əmin olduq.

Ümid edirik ki, tarix boyu həmrəyliyin, sevgi, dostluq, birlik və bərabərliyin məskəni olan Azərbaycan torpaqlarının heç bir insanlıq ləyaqətinə uyğun olmayan vəhşiliklə ermənilər tərəfindən talan edilmiş və işğal olunmuş əraziləri yaxın gələcəkdə azad ediləcək, İslam dünyasını, o cümlədən dünyanı birləşdirən daha neçə-neçə həmrəylik oyunları Qarabağ torpaqlarımızda keçiriləcək və bu birliyin rəmzi olan üçrəngli bayrağımız qədim torpaqlarımızda dalğalanacaq. Tanrı həmrəyliyimizi qorusun.

Ahmet Tecim,
Gəncliyə Yardım Fondunun prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında