Boksçularımızın möhtəşəm qələbəsi

IV İslam Həmrəyliyi Oyunlarının “Baku Crystal Hall”da keçirilən boks yarışlarını yığma komandamız böyük uğurla başa vurub. Azərbaycan boksçuları İslamiadada 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb, komanda hesabında birinci yeri tutublar.

Boks yığmasının böyük məşqçisi Nəriman Abdullayevlə görüşüb rinq ustalarımızın uğurunu şərh etməsini xahiş etdik. Nəriman Abdullayev, boks yığmamızın son illər hazırlıq səviyyəsinin yüksək olduğunu dedi. “IV İslamiadada dünyanın ən güclü rinq ustalarının yer aldığı Özbəkistan, Qazaxıstan kimi boks ölkələrinin yığmaları iştirak edirdilər. Özbəkistan yığması ötən olimpiadada parlaq çıxış edib komanda hesabında birinci yeri tutdu. Digər komandalarda da, demək olar ki, zəif rəqib yox idi və hər çəkidə güclü rəqabətin şahidi olduq.

Rinq ustalarımız böyük əzmlə mübarizə apardılar. Boks yığmamızın İslamiadanın qalibi olması böyük nəticədir. Bəlkə də doğma divarlar onların mübarizə ruhunu daha da artırmışdı. Qızıl medalları yığmamızın aktivinə Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq),  Məhəmmədrəsul Məcidov (91+), gümüş medalları  Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), bürünc medalı isə Tayfur Əliyev (56 kq) yazdılar. 3 boksçumuz medalsız qaldı. Görüşlər bir-birindən gərgin keçdi.

Əslində, bütün boksçuların medal şansları var idi. Amma rəqiblərin hazırlığını da nəzərə almaq lazımdır. Şübhəsiz, bu qarşılaşmalar təhlil olunacaq və gələcəkdə idmançılarımızın daha yüksək nəticələr əldə etmələri üçün bütün bunlar nəzərə alınacaq. Qeyd edim ki, idmançılarımız yarışları, demək olar ki, zədəsiz başa vurdular. Yalnız Tamerlan Abdullayevin qaşı açılmışdı, finala qədər tamam partladı. Ancaq həkimin köməyi ilə müəyyən dərman vasitələri idmançımıza döyüşünü davam etdirmək imkanı yaratdı”.  

Nəriman müəllim yığma üzvlərinin qarşıdakı yarışlarda iştiraklarına da aydınlıq gətirdi: “Bu ilin əvvəlində yığmamız “İpək yolu” turnirində uğurla çıxış etmişdi. İyun ayının 15-də isə yığmamız Avropa çempionatında çıxış edəcək. Ümidvarıq ki, medal qazanmayan boksçularımız qitə yarışında yüksək nəticə əldə edib medala layiq görüləcəklər. Həmin yarış, həm də bu ilin avqustun əvvəlində keçiriləcək dünya çempionatına lisenziya xarakteri daşıyır. Qitə turnirindən sonra dünya çempionatında iştirak edəcək boksçularımız müəyyənləşəcək”.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında