Çempiondan İslami dəyərlərə layiqli töhfə

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları həm yarışlara yüksək səviyyədə hazırlıq işlərinin aparılması, həm təmtəraqlı açılış mərasimi,  həm də bir neçə idman rekordu ilə yadda qalacaq. Belə rekordlardan biri də Azərbaycan yığmasının atıcısı Ruslan Lunyova məxsusdur.

Qeyd edək ki, snayperimiz 10 metrdən pnevmatik tapança ilə atəşdə qarışıq komanda yarışında hamıdan dəqiq olmuş və 5-ci qızıl medalını qazanmışdır. O, bundan öncə isə 25 metrdən tapança ilə mərkəzə atəşaçma, eyni məsafədən sürətli atəşaçma, həmçinin standart tapança ilə atəşaçma və 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçmada qızıl medal əldə etmişdi.

Azərbaycanın güllə ­atıcısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyi beş qızıl medala görə ona ödəniləcək mükafatın bir hissəsini Talassemiya Mərkəzinə köçürəcəyini bildirib. Komandamızın üzvünün bu xeyirxahlığı  İslami dəyərlərə layiqli töhfədir.

Çempionun anası – güllə atıcılığı üzrə dünyada tanınmış, Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumova da oğlunun bu xeyirxah əməlini təsdiqləyib. Respublikamızı 1996, 2000, 2004 və 2012-ci illərdə Olimpiya Oyunlarında təmsil edən İradə Aşumova həm də 2015-ci ildə I Avropa Oyunlarında yarışmışdı. İndi isə estafeti oğlu  Ruslan Lunyova ötürüb.

R.Lunyov ilk dəfə 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarında çıxış etmiş və mükafata layiq yer tutmamışdır. Məşqçiləri onun çıxışını uğurlu hesab etmişlər. 26 yaşlı gənc güllə atıcımız ruhdan düşməmiş və məşqləri davam etdirmişdir. O, bu ilin fevralında Hindistanda keçirilən beynəlxalq yarışda üçüncü yeri tutmuş, Sloveniyanın Maribor şəhərində keçirilən Avropa çempionatında qarışıq mübarizədə isə bürünc mükafat qazanmışdır.

Ruslan Lunyov Dünya Kubokunda iştirak etmək üçün artıq Almaniyanın Münxen şəhərinə yollanıb.

Oğlunun xeyirxahlığından danışan anası,  güllə atıcılığı üzrə yığma komandamızın baş məşqçisi İradə Aşumova deyib ki, əgər Ruslan beş qızıl medal qazanıbsa, deməli, bu, onun və məşqçisinin nailiyyətidir: “Xüsusən də mən, onun anası kimi, oğlumun necə çalışdığını, belə uğurlara hansı çətinliklərə sinə gərərək nail olduğunu görmüşəm və görürəm”.

Onun sözlərinə görə, qazandığı medallara görə Ruslana ödəniləcək pul mükafatı onu arxayınlaşdıra bilməz: “Ruslan  qazandığı pulun bir hissəsini Talassemiya Mərkəzinə köçürəcək. Mən oğlumdan bu addımı gözləyirdim. Çünki o, humanist oğlandır. Çalışır ki, insanlara kömək etsin”.

İ.Aşumova bildirib ki, Ruslanın şəxsi məşqçisi atası Vladimir Lunyovdur. O da oğlunun bu xeyirxah hərəkətindən məmnun qaldığını bildirirb.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında