“Ümidləri doğrultduğum üçün qürur hissi keçirdim”

IV İslam Həmrəyliyi Oyunlarında medal ümidlərimizdən biri də Olimpiya çempionumuz Radik İsayev idi. Tatami ustamız bütün görüşlərində böyük inamla mübarizə apardı və fəxri kürsüdə layiqli yerini tutdu. Dünya şöhrətli taekvandoçumuz ilə görüşüb qəzetimiz üçün müsahibə aldıq.

-       Bakı tatamisində inamlı təsir bağışlayırdın. Yarışlara hazırlığın necə keçmişdi?

-       IV İslam Həmrəyliyi Oyunları İslam dünyasının ən önəmli idman tədbiridir. Azərbaycan dünyada idman ölkəsi kimi tanındığı üçün bu tədbirdə yüksək səviyyədə çıxış etməyi özümüzə borc bilirdik. Buna görə də hazırlığımız plan üzrə gedirdi və çalışırdıq ki, heç bir boşluğa yol verməyək. Bundan əvvəl 3 turnirdə iştirak etmişdik. İslam Oyunlarına cəmi 10 gün qalmış Yunanıstandan Open turnirindən qayıtdıq. Qısa müddətə bərpa olunub bu nüfuzlu yarışlara özümüzü köklədik. Məşqçi heyəti bizə kifayət qədər yük verdi və bunun öhdəsindən gəldik. 

-       Qarşılaşmalarından hansı sənin üçün daha gərgin keçdi?

-       Əlbəttə, finaldakı. Özbəkistanlı rəqibim Dmitri Şokinlə görüşüm çox gərgin keçdi. Biz onunla həm də dostuq. 2015-ci ildə o 87+, mən isə +87 kiloqram çəki dərəcəsində dünya çempionu olmuşduq.  Döyüşlərimiz öz gərginliyini bütün raundlar ərzində saxladı. Görüşün əsas vaxtı 8:8 hesabı ilə yekunlaşdı, qalibi müəyyən etmək üçün oynanılan əlavə vaxtda rəqibimi qızıl xalla məğlubiyyətə uğratdım.

-       İslamiadada çempionluğa aparan əsas hansı məqamları qeyd edərdin?

-       Doğma divarların sehrini vurğulayardım. İlk görüşlərdən qələbə əzmini hiss edirdim. Düzdür, doğma arenada məsuliyyət yükü vəziyyəti bir qədər ağırlaşdırır. Lakin  qalib gəlmək arzusu daha böyük olduğundan qələbəyə köklənə bilirsən.

Həlledici qarşılaşmanı möhtərəm Prezident İlham Əliyev, federasiya rəhbərləri, doğma azarkeşlərim izləyirdilər. Bakı tatamisində hamı məndən qələbə gözləyirdi. Bu, üzərimə yük qoymaqla bərabər, həm də mübarizə ruhumu artırdı. Həlledici qarşılaşmada qələbə qazandığım zaman dillə ifadə edilməyəcək hisslər yaşadım – ümidləri doğrultduğum üçün qürur hissi keçirdim.

-       Olimpiya, Avropa  Oyunlarının, dünya, Avropa çempionatlarının qalibi kimi yüksək titulların sahibini məğlub olmaq qorxutmur?

-       Məğlub olmaqdan qorxmuram. Ümumiyyətlə, realist olmaq lazımdır və əgər uduzarsansa bu faktı necə varsa o cür də qəbul etməyi bacarmalısan. Taekvando çətin idman növüdür və yüksək hazırlıq tələb edir. Təcrübəli taekvandoçu başa düşməlidir ki, əgər qələbə qazanmaq istəyirsə, fasiləsiz və inadla məşqlərinə davam etməli, öz üzərində işləməyi bir an belə dayandırmamalıdır. Hətta ən böyük titulların belə varsa, yarışlara lazımi səviyyədə hazırlaşmamısansa,  məğlub olacaqsan və bununla barışmağa hazır olmalısan.

-       IV İslam Həmrəyliyi Oyunlarından sonra hansı yarışlarda gücünü sınayacaqsan?

-       Bir aydan sonra Koreyada taekvando üzrə dünya çempionatı keçiriləcək. Bir neçə gündən sonra artıq hazırlıq başlanacaq və təlim-məşqlərə qatılacağıq. Bu yarış da bizim üçün böyük əhəmiyyət daşıyır. İndi əsas hədəf dünya çempionatıdır. Məqsədimiz mundialda Azərbaycanı layiqincə təmsil etməkdir.

Müsahibəni apardı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında