Futbol üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub

Futbol üzrə Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən final görüşündə Azərbaycan milli komandası Oman yığmasına 2:1 hesabı ilə qalib gələrək, İslamiadanın qızıl medalını qazanıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final matçına baxıblar.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Görüşə fəal başlayan Azərbaycan millisi 17-ci dəqiqədə istəyinə nail olub. Millimizin futbolçusu Mahir Mədətov rəqib komandanın qapısına yol taparaq komandamızı hesabda önə çıxarıb – 1:0. Qarşılaşmanın 22-ci dəqiqəsində komandamız ikinci topu rəqib qapısından keçirməyə yaxın olsa da, top çərçivədən keçməyib. Oman millisinin qapısına təyin olunmuş cərimə zərbəsini Mahir Mədətov dəqiq yerinə yetirə bilməyib. Lakin beş dəqiqə sonra Mahir Mədətov özünün və komandasının ikinci qolunu vurub – 2:0.

Oyunun qəhrəmanına çevrilmiş Mahir Mədətovun 37-ci dəqiqədə güclü zərbəsi qapı çərçivəsinə tuş gəlib. Oman millisinin cəhdlərinə baxmayaraq, ilk hissə Azərbaycan millisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Gürcüstanlı baş hakim Giorgi Kruaşvilinin idarə etdiyi oyunda omanlı futbolçular ikinci hissəyə daha fəal başlayıblar. Qarşılaşmanın 56-cı dəqiqəsində rəqib komandanın futbolçusu Salaah Əl-Yahyai hesab arasındakı fərqi azaldıb – 2:1. İki dəqiqə sonra omanlı futbolçu qapıçımız Şaxrudin Maqomedaliyev ilə təkbətək çıxsa da, qolkiperimiz dueldən qalib ayrılıb və hesabın dəyişməsinə imkan verməyib.

Komandaların cəhdlərinə baxmayaraq, oyunun sonunadək hesab dəyişməyib. Beləliklə, Oman millisini 2:1 hesabı ilə məğlub edən Azərbaycan yığma komandası IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Əlcəzair millisi isə “Bakı-2017”ni bürünc medalla başa vurub.

Sonra qalib komandaların mükafatlandırılması mərasimi keçirilib.

Çempion komandamızın üzvlərinə qızıl medalları Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının ikinci vitse-prezidenti Çingiz Hüseynzadə təqdim edib.

Gümüş medallar Oman millisinin futbolçularına İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser tərəfindən təqdim olunub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev isə üçüncü yerdə qərarlaşan əlcəzairli futbolçulara bürünc medalları təqdim edib.

Qeyd edək ki, millimiz qrup mərhələsində Səudiyyə Ərəbistanı yığmasını 2:0 hesabı ilə məğlub edib. Kamerun və Mərakeş yığmaları ilə oyunda hesab açılmayıb. Yarımfinala vəsiqə qazanan Azərbaycan millisi bu mərhələdə Əlcəzairdən üstün olub – 2:0.

 AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında