İlham Umayev: IV İslamiada Azərbaycan idmanının növbəti təntənəsidir

“Azərbaycanın ev sahibliyi ilə yüksək səviyyədə başa çatan IV İslam Həmrəyliyi Oyunları dünya idman tarixinə önəmli hadisələrdən biri kimi daxil oldu. Biz idman veteranları İslam dünyasının ən nüfuzlu idman tədbirinin doğma Bakıda bu qədər möhtəşəm şəkildə təşkili ilə fəxr etdik. Yarışların keçirildiyi günlərdə Bakıda müsəlman dövlətlərinin təmsilçiləri özlərini doğma Vətəndə olduqları kimi hiss edirdilər. Qısa müddət ərzində idmançılar arasında dostluq münasibətlərinin yaranması çox gözəl bir mənzərə yaratmışdı. Bakı, sanki böyük bir bayram meydanına çevrilmişdi. Bu idmançıların mübarizəsinə də təsir etmişdi. Yarış meydançasında bir-birinə rəqib olan idmançılar, yarışlardan sonra isə mehribancasına bir-birlərinin əlini sıxırdılar”.

Bunu qəzetimizə açıqlamasında 1980-ci illərin yunan-Roma güləşi nümayəndələri arasında parlaq simalardan biri, dəfələrlə SSRİ çempionu, dünya Kubokunun sahibi, Əməkdar idman ustası  İlham Umayev dedi. O, “ilk Avropa Oyunları, İstərsə də İslamiada kimi mötəbər yarışların ev sahibliyinin ölkəmizə həvalə edilməsi Azərbaycanın dünyada böyük nüfuz sahibi olması ilə bağlıdır. Avropanın ən böyük mədəni tədbirlərindən biri olan “Evrovizion-2012”, eləcə də qoca qitənin ən nüfuzlu idman tədbiri ilk Avropa Oyunları da Bakıda çox yüksək səviyyədə keçirilmişdi. Şübhəsiz, IV İslam Həmrəyliyi Oyunlarına da ölkəmizin uğurla ev sahibliyi edəcəyinə əmin idik”, – deyə əlavə etdi.

İlham Umayev idmançılarımızın İslamiadada qazandıqları nəticənin möhtəşəm olduğunu dedi: “Düzü, Azərbaycan komandasının müsəlman dünyasının ən güclüsü adına layiq görülməsi bizi kövrəltdi. İlk Avropa Oyunlarında komandamız qitə ikincisi olanda da bu hissləri keçirmişdik. Biz SSRİ zamanında mübarizə aparan, Azərbaycan idmançıları belə böyük qələbələri çox gözləmişdik. O zaman ağlımıza da gəlməzdi ki, ayrı-ayrı idman növləri üzrə İslam dövlətləri arasında 75 qızıl medal qazanıb birinci yeri tuta bilərik. Eyni zamanda, qitə Oyunlarında 21 qızıl medalla Rusiyadan sonra ikinci pillədə qərarlaşmağımız fantastik nəticə idi. Bu, Azərbaycan dövlətinin böyük gücündən, qüdrətindən xəbər verir. Diqqət etsək görərik ki, zəif dövlətlərdə idmanı da inkişaf etdirmək mümkün deyil. Bütün irimiqyaslı yarışlarda hərtərəfli inkişaf etmiş dövlətlərin idmançıları qalib gəlirlər. IV İslamiada Azərbaycan idmanının, onun gücünün, qüdrətinin növbəti göstəricisi, təntənəsidir”.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında