Komandamızın parlaq qələbəsi ilə qürur duyduq

IV İslamiadada Azərbaycan qadın güləşçiləri böyük uğura imza atıblar. Güləş üzrə bu mötəbər yarışlarda qazanılan 12 qızıl, 6 gümüş və 5 bürünc medaldan 4-ü qızıl, 3-ü gümüş, 1-I bürünc olmaqla qadın güləşçilərimizin payına düşür. Əslində, bu növün təmsilçilərindən belə bir parlaq qələbə gözlənilən idi.

Qadın güləşi üzrə yığma komandanın böyük məşqçisi Aslan Ağayev IV İslamiadanın yüksək səviyyədə təşkilatçılığından danışdı, komandamızın, o cümlədən qadın güləşçilərimizin böyük qələbəsini qeyd etdi: “IV İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə, Olimpiya Oyunları səviyyəsində təşkil edilmişdi. Azərbaycan komandasının Oyunlarda parlaq qələbəsi ilə qürur duyduq. Sevinirik ki, güləş yığmamız da ümumi qələbəyə öz töhfəsini verdi. Komandamızın heyətində Olimpiya Oyunlarının, dünya, Avropa çempionatlarının qalib və mükafatçıları yer almışdılar və onlar İslamiada ərəfəsində qitə çempionatında da böyük uğurlar əldə etdilər. Amma bəzən belə də olur ki, idmançı potensialından maksimum istifadə edə bilmir. Doğma divarlar arasında yığmamızdan tam qələbə gözləyirdik və idmançılarımız imkanlarından tam yararlanıb, onlara bəslənilən ümidləri doğrultdular. İlk Avropa Oyunlarında da komandamız qitənin birincisi adını qazanmışdı. Böyük qürurla deyə bilərik ki, qadın güləşçilərimiz dünyada ən güclü rəqiblər kimi tanınırlar. Şübhəsiz, bu, yığmamızın ilboyu yarışlara yüksək səviyyəli hazırlıq keçmələri ilə bağlıdır. Dövlət tərəfindən idmana göstərilən diqqət və qayğı, Güləş Federasiyasının pəhləvanlarımızın hərtərəfli inkişafı üçün yaratdığı geniş imkanlar bu növdə yeniyetmə və gənclər arasında çoxlu pəhləvanların yetişməsinə səbəb olub”.

Aslan Ağayev onu da qeyd etdi ki, İslamiadada uğur qazanan güləşçilər arasında gənc pəhləvanlar da var ki, gələcəkdə onlardan da böyük nailiyyətlər gözləyirlər: “İslamiadanın qızıl medalını qazanan Leyla Qurbanovanın cəmi 19 yaşı var, gələcək perspektivləri böyükdür. Təcrübəli güləşçilərimizlə yanaşı, böyüklərdə mübarizəyə qoşulan və yüksək uğurlara imza atan gənc pəhləvanlarımız Elmira Qəmbərova, Tatyana Omelçenko, Enis Monolova və digərləri də Tokio-2020-də medal ümidlərimizdir”.

Yığmanın böyük məşqçisi güləşçilərimizin qarşıdakı yarışlara hazırlığı barədə də danışdı: “İyulda Heydər Əliyev adına Qızıl qran-Pri yarışları keçirləcək. Onun nəticələrinə əasasən, bəzi çəki dərəcələri güclü idmançıları müəyyənləşdirəcəyik. Bildiyiniz kimi, sentyabrda Fransada dünya çempionatı təşkil ediləcək. Çalışacağıq ki, güləşçilərimiz həmin yarışlarda da yüksək hazırlıq nümayiş etdirsinlər”.

Söhbəti qələmə aldı:

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında