Hərəyə bir medal

Mayın 17-də Bakı İdman Sarayında taekvando və Heydər Əliyev adına İdman Arenasında yunan-Roma güləşi turnirlərinin birinci günü belə böyük yarışlar üçün nadir hadisə baş verdi. Həmin gün dayanq üzərinə çıxan Azərbaycanın bütün beş taekvando ustasının hamısı fəxri kürsüyə yüksəldi, mübarizəyə dörd nəfərlə qoşulan “klassiklərimizdən” də heç kim yarış meydanını medalsız tərk etmədi.

Təkrar edək, İslam Həmrəyliyi Oyunları kimi kəskin  rəqabət, yüksək ustalıq, möhkəm iradə və əzmkarlıq tələb edən mötəbər yarışda hər hansı ölkə komandasının bir gün ərzində starta çıxan üzvlərinin hamısının mükafatçılar sırasında yer alması heç də asan iş deyil, əksinə, nadir nailiyyətdir. Amma taekvondoçularımız və yunan-Roma güləşçilərimiz bu işin öhdəsindən böyük məharətlə gəldilər.

Həmin gün həmvətənlərimiz təkcə bu iki idman növündə  Azərbaycan xalqına 5 qızıl, eləcə də 2 gümüş və 2 bürünc mükafatın sevincini yaşatdılar. Qızıllardan üçü taekvondoçular – Rio Olimpiadası – 2016-nın  çempionu Radik İsayev (+87 kq), elə həmin  Olimpiya oyunlarının bürünc mükafatçıları Milad Beiqi Hərçəqani (80 kq) və Patimat Abakarovaya (49 kq) təqdim olundu. Qaliblərin komanda yoldaşı Ayxan Tağızadə (68 kq) də onlardan geri qalmayıb fəxri kürsünün zirvəsində təbrikləri qəbul etdi, Fəridə Əzizova (67 kq) isə yalnız finalda  uduzub  gümüş  mükafatçı oldu.

Həqiqətən, qibtəediləcək nəticədir. Bir  gündə beş  taekvondoçu dörd qızıl və bir gümüş medal qazanmışdır. Bu mükafatlar çempionlarımızın,  onların məşqçilərinin, təmsil etdikləri  federasiyanın  böyük  uğurudur.

İslamiada startlarının 17 may  proqramında yunan-Roma güləşçilərinin qazandıqları medalların sahiblərini də bir daha minnətdarlıqla xatırlayaq. Onlar arasında ən böyük  müvəffəqiyyətə İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanan Orxan Nuriyev (98 kq) nail oldu. Yalnız finalda “büdrəyən” Rafiq Hüseynov  (80 kq) gümüş, Rəsul  Çunayev (71 kq) və Murad Məmmədov (59 kq) isə bürünc medal qazandılar.

Taekvandoçuların və yunan-Roma güləşçilərinin bu uğurları İslamiada sınaqlarında hələ son qələbələrimiz deyildi. Həmin növlər üzrə yarışların birinci gününün  azərbaycanlı qəhrəmanlarının başladıqları zəfər yürüşünü dünən onların  komanda yoldaşları, daha dörd taekvondoçu və bir o qədər də güləş  ustası davam etdirməli idi.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında