Sadiq MİKOU: IV İslam Həmrəyliyi Oyunları möhtəşəmliyi ilə yadda qalacaq

Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə başa çatdı. İslam dünyasının birləşməsində və həmrəyliyində böyük əhəmiyyət daşıyan Oyunlarda iştirak etmək üçün paytaxtımıza gəlmiş atletlər, eləcə də Oyunların gedişini izləmək arzusu ilə Bakıda olmuş çoxsaylı turistlər öz ölkələrinə Azərbaycan haqqında zəngin xatirələrlə qayıdırlar. Bunu görüşüb fikirlərini öyrəndiyimiz müsəlman ölkələrinin vətəndaşları da etiraf edirdilər.

Bəhreynli Sadiq Mikou da Bakıdan zəngin təəssüratlarla qayıdacağını bildirdi. Onun sözlərinə görə, Azərbaycanda o qədər isti qarşılanıblar ki, bunları heç zaman unutmayacaq. O, yarışlarda uğurla çıxış etdiyini, qızıl medallar qazandığını qeyd etdi. Keçən həftənin şənbə günü 1500 metr məsafəyə qaçış yarışlarının finalında qızıl medala layiq görülüb. Küləkli hava şəraiti yarış iştirakçılarına çətin anlar yaşatsa da, bu, ona mane ola bilməyib. 200 metr məsafəyə qaçışda finiş xəttinə 3 dəqiqə 36.04 saniyəyə çatıb və yenidən qızıl medal qazanıb. Bununla da Bəhreyn atletika yarışları üzrə doqquzuncu qızıl medala imza atıb. Bu qələbələr Sadiqə böyük sevinc bəxş edib. Buna görə Bakı Oyunlarını həmişə minnətdarlıq hissi ilə xatırlayacaq.

Sadiq Mikou daha sonra dedi:

– Belə gözəl yarışların təşkilinə görə Azərbaycan rəhbərliyinə, şəxsən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Bilirəm ki, Bakı birinci Avropa Oyunlarına da çox yüksək səviyyədə ev sahibliyi edib və bu Oyunların şöhrəti dünyaya yayılıb. Bakıda İslam Həmrəyliyi Oyunları da möhtəşəmliyi ilə yadda qalacaq. Burada istər dövlət rəsmiləri, istərsə də sadə xalq nümayəndələrinin diqqəti ilə qarşılaşdıq, hamıdan mehribanlıq gördük. Bütün iştirakçı ölkələrlərdən olan nümayəndələrə qayğı və məhəbbət göstərilirdi. Atletlər məhz belə şəraitdə Oyunlara qatıldılar. Əminəm ki, bu böyük idman tədbiri bütün İslam ölkələrində öz layiqli qiymətini alacaq. 

Bakıda ilk dəfə olsam da, şəhərinizi və insanlarınızı çox bəyəndim. Azərbaycana gəlməzdən əvvəl Bakının yüksək sürətlə inkişaf etdiyini eşitmiş, mətbuatdan oxumuşdum. Ancaq burada yeni və bir-birindən gözəl binaları, park və xiyabanları, yaşıllıqları görəndən, xüsusilə tarixi yerlərlə, əsasən də İçərişəhərlə tanış olandan sonra paytaxtınıza heyran qalmaya bilmədim. Tarixlər şahidi Qız qalası ilə tanışlıq isə məndə unudulmaz təəssürat yaratdı. Ümid edirəm ki, qəlbən sevdiyim gözəl Bakı şəhərinə  gələcəkdə də gələ biləcəyəm. Bu, mənim böyük arzumdur. 

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında