Zemfira Meftahətdinova: İslam dünyasının ən güclü komandası adını qazanmaq bizi qürurlandırdı

“Azərbaycanın paytaxtı Bakıda İslam dünyasının ən nüfuzlu idman tədbiri böyük uğurla başa çatdı. Dünyanın 4 qitəsindən 54 müsəlman ölkəsinin 3 mindən artıq idmançısı bu yarışlarda öz bacarıqlarını nümayiş etdirdilər. Azərbaycan idmançıları bu mötəbər idman tədbirində yeni tarix yazdılar. İslam dünyasının ən güclü komandası kimi ilk pillədə qərarlaşmaq bizi qürurlandırdı”.

Bu sözləri Olimpiya çempionumuz Zemfira Meftahətdinova IV İslam Həmrəyliyi Oyunları ilə bağlı fikirlərini bölüşərkən bildirdi. O, idman ictimaiyyəti, xalqımızın  bu böyük nailiyyəti səbirsizliklə gözlədiyini vurğuladı və böyük qələbənin əldə edilməsi üçün möhkəm zəmin yarandığını dilə gətirdi.

 “Azərbaycan komandası son Olimpiya Oyunlarında yüksək əzmlə mübarizə apararaq, 18 medal qazandı. Bu, idmançılarımız üçün çox böyük nəticədir. İlk Avropa Oyunlarında isə Rusiya komandasından sonra ikinci yeri tutmuşduq.  Əlbəttə, müsəlman aləminin ən güclü komandası adını qazanmağımız üçün əsaslı zəmin yaranıb. Komandamız güclü potensialından istifadə edərək qalib adını qazandı. Əminik ki, ayrı-ayrı növlər üzrə qitə, dünya çempionatlarının, kubok yarışlarının qalib və mükafatçıları olan idmançılarımız bundan sonra da uğurlarını davam etdirib, daha yüksək zirvələr fəth edəcəklər”.

Olimpiya çempionumuz Oyunların təşkilatçılıq səviyyəsindən də danışdı: “IV İslamiada çox yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycan dünyada özünü idman ölkəsi kimi tanıdıb və belə böyük tədbirlərin təşkilində zəngin təcrübə əldə etmişik. Bildiyiniz kimi, bu yay “Formula-1” Azərbaycan Qran-prisi, qadınlar arasında voleybol üzrə Avropa çempionatı,  2020-ci ildə futbol üzrə Avropa çempionatının dörddəbir final oyunlarından biri və üç qrup qarşılaşması da ölkəmizdə keçiriləcək. Eləcə də, ayrı-ayrı növlər üzrə dünya və Avropa çempionatlarının, müxtəlif beynəlxalq turnirlərin təşkili də nəzərdə tutulub. Ötən illər ərzində Azərbaycan bu cür nüfuzlu idman tədbirlərini yüksək səviyyədə təşkil etməklə dünya idmanının inkişafına böyük töhfələr  verib. IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili, böyük qələbəmiz bir daha sübut etdi ki, Azərbaycan idman dövlətidir və xalqımız bu tarixi nailiyyətlə fəxr edir”.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında