“İdmançılarımızın hamısının medal əldə etməsi yaxşı nəticədir”

IV İslam Həmrəyliyi Oyunlarında uşu-sanda üzrə komandamız da fərqlənməyi bacarıb. Mayın 20-dən 22-dək keçirilən bu növ üzrə yarışlarda komandamızı Orxan Hətəmov (48 kq), Elçin Eminov (56 kq), Ruslan Pirəliyev (60 kq), Bayram Şəmmədov (65 kq), Vüqar Kərəmov (70 kq) və Pərviz Abdullayev (75 kq) təmsil ediblər. Üç gün davam edən yarışlarda uşuçularımızın hamısı medal əldə edib.

Komandamızın heyətində yalnız finalda uduzan Elçin Eminov, Bayram Şəmmədov və Vüqar Kərəmov gümüş medalla kifayətləniblər. Digər uşu ustalarımız Orxan Hətəmov, Ruslan Pirəliyev və Pərviz Abdullayev bürünc medal qazanıblar. İndoneziyanın Palembanq şəhərində keçirilmiş III İslam Həmrəyliyi Oyunlarında isə uşuçularımız bir gümüş, bir bürünc medal qazanmışdılar.

Azərbaycan Uşu Federasiyasının prezidenti, yığma komandanın baş məşqçisi Azər Həsənsoy İslamiadanın uşu yarışlarının gərgin mübarizə şəraitində keçdiyini bildirdi. O, komandamızın nəticələrini daha da yaxşılaşdırmaq üçün potensialının bir qədər də artıq olduğunu dedi: “Ümumilikdə götürdükdə, komandamız 100 faizli nəticə göstərdi. 6 idmançımızın hamısının medal qazanması yaxşı nəticədir. Amma nəzərə alsaq ki, 1 il 2 ay ərzində fasiləsiz məşqlər sayəsində komandanı yüksək səviyyədə hazırlamışdıq və bu yarışlar doğma divarlar arasında  keçirilirdi, əlbəttə, qızıl medalın olmaması bizi qane etmədi. Məni məyus edən, əsasən, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Hətəmov oldu. O, döyüşü udduğu halda, ikinci raundda düzgün taktika qura bilmədi, bəzi səhvlərə yol verdi. Digər idmançılardan razıyam. Onlar bacardıqlarını etdilər. İran komandası uşu üzrə ilk üçlükdə qərarlaşan güclü komandalardan biridir. Etiraf edim ki, rəqiblər güclü idi və ona görə də idmançılarımız üçün həlledici yarışlar o qədər də rahat keçmədi”.

O eyni zamanda hakim ədalətsizliyi ilə bağlı bəzi məsələlərə də toxundu: “Digər bir məsələni də qeyd edim ki, uşu kontakt döyüş növüdür və əgər burada tam üstünlüklə mübarizə aparsan, hakim ədalətsizlik edə bilməz. Bərabər səviyyə və hətta az xal fərqi olanda təbii ki, ədalət təmsilçiləri bundan istifadə edib düzgün olmayan qərar qəbul edə bilirlər. Mən düzü, heç vaxt hakim ədalətsizliyindən şikayət etmirəm. Amma Elçin Eminovun final döyüşündəki məğlubiyyətində  hakim qərarının rolunu qeyd edə bilərəm. Bu qarşılaşmada, xüsusən, ikinci raundda Elçinin dəqiq əl və ayaq zərbələri daha çox olsa da onun hesaba alınmamasının şahidi olduq. Bu, artıq nəticəyə təsir etməsə də, bütün hallarda bu məsələni Beynəlxalq Uşu Federasiyası ilə də müzakirə edəcəyik”.

Azər müəllim uşu komandasını qarşıda bir sıra yarışların gözlədiyini bildirdi. Onu da qeyd etdi ki, yarışda idmançıların buraxdığı səhvlər təhlil ediləcək və onların üzərində birgə işləyəcəklər. “Qarşıda bir sıra yarışlar var. Şübhəsiz, yarışlarda buraxılan səhvlər təhlil ediləcək və səhvlər üzərində birgə işləyəcəyik. Ola bilər ki, komandanın heyətinə yeni idmançılar cəlb edək. Ümumiyyətlə, heyətin yenilənməsi ilə bağlı planlarımız var. Əsas məqsəd isə komandamızın daha yüksək səviyyədə çıxışını təmin etməkdir”, – deyə o əlavə etdi

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında