Azərbaycan dövlətinin və idmanının daha bir zəfər marşı

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan tarixi qələbəyə imza atdı. Dördüncü İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür. Əminəm ki, 50-dən çox ölkəni təmsil edən idmançılar və paytaxtımızın qonaqları Azərbaycanla bağlı xoş xatirələri öz qəlblərində qoruyub saxlayacaqlar.

Mehriban ƏLİYEVA,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
“Bakı–2017” Təşkilat Komitəsinin sədri


12–22 may 2017-ci il. Azərbaycan tarixinə növbəti parlaq səhifə kimi daxil olan bu on bir gün ərzində atletlərimiz neçə-neçə zəfər qazandılar, neçə-neçə tarix yazdılar, ölkəmizə hədsiz sevinc hissi yaşatdılar.

İslam Həmrəyliyi Oyunları üçün rekord sayda –54 ölkə idmançılarını Bakıda öz bayrağı altına toplayan IV İslamiada onun bütün iştirakçıları və rəsmi şəxslərinin yaddaşında iki il əvvəl Avropa Oyunlarında olduğu kimi, yenə də ilk növbədə təşkilatçıların Oyunlara ən yüksək səviyyədə hazırlığı və yarış sahiblərinin idman meydanlarında rekord nəticələri ilə yadda qalacaq.

İslam ölkələrinin idman nəbzinin Azərbaycan paytaxtında döyündüyü günlər ərzində şəhərimizdə əsl dostluq və həmrəylik bayramı hökm sürdü və bu, Oyunların başlıca məqsədi idi. Uqanda, Mali, Cibuti, Surinamdan tutmuş Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, İraq, Özbəkistanadək neçə-neçə ölkədən respublikamıza gələn idmançıların kəskin rəqabət meydanında ədalətli mübarizə aparmaqla yanaşı, yaxından ünsiyyət qurması, əzəmətli Bakı Olimpiya Stadionunda, Tofiq Bəhramov adına Respublika Stadionunda, Heydər Əliyev adına İdman Arenasında, Milli Gimnastika Arenasında, Su İdmanı Sarayında, Atıcılıq Mərkəzində, “Kristal Zal”da və digər idman qurğularında keçirdikləri günlər, onların yarışlarda göstərdikləri nəticələrdən asılı olmayaraq, qəlblərdə əbədi yaşayacaq. İslamiada startlarının bütün iştirakçıları onlara göstərilən diqqətdən, yaradılan şəraitdən razı qalmaya bilməzdilər. İstər Oyunların təntənəli açılış, istərsə də bağlanış mərasimlərində onların üzündəki təbəssümü, şən əhval-ruhiyyəni görmək, hiss etmək dediklərimizi təsdiq etmək üçün kifayət edərdi.

İslam Həmrəyliyi Oyunlarının da başlıca məqsədi voleybol və futbol meydanlarında, güləş xalçası və tatami üzərində, rinqdə, üzgüçülük cığırlarında və digər idman qurğularında qələbə və medallar uğrunda mübarizə aparmaqla yanaşı, dostluq, birlik, qarşılıqlı hörmət əlaqələrini, xeyirxahlıq münasibətlərini daha da möhkəmləndirib inkişaf etdirməkdən ibarətdir.

İndi qətiyyətlə, cəsarətlə deyə bilərik ki, ölkəmiz buna tam nail oldu. Qonaqlar ən yüksək səviyyəli şəraitlə əhatə olundular, onlara hər cür qayğı göstərildi və Bakıda özlərini evdəki kimi hiss etdilər. Şübhəsiz ki, atletlər onlara yüksək qonaqpərvərlik nümunəsi göstərən şəhərimizi gözəl əhval -ruhiyyə ilə tərk etmişlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı–2017” Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva mayın 22-də Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimindəki çıxışında bu barədə belə dedi: Bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini və mehribanlığını bir daha nümayiş etdirdi. Azərbaycan göstərdi ki, o böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxr edir və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bundan da böyük qələbə bu günlər ərzində nail olduğumuz İslam aləminin həmrəyliyi və birliyinin təntənəsidir. Gəlin, hamımız bu birliyi qoruyaq, İslam Həmrəyliyini gücləndirək. Qoy, Allah bütün müsəlmanları qorusun!

İslamiadanın iştirakçısı olmuş ölkələrin idman rəhbərləri, mütəxəssislər, məşqçilər müsəlman dövlətləri atletlərinin Bakıda ali məclisinin yekunlarını hələ çox təhlil edəcək, öz komandalarının çıxışlarındakı müsbət və mənfi cəhətləri bir daha nəzərdən keçirəcək və gələcək yarışlara hazırlıq proseslərində onların daha çox medal qazanmasına mane olan səbəbləri müəyyənləşdirməyə çalışacaqlar.

Medalçı ölkələrin siyahısında 54 iştirakçı dövlətdən yalnız 40-nın adı var. Onlardan cəmi 26-sı qızıl medal qazana bilmişdir. Bizim üçün çox fərəhlidir ki, siyahıya IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçıları–Azərbaycan idmançıları başçılıq edirlər. Həmvətənlərimizin qazandıqları mükafatlar –bütün islamiadalar üçün rekord sayda 75 qızıl, 50 gümüş və 37 bürünc medal, cəmisi 162 mükafat atletlərimizin bu yarışlara yüksək məsuliyyət hissi ilə yanaşmalarının, ustalıq, əzmkarlıq, möhkəm iradə və peşəkarlığının ifadəsidir.

Qardaş Türkiyə komandası da yüksək səviyyədə çıxış edərək Bakıdan vətəninə 71 qızıl, 67 gümüş və 57 bürünc medal, cəmisi isə 195 mükafatla qayıtmış və cədvəldə ikinci olmuşdur.

İslamiada proqramına daxil olan bütün növlərdə təmsilçilərimiz fəxri kürsüyə yüksəlmək üçün böyük əzmkarlıq göstərmiş və məqsədə inamla nail olmuşlar. Əlbəttə ki, Azərbaycan idmanının ən yaxşı nümayəndələrinin ustalıqları çatışmasaydı, onlar rekord nəticə göstərə, bu qədər mükafat, xüsusən də 75 qızıl medal qazana bilməzdilər.

Həmişə böyük yarışlarda milli komandamızın əsas zərbə qüvvəsi olmuş güləşçilərin indi 24 nəfərə (sərbəst, yunan-Roma və qadın güləşi) 23 medal qazanmaları, cüdo və paracüdoçuların da yüksək səviyyədə çıxış edib 26 dəfə fəxri kürsüdə təbrikləri qəbul etmələri, atıcılıq və karatenin hər birində qazanılmış 10, taekvando və bədii gimnastikada 9, boks və zorxana yarışlarında 7, ağır atletikada 4 medal, komanda idman növləri qadın voleybolunda, futbolda,  həndbolda, kişi və qadın basketbolunda çempionluq səbirsizliklə gözlədiyimiz böyük uğrurlardır.

Ayrı-ayrı çempion və mükafatçılarımıza gəldikdə, onların sayı həddən artıq çox olduğundan, hətta təkcə 75 qızıl medalçını xatırlamaq istəsək, uzun-uzadı bir siyahı alınar. Bununla belə, IV İslam Həmrəyliyi Oyunlarının çempionları karateçi Rəfael Ağayev, zəngin təcrübəli Elxan Məmmədov başda olmaqla cüdoçular, sərbəst güləş və yunan-Roma güləşi ustaları, özünün  mükafatlar kolleksiyasına İslamiadanın qızıl medalını da əlavə edən qadın güləşçi Mariya Stadnik, taekvandoçu Olimpiya çempionumuz Radik İsayev, atıcılıqda beş qızıl medal qazanmaqla bir növ rekord müəyyən edən Ruslan Lunyov, boksçular Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, bədii gimnastika ustası Marina Durunda və daha neçə-neçə idmançımız birgə səylə Azərbaycana çox böyük, tarixi nailiyyət qazandırdılar və onların hər biri bu qələbələrlə fəxr edə bilər.

Məhz idmançılarımızın yüksək ustalığı və liderliyi sayəsində Azərbaycan öz tarixinə yeni, şanlı bir səhifə yazdı. “Bakı–2015” birinci Avropa Oyunlarında 56 medala sahib olan atletlərimiz “Bakı–2017” IV İslam Həmrəyliyi Oyunlarında həmin rəqəmi qat-qat üstələdilər.

Azərbaycan idmançılarının indiki uğurları həm də ötən il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında millimizin qazandığı qələbələrin davamıdır. İdmanımız əsl zəfər günlərini yaşayır. Azərbaycan atletlərinin Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, Avropa Oyunlarında və İslam Həmrəyliyi Oyunlarında, paralimpiadalarda, “Qran-pri”lərdə və digər mötəbər beynəlxalq yarışlarda nailiyyətləri getdikcə çoxalır, ölkəmizin beynəlxalq idman dairələrində nüfuzu daha da artır. Yarışlar bir-birini əvəz etdikcə dünya bir daha əmin olur ki, Azərbaycan idmanı əldə etdiyi uğurlarla kifayətlənmir, ölkədə bütün növlər–istər Olimpiya, istərsə də qeyri-Olimpiya növləri daim diqqətdə saxlanılır və onların daha da inkişafına hər cür qayğı göstərilir.

Dövlətimizin, şəxsən onun rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin ölkədə idmanın inkişafına göstərdiyi daimi qayğı öz gözəl bəhrəsini verir. 

Dünən bu qeydləri qələmə alarkən Qırğızıstanın “Sport AKİpress” portalında verilən və Bakıda IV İslam Həmrəyliyi Oyunlarının yüksək Olimpiya prinsiplərinə uyğun bir şəkildə təşkil edildiyini bildirən xəbər diqqətimizi cəlb etdi.  Paytaxtımızda İslamiadanın hakimlər kollegiyasının tərkibinə daxil olmuş güləş üzrə beynəlxalq dərəcəli qırğızıstanlı hakim Saiddin Azizbayev Qırğız Respublikası Dövlət Gənclər, Bədən Tərbiyəsi və İdman İşləri Agentliyinə İslamiada turnirində hakimlik haqqında danışarkən deyib ki, IV İslam Həmrəyliyi Oyunları Bakıda 54 ölkə nümayəndələrinin iştirakı ilə keçirilən geniş miqyaslı beynəlxalq tədbir idi. Oyunların Təşkilat Komitəsi yarışların keçirilməsinə xüsusi diqqətlə yanaşmışdı. Turnirlər yüksək səviyyədə təşkil edilmişdi. Hiss olunurdu ki, belə mötəbər yarışlarda hakimliyin ədalətli və şəffaf olması məsələsinə böyük məsuliyyətlə yanaşılıb. Güləş növləri üzrə yığmamız yalnız Azərbaycan və İran komandalarından geri qalıb ən güclü üç kollektiv sırasına daxil oldu. Bizim güləşçilər İslam Oyunlarında yaxşı hazırlıq və əla nəticə göstərdilər. Oyunların Təşkilat Komitəsi mənə hakim rolunda çıxış etmək üçün dəvət göndərmişdi. Turnirdə heç bir idmançıya qarşı qərəzçilik edilmədi. Yarış həmrəylik şəraitində, Olimpiya prinsiplərinə uyğun şəkildə davam etdi...

Həqiqətən, Bakıda, Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları təkcə yüksək təşkilatçılıq və idmançılarımızın tarixi nailiyyəti ilə deyil, həm də həmrəylik və Olimpiya prinsiplərinə sadiqliyimiz ilə əlamətdar oldu.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında