Tofiq Bəhramov adına Respublika Stadionu iki gün əvvəl, 2017-ci ilin 21 may axşamında 1966-cı il noyabrın 30-nu xatırladırdı. Onda, 51 il əvvəl tribunaları tamaşaçı ilə ağzınadək dolu olan stadionda “Neftçi” öz pərəstişkarlarına SSRİ çempionatının bürünc medallarının böyük sevincini yaşatmışdı, indi isə Azərbaycanın 23 yaşlılardan ibarət milli komandasının futbolçuları elə həmin stadionda on minlərlə azarkeş qarşısında IV İslam Həmrəyliyi Oyunlarının qızıl medallarını bayram edirdilər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, ölkə Gimnastika Federasiyasının prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın da stadionun hökumət tribunasından maraqla izlədiyi oyunda Azərbaycan futbolçularının Oman komandası üzərində 2:1 hesabı ilə qələbəsi bütün Azərbaycanın ürəyindən oldu, xalqımıza hədsiz sevinc bəxş etdi.
Bu, müstəqil Azərbaycan Respublikası futbolunun tarixində uzun müddət unudulmayacaq hadisə, böyük uğurdur. Bir vaxtlar respublikamızın baş stadionunda “Neftçi”nin tərkibində dəfələrlə SSRİ çempionatı oyunlarında meydana çıxmış, indi isə İslamiadanın çempionu adını qazanmış komandanın baş məşqçisi Yaşar Vahabzadə və onun futbolçuları Şahruddin Məhəmmədəliyev, Sadiq Quliyev, Coşqun Diniyev, Elşən Abdullayev, Azər Salahlı, Mahir Mədətov, kapitan Ruslan Abışov, Rəşad Sadiqov, Ağabala Ramazanov və oyundaşları “doğma divarlar” arasında, bütün ölkəmizin gözü qarşısında qrup mərhələsində “Bayıl Arena”da başlanan, yarımfinalda “Dalğa Arena”da davam etdirilən zəfər yürüşünü Tofiq Bəhramov adına Respublika Stadionunda çempionluğu təmin edən qələbə ilə başa çatdırdılar.
Hadisələrin sonrakı gedişinin göstərdiyi kimi, gərgin və həyəcan dolu matçda komandamızın qələbəsini hələ oyunun ilk yarım saatında Mahirin vurduğu toplar həll etmişdi. Oman futbolçuları çox ciddi problemlərlə üzləşdikləri birinci hissədən fərqli olaraq, fasilədən sonra müdafiədən çox hücuma diqqət yetirməyə başlayıb (başqa yolları da yox idi) Azərbaycan futbolçularının qapısına təzyiqi və oyunda gərginliyi artırsalar da, gürcüstanlı hakim Giorgi Kruaşvilinin idarə etdiyi görüşdə yalnız bir təsəlli topu vurmağa gücləri çatdı. Nəticədə qələbəni, İslamiadanın çempionu adını və alqışları Azərbaycan futbolçuları qazandılar.
Qaliblərə minnətdarlıq hissi ilə böyük qələbəyə aparan yolu bir daha xatırlayaq: Qrup mərhələsində Kamerunla “dinc nəticə” (0:0, Səudiyyə Ərəbistanı ilə görüşdə E.Abdullayev və A.Ramazanovun vurduqları iki cavabsız qolla qələbə, Mərakeşlə qolsuz heç-heçə, yarımfinalda Əlcəzairlə görüşdə Ruslan Abışov və Məqsəd İsayevin dəqiq zərbələri ilə qələbə (2:0) və nəhayət, finalda Omanla oyunda “qızıl” qələbə.
Göründüyü kimi, İslamiadanın çempionu keçirdiyi beş görüşdən heç birində uduzmamış, üç qələbə qazanmış və iki dəfə heç-heçə oynamışdır. Komanda rəqiblərini üst-üstə altı dəfə oyuna mərkəzdən başlamağa məcbur etmiş, öz qapısında isə cəmi bir top görmüşdür.
Bazar günü axşam IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycana növbəti, 75-ci qızıl medalı qazandırmış milli komandamız futbol tariximizə sanballı bir səhifə yazmışdır. Bu komandanın şərəfini qoruyan futbolçuların müsəlman ölkələri atletlərinin ən böyük idman, dostluq, qardaşlıq və birlik bayramı olan IV İslam Həmrəyliyi Oyunlarının çempionu olmaları ilə həmişə qürur duymağa haqları var. Onların İslamiadada qazandıqları medallar ölkəmizin baş komandasının 2018-ci il dünya çempionatının seçmə yarışları çərçivəsində iyunun 10-da Bakıda Şimali İrlandiya komandasına qarşı keçirəcəyi görüş ərəfəsində futbol ictimaiyyətimizi daha da ümidləndirmişdir. Həqiqətən, çox əhəmiyyətli qələbə qazanılmışdır.
Bu turnirdə bürünc medalları üçüncü yer uğrunda görüşdə Kamerun komandasına 2:0 hesabı ilə qalib gələn Əlcəzair komandasının qazandığını və oyunu azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyini də xatırladaq.
Millimizin yaxın ehtiyyat qüvvəsi olan gənc futbolçularımıza bir daha minnətdarlığımızı bildirək. Onların indiki uğuru bir də ona görə ikiqat qiymətli və fərəhlidir ki, bu müvəffəqiyyət uşaq və yeniyetmələr arasında futbolun kütləviliyinin artmasına, çox populyar oyunun pərəstişkarlarının sıralarının daha da genişlənməsinə növbəti təkan verəcək.
Azərbaycan komandasının İslamiadanın layiqli çempionu olduğunu final görüşündən dərhal sonra Oman futbolçularının məşqçisi Həmid Əl-Əzaminin söylədiyi fikir də təsdiq edir: İlk növbədə IV İslam Həmrəyliyi Oyunlarının əla təşkilini qeyd etmək istərdim. Əvvəlki Oyunlarla müqayisədə indiki yarışlar təşkilatçılıq baxımından daha yüksək səviyyədə idi. Oyuna gəldikdə, Azərbaycan komandası çox yaxşı hazırlaşmışdı. Biz dəqiq oynayan rəqibdən fərqli olaraq, hər iki hissədə səhvlərə yol verdik. Fasilədən sonra hücuma atıldıq, lakin, buna baxmayaraq, uduzduq.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.