Ömər Helmissi: IV İslamiada qlobal medianın gündəmindədir

Əlcəzairli jurnalist “Xalq qəzeti” redaksiyasında qonaq olub

Bu günlərdə Azərbaycan paytaxtında böyük uğurla keçirilən IV İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq üçün dünyanın əksər ölkələrinin aparıcı kütləvi informasiya vasitələrinin çox sayda təmsilçiləri Bakıya təşrif buyurublar. Onların arasında Əlcəzairin populyar idman jurnalı “Ech-Chab”-ın (“Xalq”) əməkdaşı Ömər Helmissi də var.

Dünən əlcəzairli jurnalist öz təşəbbüsü ilə “Xalq qəzeti” redaksiyasına gələrək, qəzetimizin kollektivi ilə yaxından tanış olmaq arzusunu bildirdi. Həmkarım Azərbaycanın ən qocaman mətbu nəşrlərindən biri olan “Xalq qəzeti”nin məramı,  ayrı-ayrı şöbələrinin iş təcrübəsi ilə tanış oldu. Qəzetimizin son nömrələrini həvəslə vərəqlədi, fikir və təkliflərini səsləndirdi.

Əməkdaşımız fürsətdən istifadə edərək əlcəzairli qonaqdan hazırkı İslamiada barədə özəl təəssüratlarını oxucularımızla bölüşməsini xahiş etdi. Qonaq dərin məmnunluq hissi ilə dedi:

– Mən bundan əvvəl də idman jurnalisti olaraq bir sıra ölkələrdə olmuş, nüfuzlu beynəlxalq tədbirləri işıqlandırmışam. Əlimi ürəyimin başına qoyub səmimi deyirəm: IV İslam Həmrəyliyi Oyunları ən yüksək dünya standartları səviyyəsində təşkil olunub.

Yeri gəlmişkən, bu, təkcə mənim fikrim deyil. Bakıya gələn həmkarlarımın, demək olar, hamısı burada yarışların yüksək səviyyədə təşkilindən razılıq edir.

Mənim vətənim Əlcəzairdən, başqa müsəlman ölkələrindən olan idmançılarla tez-tez yarışların təşkili barədə söhbətlərim olur. Onlar da yarışların həqiqətən gərgin və ədalətli idman mübarizəsi şəraitində keçdiyini bildirirlər. Yeri gəlmişkən, Əlcəzairin milli yığma komandasının üzvləri artıq bir sıra yarışlarda yaxşı nəticələr əldə ediblər.

Amma idman təkcə yüksək nəticələr, medallardan ibarət deyil. İdman xalqlar və dövlətlər arasında dostluq və həmrəylik əlaqələrinin güclənməsinə kömək edən təsirli vasitədir. Bu gün dünyanın, eləcə də böyük müsəlman aləminin dostluq və qardaşlığa böyük ehtiyacı var. Bu mənada IV İslam Həmrəyliyi Oyunları məhz sülhə və əmin-amanlığa xidmət edir. Bakı bu gün bütün dünyaya mesaj göndərir ki, İslam sülh dinidir, bəzilərinin yalandan iddia etdikləri kimi, müsəlmanlar heç də terrorçu deyillər, əksinə, hamıdan çox sülhə və həmrəyliyə meyillidirlər.   

Mən hiss edirəm ki, Azərbaycanda idmana həqiqətən böyük maraq var. Sizin qəzetin səhifələrində də bunu aşkar görürəm. Qəzetinizin hər gün 3-4 səhifəsi İslamiada yarışlarının gedişatına həsr olunur. Bu, ona dəlalət edir ki, Azərbaycan oxucusu bu nüfuzlu tədbirə dərin maraq göstərir.

Bakını, onun səmimi, mehriban, qonaqpərvər insanlarını bütün qəlbimlə sevdim. Bu gözəl şəhərə bir daha gəlmək istərdim. İnşallah, arzum çin olar!

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında