“Anadolu” agentliyi: Türkiyə rəsmiləri IV İslam Həmrəyliyi Oyunlarının qaliblərini təbrik ediblər

Türkiyənin aparıcı informasiya agentliyi “Anadolu” yazır ki, dünən Türkiyənin Baş naziri Binəli Yıldırım IV İslam Həmrəyliyi Oyunlarında qələbə qazanmış idmançıları təbrik edib. Türkiyə hökumətinin rəhbəri  Bakıda keçirilən bu nüfuzlu tədbirdə idmanın silahdan atəş açma, ağır atletika, cüdo, gimnastika və karate növləri üzrə yarışlarda qələbə qazanmış idmançılara təbrik teleqramları göndərib.

Bundan üç gün əvvəl isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə, oradan da ABŞ-a yola düşməzdən əvvəl türkiyəli idmançıları qələbə qazanmaları münasibətilə təbrik edərək onların hər birinə yeni uğurlar arzulayıb.

Qeyd edək ki, Türkiyə IV İslam Həmrəyliyi Oyunlarına geniş heyətlə qatılıb. Belə ki, 345 türkiyəli idmançı proqrama daxil edilən bütün 20 idman növü üzrə qələbə uğrunda əzmlə mübarizə aparır. Türkiyə idmançıları 43-ü qızıl, 40-ı gümüş, 32-si bürünc olmaqla 115 medal qazanıblar. Medalların sayına görə onlar birinci yerdədirlər.

Yeri gəlmişkən, “Anadolu” agentliyi yarışların açılış günü barədə geniş material yerləşdirib. Yazıda qeyd olunub ki, rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif əl-Osaymin, Türkiyənin gənclər və idman naziri Akif Çaqatay Kələc və başqa rəsmi şəxslər iştirak ediblər. 

Azərbaycanın ev sahibliyi etdiyi İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri, bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahdə olunmayıb.

Agentliyin müxbiri həmçinin qeyd edib ki, rəsmi açılış mərasiminin teatrlaşdırılmış səhnələrində Şərq, müsəlman dünyasının qədim tarixinin, zəngin mədəniyyətinin əsas hadisələri uğurla əks olunub. İslam sivilizasiyasının vaxtilə bəşəriyyətə verdiyi böyük töhfələri təcəssüm etdirən bu səhnələr çox sayda tamaşaçılarda dərin heyranlıq doğurub.

“Anadolu” agentliyi xatırladır ki, IV İslam Həmrəyliyi Oyunları 2021-ci ildə Türkiyədə keçiriləcək.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında