Azad Rəhimov: İslamiada Azərbaycanın mötəbər tədbirləri yüksək səviyyədə keçirməyə qadir olduğunu göstərdi

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən bütün idmançılar, missiya rəhbərləri İslamiadanın təşkilindən məmnunluqlarını bildiriblər. Qürur hissi ilə deyə bilərik ki, IV İslam Həmrəyliyi Oyunları Rio Olimpiadasından da yüksək səviyyədə keçirildi. Azərbaycan IV İslam Həmrəyliyi Oyunları ilə belə mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməyə qadir olduğunu dünyaya göstərə bildi”.

bu sözləri Azərbaycanın gənclər və idman naziri, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov mayın 23-də Oyunların yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

Prezident İlham Əliyevin idmançılarla görüşdə Rio Oyunlarında yüksək nailiyyətlərimizin IV İslam Həmrəyliyi Oyunlarında öz təsdiqini tapması ilə bağlı fikrini xatırladan Azad Rəhimov Azərbaycanın 75 qızıl medalla İslamiadanı birinci yerdə başa çatdırdığını diqqətə çatdırıb. Bildirib ki, komandamız 162 medal ilə yüksək nailiyyət göstərdi. İdmançılarımız gərgin idman mübarizəsi nəticəsində qələbə qazandılar. İstər təşkilatçılıq, istərsə də yarışlar baxımından Oyunlar yüksək səviyyədə keçirildi. Açılış və bağlanış mərasimlərində, yarışlar zamanı hər hansı problem müşahidə edilmədi. Yarışların işıqlandırılması, yayım məsələləri operativ qaydada təmin olundu.

Bakı Media Mərkəzinin yüksək səviyyəli yayım həyata keçirdiyini söyləyən nazir video-çarxda gözəl anların öz əksini tapdığını vurğulayıb: “Oyunlarda 3 minə yaxın idmançı iştirak edib. Həmçinin minə yaxın texniki heyət çalışıb. Açılış və bağlanış mərasimlərində  tərtibat yüksək səviyyəli idi. Bakı sakinləri yarışları bayram ab-havasında izlədilər. Atletlər kəndində qalan idmançılar onlar üçün yaradılan şəraitdən tam razı qaldılar”.

Oyunların keçirilməsində iştirak edən 8 mindən artıq könüllüyə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirən A.Rəhimov onlardan 4600-nün açılış və bağlanış mərasimlərinə cəlb edildiyini deyib: “Əməliyyat Komitəsində 1500-ə yaxın mütəxəssis işə cəlb edilmişdi. Biz birlikdə mehriban əməkdaşlıq şəraitində çalışdıq. Bizimlə səmərəli əməkdaşlığa görə İslam Həmrəyliyi İdman Federasiyasına minnətdarlığımızı bildiririk. Növbəti Oyunlar Türkiyədə keçiriləcək. Qardaş Türkiyəyə növbəti Oyunların təşkilində uğurlar arzulayırıq”.

İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Koordinasiya Komissiyasının üzvü Əşrəf Seyyid Dahruq ev sahibi Azərbaycanın Oyunların təşkilinə, eləcə də möhtəşəm açılış və bağlanış mərasimlərinə mükəmməl hazırlaşdığını qeyd edib. O, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə görülən yüksək səviyyəli işlərin əhəmiyyətini xüsusi vurğulayıb.

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin əksəriyyətinin Oyunlarda iştirak etdiyini söyləyən Koordinasiya Komissiyasının üzvü idmançıların yarışlara böyük həvəslə qatıldıqlarını diqqətə çatdırıb: “Oyunlar yüksək səviyyədə keçirildi. Ümid edirik ki, bu səviyyə gələcəkdə də qorunacaq. Bütün müsəlman ölkələrinin dünyaya göndərdiyi mesaj aydın idi. Azərbaycan böyük tədbirlərə ev sahibliyi etməyə hazırdır. Ümid edirik ki, Azərbaycan müsəlman ölkələri və xalqları arasında həmrəyliyin gücləndirilməsinə töhfə verməkdə davam edəcək”.

Azərbaycan Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə milli komandamızın bu mötəbər yarışlardakı nailiyyətlərindən danışaraq ölkəmizin Oyunlarda güclü heyətlə təmsil olunduğunu bildirib: “Azarkeşlər mükəmməl arenalarda maraqlı idman mübarizəsinin şahidi oldular. Komandamız böyük uğur qazandı. Bu Oyunların ən əhəmiyyətli cəhəti idmanın bütün növlərində medal qazanmağımızdır”.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında