Gərgin məşqlərin qızıl qələbəsi

Dəri əlcək ustamız Teymur Məmmədov  IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışında 91 kq çəki dərəcəsində finalda türkiyəli Burak Akşinlə gərgin  mübarizə şəraitində keçən döyüşdə qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qızıl medalçı boksçumuzla əlaqə yaradıb qəzetimiz üçün eksklüziv müsahibə  aldıq:

– Teymur, parlaq qələbə münasibətilə səni  təbrik edirik.

– Çox sağ olun. Mükafatlandırma mərasimi elə indilərdə başa çatdı. Azərbaycan bayrağını yüksəyə qaldırmaqdan və dövlət himnimizi səsləndirməkdən qürur duydum. İdmançı üçün  ən yaddaqalan hadisə də məhz budur.

– Qızıl medal sənə təqdim olunanda hansı hissləri keçirdin?

– Çox sevindim. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, bu vaxta qədər qazandığım medallar çox olub. 2011-ci ildə Bakıda  keçirilən dünya çempiomatında gümüş, 2012-ci ildə Londonda  keçirilən XXX Yay Olimpiya Oyunlarında bürünc, bir il sonra Almatıda keçirilən dünya çempionatında bürünc  medal qazanmışam. Avropa çempionatlarında qızıl və gümüş medalların sahibi olmuşam. Dörd dəfə Azərbaycan çempionu adını qazanmışam. Bakıda keçirilən I Avropa Oyunlarının qızıl medalını almışam. Göründüyü kimi, medallarımın sayı çoxdur. Bütün bunlara baxmayaraq, IV İslam Həmrəyliyi Oyunlarında aldığım qızıl medal  da mənim üçün çox qiymətlidir. Bu, ölkəmizdə idman və idmançılra göstərilən yüksək qayğının nəticəsidir.

– Heç bir qələbə asan başa gəlmir. Yəqin ki, yarışqabağı məşqləriniz çox gərgin keçib.

– Əlbəttə, digər yarışlar kimi, İslam Oyunlarına da ciddi hazırlaşırdıq. Təlim-məşq toplanışımızı çox yüksək səviyyədə keçirmişdik. Yorulmadan məşq edirdik . Qəbələdə fiziki çalışmaları başa vurduqdan sonra Bakıda sınaq döyüşlərində də təcrübəmizi artırdıq. Mən və komanda yoldaşlarım ən yaxşı formada, yüksək əhval-ruhiyyədə idik. Bu da nəticəsi. Bir faktı da xatırlatmaq istərdim. I Avropa Oyunları ərəfəsində oğlum dünyaya gəlmişdi. Onu qızıl medalla sevindirdim. IV İslam Həmrəyliyi Oyunları ərəfəsində də ikinci oğlum dünyaya göz açmışdı. Onu da qızılla sevindirdim. Necə deyərlər, ayaqları düşərli oldu.

– Adətən, idmançılar hər qələbəsini kiməsə həsr etdiklərini deyirlər. Sən bu barədə heç düşünmüşdün?

– Əlbəttə, mən bu qələbəmi xalqıma həsr etmişəm. Bu qələbəyə görə, ümumiyyətlə, yarışlarda qazandığım mükafatlara görə, möhtərəm Prezidentimiz, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirir, qazandığımız qələbələrə görə ilk növbədə onları təbrik edirəm. Ölkəmizə gələn idmançılar da deyirlər ki, Azərbaycanda idmana və idmançılara göstərilən yüksək diqqət və qayğı heç bir ölkədə yoxdur. Mənim əziyyətimi çəkən məşqçilərimə və orta təhsilimi başa vurduğum, mükəmməl boksçu kimi yetişməyimdə böyük xidmətləri olan Olimpiya İdman Liseyinin direktoru Rasim Muradov başda olmaqla müəllimlərimə minnətdaram. 

– Yarış başlanmazdan əvvəl deyirdiniz ki, boks komandamız ən yüksək yer uğrunda mübarizə aparacaq.

– Bəli, komandamızın bütün üzvləri Avropa Oyunlarında olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarında da yarışın ən güclü yığması adını qazanmağa söz vermişdilər. Biz istəyimizə nail olduq  və bu Oyunlarda  komanda hesabında birinci olduq.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında