IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil edildi və uğurla başa çatdı. İstər yarışların təşkili, istərsə də idmançılar və nümayəndələr üçün yaradılmış şərait və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması beynəlxalq aləmdə rəğbətlə qarşılanmışdır. Dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir vaxtda ölkəmizdə bu cür nüfuzlu tədbirin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan belə bir beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə, dünyada sabit, sülhsevər, iqtisadi cəhətdən inkişaf edən ölkə olduğunu bir daha təsdiqlədi.
Dövlətimizin başçısı IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüşdəki nitqində Oyunların mütəşəkkilliklə, əsl idman bayramı şəraitində keçirildiyini diqqətə çatdırmışdır: “Bu Oyunlar, eyni zamanda, onu göstərir ki, Azərbaycanda aparılan düşünülmüş siyasət, o cümlədən idman sahəsində öz bəhrəsini verməkdədir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illər ərzində bu istiqamətdə atılmış addımlar, apardığımız siyasət bu gözəl nəticəni bizə verdi”.
Dünyanın aparıcı kütləvi informasiya vasitələri, eyni zamanda, ölkəmizə gəlmiş media nümayəndələri, həmçinin turistlər respublikamızın belə nüfuzlu idman tədbirinə ev sahibliyi etməsini İslami dəyərlərə verilən yüksək qiymət sayırlar. Yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçmişdi. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan edilməsi Azərbaycanın İslam həmrəyliyinə verdiyi layiqli töhfə kimi dəyərləndirilir. Qeyd olunur ki, belə tədbirlər bir tərəfdən İslam ölkələrinin üzləşdiyi problemlərin həlli, digər tərəfdən həmin problemlərin dərinləşməsinin qarşısının alınması baxımından xüsusi önəm kəsb edir. Bu gün Azərbaycan İslam ölkələri arasında əlaqələrin genişləndirilməsi, İslam həmrəyliyinin gücləndirilməsi ilə bağlı mövqeyini ortaya qoyub. Bu, dünyanın aparıcı kütləvi informasiya vasitələrində yerləşdirilən məqalələrdə də etiraf olunur. Bildirilir ki, yarışların yüksək səviyyədə təşkili, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri və orada nümayiş etdirilən kompozisiyalar hazırlıq işlərinin yüksək səviyyədə aparıldığından xəbər verir.
İslam Həmrəyliyi İdman Federasiyasının yaydığı məlumatda bildirilir ki, Oyunların bütün məlumatları davamlı olaraq canlı şəkildə 58 ölkədə yayılmışdır. Yarışları bir milyarddan çox tamaşaçı izləmişdir. Bu, IV İslam Həmrəyliyi Oyunlarının dünyada yaratdığı böyük əks-sədanın təzahürüdür.
Bolqarıstanın aparıcı xəbər portallarından olan “Novinite”, “Diplomatic Spectrum” jurnalı, “Kircaali Haber” qəzeti və Bolqarıstan Baş Müftiliyinin internet səhifəsində bolqar və ingilis dillərində dərc olunan məqalələr, Pakistanın “Pakistan in the World” jurnalı və portalında “İslam Həmrəyliyi Oyunları – Bakı 2017” sərlövhəli məqalədə, Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində, İtaliyanın “Notizie Geopolitiche” portalında “Azərbaycan. İslam Həmrəyliyi Oyunları. Multikulturalizmin gücü” başlıqlı dərc olunan məqələlərdə IV İslam Həmrəyliyi Oyunlarından bəhs olunur.
Bunlarla yanaşı, Qətər mətbuatında, Birləşmiş Ərəb Əmirliyinin "Əl-bəyan”, "Əl-Vatan”, ölkənin ərəbdilli “Əl-Şərq” və “Əl-Raya”, eləcə də ingilis dilində dərc olunan “The Peninsula” qəzetlərində dərc olunmuş məqalələrdə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edildiyi və bununla əlaqədar bir sıra təbirlərin keçiriləcəyi qeyd edilir. Məqalədə bildirlir ki, IV İslam Həmrəyliyi Oyunları bu tədbirlərin ən yüksək zirvəsi oldu. Kubanın nüfuzlu “Bohemia” jurnalı, Qırğızıstanın turktoday.info informasiya portalı, Səudiyyə Ərəbistanının "Ukaz” qəzeti və "okaz.com.sa” saytı "IV Bakı İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə həsr olunmuş məqalələr dərc etmişdir.
İordaniyanın "Əl-Ray”, Misirin aparıcı "Əl-Əhram”, "Əl-Cumhuriyyə”, "Əl-Əxbar”, "Əl-Vətən”, "Əl-Fəcr” qəzetləri, Rumıniyanın “Amosnews” xəbər agentliyində Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı geniş yazılar dərc edilmişdir.
Bu siyahını daha da genişləndirmək olar. Hazırda dünya mətbuatı Azərbaycanın bu mötəbər idman tədbirinə yüksək səviyyədə ev sahibliyi etməsi barədə məqalələr verir.
Məqalələrin əsas məğzini Azərbaycanda tolerantlıq mühitinin təşəkkül tapması, həmçinin respublikamızın multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verməsi təşkil edir.
Qeyd olunur ki, Bakının 17 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlanmış, idmançılar və turistlər üçün hər cür şərait yaradılmışdır. Dünyada baş verən insidentlərə, qarşıdurmalara, terror aktlarına rəğmən Bakıda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə həyata keçirildiyini yazan qəzetlər bunu ölkədə siyasi sabitliyin davamlı olması ilə əlaqələndirirlər. 54 ölkəni təmsil edən 3 mindən çox idmançının, 1000-dən çox komanda rəsmilərinin və bir o qədər də texniki heyət nümayəndəsinin iştirak etdiyi mötəbər idman tədbirinin uğurla başa çatdığını qeyd edən jurnalistlər bunu Azərbaycanın tarixi nailiyyəti hesab edirlər. Onların yazdıqlarına görə, indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. Məqalə müəllifləri, həmçinin bildirlər ki, IV İslam Həmrəyliyi Oyunları zamanı Xəzərdən başlayan su səyahəti çərçivəsində suyun müxtəlif regionlara aparılması simvolik olaraq Azərbaycan xalqının birliyini, habelə İslam ölkələrinin və İslam dəyərlərinin həmrəyliyini ifadə edir.
Dünyanın aparıcı kütləvi informasiya vasitələrində dərc olunan məqalələrin, demək olar ki, hamısında Azərbaycanda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının ən yüksək səviyyədə təşkil edildiyi və uğurla başa çatdığı xüsusi qeyd edilir.
Təqdim etdi:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.