Ümidləri doğrultduğum üçün sevinirəm

Yarışların 5-ci günündə ölkəmizə növbəti mükafatı qazandıran Nigar Nəsirova güllə atıcılığı yarışında fərqlənib. O, 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda 3-cü yeri tutub. Bürünc medal üçün snayperimizə 211,5 xal kifayət edib. Yarışlardan bir qızıl və bir bürünc medalla ayrılan Nigar Nəsirova dedi:

– Çox sevinirəm ki, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışda medal qazandım. Belə deyirlər ki, medalın iki üzü var. Birinci üzünü hamı görür, ikinci üzü isə bizim məşqlərdəki gərgin zəhmətimiz və qələbəyə çatmaq üçün çəkdiyimiz əziyyətdir. Azərbaycanda atıcılıq idman növü üzrə qazandığımız nailiyyətlər həm də idmanımızın uğurudur. Yarışların keçirildiyi Bakı Atıcılıq Mərkəzində hər cür şərait var.

– Rəqibləriniz haqqında nə deyə bilərsiniz?

– Mübarizə gərgin keçdi. Rəqiblərim arasında İran, Misir və Oman idmançıları çox güclü idilər. Lakin mənə bəslənən ümidləri doğrultduğum üçün sevinirəm. Azarkeşlərin dəstəyi məni ruhlandırdı və qızıl medal qazandım.

– Atıcılığa marağınız necə yaranmışdı?

– Atıcılığa maraq ailədən yaranıb. Qeyd edim ki, xalam, məşhur idmançımız, olimpiya mükafatçısı İradə Aşumovanın uğurları, bu idman növünün xüsusiyyətləri məndə atıcılığa həvəs oyatdı. Uğur qazanmaq üçün əlimdən gələni etdim. Biz idmançılara göstərdiyi diqqətə görə Atıcılıq Federasiyasının prezidenti, general-polkovnik Vaqif Axundova, qələbəmizdə əməyi olan məşqçilərimizə dərin təşəkkürümü bildirirəm.

– Atıcılığa həvəs göstərən qızlarımıza nə məsləhət görərdin?

– Bu idman növü elədir ki, insandan ilk növbədə səbr, daxili sakitlik və yüksək intuisiya tələb edir. Qeyd edim ki, qadınlar bu sahədə kişilərdən irəlidədir. Odur ki, gələcəkdə bu idman növünə həvəs göstərən xanımlar bilməlidir ki, ilk növbədə səbrli, problemlərdən və psixoloji gərginlikdən uzaq olmalıdırlar.

Söhbəti apardı:
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında