“Zəfər günləri”nin növbəti qəhrəmanları

IV İslam Həmrəyliyi Oyunlarında  artıq medallarımızın sayı yüzü ötüb. Bu Oyunlardakı  uğurlarımız Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılacaq.

Bu sözləri mayın 18-də   “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının  növbəti qalibləri və mükafatçıları olan idmançılarımızın şərəfinə Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunan “Zəfər günləri” adlı  tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə səsləndirdi.

“Lider” televiziya kanalı ilə canlı yayımlanan tədbirdə  çıxış edən MOK-un vitse-prezidenti  idmançılarımızın ötən gün qazandıqları medallar münasibəti ilə Azərbaycan xalqını, idman ictimaiyyətini təbrik etdi. Bildirdi ki, Azərbaycan idmançıları ötən gün 18 medal qazanıblar. Bu medallardan 9-u qızıl, 5-i gümüş, 4-ü isə bürüncdür. Ümumilikdə milli komandamız 99 medalla (50 qızıl, 29 gümüş və 20 bürünc) ikinci pillədəki yerini qoruyub. O dedi: “Qazandığımız qələbələr, idmançılarımızın yüksək nəticələri  bir daha Azərbaycan dövlətinin dünyada  idman ölkəsi kimi tanındığını, beynəlxalq idman yarışlarında respublikamızın müsbət imic qazanmasını  sübut edir. İdmançılarımıza yeni-yeni uğurlar arzu edirəm”.

Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri Hadı Rəcəbli idmançılarımızı təbrik edərək, ölkəmizin idman sahəsində qazandığı uğurlara, son illər Bakıda təşkil edilən  mötəbər idman yarışlarına toxundu. Onun sözlərinə görə, 54 müsəlman ölkəsinin  idman ictimaiyyətinin  Bakıda bir araya gəlməsi, güclərini sınaması həm də Azərbaycanın bir idman ölkəsi, sülhsevər və qonaqpərvər dövlət olmasını müsəlman aləminə göstərdi.

Daha sonra üzgüçülük,  atletika, paraatletika, yunan-Roma güləşi üzrə  medal qazanaraq fəxri kürsüyə yüksələn idmançıların mükafatlandırılması mərasimi oldu.

Sonra  müğənnilərin iştirakı ilə keçirilən  konsert qələbə əhval-ruhiyyəsini daha da artırdı.

 Fürsətdən istifadə edib fəxri kürsüyə yüksəlmiş idmançılarımızın təəssüratlarını, qələbə sevincini “Xalq qəzeti”nin oxucularına çatdırırıq.

Orxan Nuriyev (yunan-Roma güləşi): Sevinirəm ki, qalib oldum. Yarışlar çətin keçdi, rəqabət var idi, prinsipial yarış idi.  Altı aydır ki, İslam Oyunlarına gərgin hazırlaşırdım. Qarşıma məqsəd qoymuşdum ki, qalib olum. Odur ki, gərgin məşqlər edirdim. Məşqçim, valideynlərim başda olmaqla, hər kəs mənə dəstək oldu, məni qələbəyə ruhlandırdı.  Dövlət himnimizi səsləndirdiyim üçün çox sevinirəm.

– Sənə daha çox kim  dəstək olub?

– Məşqçilərim, valideynlərim, təbii ki, dəstək olur. Eyni zamanda  babamın da dəstəyini uşaqlıqdan görürəm. Hətta  bir vaxtlar – uşaq ikən idmandan ayrılsam da, o, məni yenidən idmana aparıb. Üzərimdə haqqı olan hər kəsə təşəkkür edirəm.

Rəsul Çunayev
(yunan-Roma güləşi)
– Son saniyələrdə ani səhvə yol verdiyimə görə  iranlı rəqibimə uduzdum. Qızıl medal qazana bilməsəm də,  yarışlardan bürünc medalla ayrıldım. Çalışacağam ki, bundan sonra iştirak edəcəyim yarışlarda belə səhvləri buraxmayım. Bu, mənim üçün bir imtahan oldu. Əslində məğlub olmadım, bürünc medal qazandım. Mənim üçün qazandığım hər bir medal qiymətlidir. Çünki onun üçün əziyyət çəkirəm.

– Azərbaycanın təşkilatçılıq səviyyəsi barədə nə deyə bilərsiz?

– Sözsüz ki, təşkilatçılıq səviyyəsi yüksəkdir. Hətta qonaqlarla söhbətimdə mənə deyirlər ki, Olimpiya oyunları da Bakıda keçirilsə, əla olar. Çünki Azərbaycan bu cür idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir.

 Qarşıda bizi Heydər Əliyevin xatirəsinə həsr edilmiş  Qızıl “Qran-Pri” yarışı və avqust ayında dünya çempionatı gözləyir.

Patimat Abakarova (taekvandoçu): Çox sevinirəm ki, qızıl medal aldım. Hamı məndən qızıl medal gözləyirdi.  Fəxr edirəm ki, bu etimadı doğrultdum. Rəqiblərim heç də zəif deyildi. Lakin bununla belə, yarışda  sona qədər  mübarizə apardım.  Tamaşaçıların dəstəyini hiss edirdim. Buna görə də təşəkkür edirəm. IV İslam Həmrəyliyi Oyunlarından sonra məni  dünya çempionatı gözləyir. Dördgünlük istirahətdən sonra həmin yarışlara hazırlaşacağam. Ümid edirəm ki, oradan da  medalla dönəcəyəm.

Rafiq Hüseynov (güləşçi): Bu cür yarışın Azərbaycanda keçirilməsi, həqiqətən də, qürurvericidir. Vətəndə, doğma arenalarda çıxış etmək mənim üçün çox gözəldir. Medal qazanmaq üçün əlimdən gələni etdim, gümüş medal oldu. Yunan-Roma güləşinə maraq ailədən  irəli gəlir. Atam bu idman növü ilə məşğul olub. Odur ki, ailəm məni hər zaman dəstəkləyib. Mən də onun yolunu davam etdirirəm.

İlahə Raciyeva (üzgüçü): Yeddi yaşımdan üzgüçülüklə məşğulam. İstəyirdim ki, həmişə bu cür mötəbər yarışlarda iştirak edib, uğur qazanım. IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazandım. On üç yaşım var. Qarşıda məni yeni yarışlar gözləyir. İnanıram ki, gələcəkdə qızıl medallarla Vətənimi sevindirəcəyəm.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

(fotolar müəllifindir)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında