Çempionluq estafeti davam edir

İkiqat dünya çempionu, 2016-cı ildə  keçirilən XXXI Yay Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal alaraq çempionluq estafetini davam etdirib. 26 yaşlı sərbəst güləşçimiz finalda qırğızıstanlı Alibek Osmonov üzərində 10:0 hesabı ilə təmiz qələbə qazanaraq öz çəki dərəcəsində təkcə dünyada deyil, həm də  müsəlman aləmində  ən güclü olduğunu təsdiqlədi.

Çempionla əlaqə yaradıb səmimi  təbriklərimizi çatdırdıq və beynəlxalq aləmdə Azərbaycanın bayrağını yüksəkliyə qaldırmasına və dövlət himnimizi səsləndirməsinə nail olmasından qürur hissi keçirdiyimizi bildirdik. Təbriklərə və sevincinə qoşulduğumuza görə minnətdarlığını bildirən Hacı Əliyev dedi ki, hər dəfə beynəlxalq turnurlərdə birinci yeri tutanda, bayrağımız yüksəkliyə qaldırılanda habelə dövlət himnimiz səsləndiriləndə yadıma ulu öndər Heydər Əliyevin dediyi müdrik sözlər düşür. O deyirdi ki, Azərbaycan Respublikasının bayrağı bir ölkədə yalnız iki halda qaldırıla bilər. Bir dövlət başçısı hansısa bir ölkəyə səfər etdikdə, bir də idmançılarımız digər bir ölkənin ərazisində keçirilən beynəlxalq idman yarışlarında qələbə qazananda. Buna görə də ulu öndər idmançılarımızın nailiyyətlərini “dövlətçiliyin nailiyyətləri” adlandırırdı. Bu nailiyyətlərdə əməyim olduğuna görə özümü xoşbəxt hesab edirəm.

Hacı Əliyev dedi ki, bu gün möhtərəm Prezidentimiz, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ulu öndərin ənənəsinə sadiq qalaraq idmana və idmançılara yüksək qayğı göstərir: “Biz IV İslam Həmrəyliyi Oyunlarında bunun bir daha şahidi olduq. Şəxsən qızıl medalı mənə ölkəmizin Prezidenti cənab İlham Əliyev təqdim etdi. Bu, məni növbəti qələbələrə daha da  ruhlandırdı. Hər bir idmançı çox yaxşı bilir ki, onun arxasında dövlətimiz, ölkəmizin rəhbəri dayanır. Ona görə də beynəlxalq yarışlarda ürəklə, əzmlə mübarizə aparırıq. Çalışırıq ki, fəxri kürsünün ən yüksək pilləsinə qalxaq və bizə göstərilən diqqət və qayğıya az da olsa,  töhfəmizi verək”.

“Yarışaların yüksək səviyyədə təşkilindən danışan Hacı Əliyev dedi ki, bunu digər ölkələrdən gəlmiş idmançılar da təsdiqləyir: “Onlar deyirlər ki, sizin ölkənizdə idmana və idmançılara göstərilən qayğı, yaradılan əlverişli şərait hər ölkədə olmur. Azərbaycan əsl idman ölkəsidir. Belə bir ölkədə yaşamaq və idmanla məşğul olmaq hər birimizin arzusudur. Şəxsən yaxından tanıdığım rəqiblərim də bunu dəfələrlə etiraf ediblər. Bütün bunlardan sonra mən qələbələrimi dövlətimizin başçısına və  mənə daim  dəstək verən xalqıma həsr etməyə bilmərəm. Bu qayğının nəticəsidir ki, mən yarışdanyarışa  medallarımın sayını artırıram”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında