Mayın 12-dən start götürən IV İslam Həmrəyliyi Oyunlarının idman həyəcanı davam edir. 54 müsəlman ölkəsini təmsil edən idmançılar Azərbaycanda qüvvələrini sınayır və hazırda yarışın ən qızğın və maraqlı günləri keçirilir. İdmançılarla yanaşı, ölkəmizə çoxsaylı media nümayəndələri də gəlmişdir. Onlardan biri də Əlcəzairin “Ennahar”TV nin əməkdaşı Xaoula Mansuridir. Ölkəsinin futbol millisini dəstəkləyən və yayımlayan X. Mansuriylə söhbətləşdik.
– Min kilometrlə məsafə qət edib Azərbaycana gəlmisiniz. Azərbaycan, paytaxt Bakı barədə təəssüratlarınız necədir?
– İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirildiyini öyrənəndə doğrusu, bir qədər təəccüblənmişdim. Həm Azərbaycan haqqında məlumatımız az idi, həm də öyrəndik ki, ərazicə və əhalicə o qədər də böyük ölkə deyilsiniz. Axı o qədər də böyük ərazisi olmayan ölkənizin belə böyük idman yarışını öz üzərinə götürməsi üçün hansı əsaslar var idi ? Lakin gələndən sonra bir daha əmin olduq ki, insan istəsə hər şeyə nail ola bilər. Əsas odur ki, bu onun ürəyindən gəlsin. Deməli ürək böyük olmalıdır. Açılışın möhtəşəm keçməsi, təşkilatçılığın yüksək səviyyədə olması, təhlükəsizliyin hər cəhətdən uğurlu təmin olunması diqqətimdən yayınmadı. Azərbaycan müsəlman ölkələri arasında, həqiqətən, fərqli mədəni çalarlara, maraqlı təbiətə, inkişafameyilli ambisiyalarına görə seçilir. Ölkəniz hər cəhətdən məni cəlb etdi. Doğrusu, Azərbaycan mənə ölkəm qədər doğma gəldi. Çünki məmləkətlərimiz arasında oxşarlıqlar var. Bunun əsas səbəbi, şübhəsiz ki, hər iki xalqın müsəlman olması, vaxtilə bəlkə də eyni tarixi dövlətləri, imperiyaları bölüşməsi, dünyəvi dövlətin olması və sairdir. Azərbaycan da, demokratik, hüquqi dövlətdir, Əlcəzair də Xalq Cümhuriyyətidir. Yəni hər iki ölkədə beynəlxalq hüquqi idarəçilik əsas götürülür.
– Ölkəmizdəki İslami dəyərlərlə yanaşı, multikultural mühiti hiss etdinizmi?
– Azərbaycan da, Əlcəzair kimi öz milli və dini dəyərlərinə önəm verən ölkədir. Bakıda yüksək memarlıq və müasir konstruksiyaya əsaslanan məscid gördüm. Səhv eləmirəmsə, bu, Heydər məscidi idi. Bizə dedilər ki, bu, regionda ən böyük məsciddir. Belə məscidlər Əlcəzairdə də çoxdur. Şübhəsiz ki, dinimizə məxsus ibadətgahları harada görsəm, orada özümü ruhi cəhətdən əmin-amanlıqda hiss edirəm. Bu mənim bir müsəlman kimi, sözsüz ki, çox xoşuma gəlir. Amma sizdə fərqli dinlərə mənsub insanları da gördüm. Burada yəhudi sinaqoqları, kilsələrin olduğu barədə mənə məlumat verdilər. Bu məni həm təəccübləndirdi, həm də maraqlandırdı. Çünki belə bir görüntü yaratmağa çalışırlar ki, guya müsəlman ölkələrində yəhudilərə, xristianlara qarşı antipatiya var. Lakin belə təbliğat aparan qüvvələrə Azərbaycan kimi müsəlman ölkələrinin digər din nümayəndələrinə yaratdıqları şərait tutarlı bir cavabdır. Azərbaycanda tolerant mühit var. Bu belə də olmalıdır. Həzrəti Məhəmməd peyğəmbərimizin həyatını oxusaq, görərik ki, digər din mənsubları ona nə qədər etibar etmişlər. Onun xeyriyyəçiliyindən nə qədər yazmışlar. Hətta müsəlmanları təqib edən bütpərəstlərə qarşı belə o heç vaxt şiddətlə davranmamışdır. Yəni dinimiz bizə hamıya hörmət etməyi öyrədir. Bu baxımdan deyə bilərəm ki, ölkələrimizin tutduğu yol hörmətə layiqdir.
– Azərbaycan həqiqətləri, torpaqlarımızın işğalı barədə məlumatınız var idimi?
– Doğrusu yox! Çünki bir daha qeyd edirəm ki, məsafələrimiz çox uzaqdır, həm də müasir dünyada o qədər siyasi problemlər var ki, adam, sözün həqiqi mənasında, vaxt tapıb maraqlana bilmir. Lakin burada sizin sayəsində öyrəndim ki, Azərbaycanın 20 faiz torpaqları Ermənistan qoşunları tərəfindən işğal olunub. Onu da öyrəndim ki, ermənilər xristian faktorundan sui-istifadə edərək özlərinə bəzi Avropa ölkələrində, ABŞ-ın müəyyən siyasi dairələrində dəstək axtarmaq üçün çox çalışırlar və buna bəzi hallarda nail olurlar. Onu da öyrəndim ki, İslam Əməkdaşlıq Təşkilatının və BMT-nin üzvü kimi, Əlcəzair Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Ölkəniz çox böyük dövlətlərin arasında yerləşir.
– Bayaq fərqli mədəni mühit dediniz. Hansı fərqliliklər sizi cəlb etdi?
– İslam Həmrəyliyi Oyunlarının açılışında mən çox detalları öyrəndim. Bu çox maraqlı və fərqli açılış idi. Bundan əlavə, bir neçə gündə öyrəndim ki, məsələn, Azərbaycan milli mətbəxi, ərəb mətbəxinə yaxındır. Müsəlmanlıq faktoru da burada az rol oynamır. Buranın mətbəxi xoşuma gəldi. Dadlı, ləziz yeməkləriniz var. Mən sizin kulinariyayla maraqlandım və gözəl yeməklər barədə məlumat öyrəndim. Bundan əlavə, məni cəlb edən sizin milli geyimlər oldu. Kəlağayı barədə mənə məlumat verildi. Bəy papaqları və qılınclı formaları çox xoşuma gəldi. Ən əsası isə, müasir şəhəriniz, həm Şərq, həm də Avropa mədəniyyətini özündə daşıyan binalarınızı çox bəyəndim. İnsanlarınızın içində ibadət edənlər də, var etməyənlər də. Onlar bir-birinə maneçilik törətmirlər. Burada məsələn, bir neçə namaz qılan xanımlar gördüm ki, hicabsız idilər. Bu mənə maraqlı gəldi. Çünki belə fikir formalaşdırılıb ki, mütləq ibadət edən hicabda olmalıdır. Lakin ibadətin hər bir insanın etməsi yaxşı olardı. Bunun üçün isə birinin həmişə örtülü olmaması məncə, o qədər rol oynamır. Əsas Tanrıya dua etməkdir.
– İslam Oyunlarının bir media mənsubu olaraq, sizin üçün əhəmiyyəti nədir?
– Bu, əslində, tarixi bir idman yarışıdır. Çünki bu qədər müsəlman ölkələrinin təmsilçiləri olaraq bir yerə toplanmışıq. Bir-birimizlə canlı görüşmək, ünsiyyətə girmək imkanı əldə etmişik. Baxın elə, biz özümüz də bura aidik. Bu böyük idman yarışları olmasaydı, uzaq məsafələrin adamları olaraq necə söhbət edə bilərdik? Ona görə də mən İslam Həmrəyliyi Oyunlarının, həqiqətən, həmrəyliyə xidmət etdiyini düşünürəm və bu yarışların hər zaman keçirilməsini dəstəkləyirəm. Ona görə də Bakı şəhərini gözəlliyindən savayı, bu birləşdirici missiyanı öz üzərinə götürməsinə görə daha çox sevdim. Müsəlman ölkələri bir-birindən çox aralı düşmüşdür. Belə yarışlarda, mədəni tədbirlərdə birləşmək, yaxınlaşmaq üçün gözəl şanslar yaranır. Bu yarışlar müsəlman aləminin dünyaya sülh mesajıdır. Sağlamlığa gedən yol idmandan başlayır. Gənclərimizin idmanda fərqlənmələri, əlbəttə ki, ölkələrimiz üçün də mühümdür.
– Necə düşünürsünüz, İslam Oyunlarında əlcəzairli Zinəddin Zidan, Kərim Benzema və digər dünya futbol ulduzları kimi parlaq idmançıların meydana çıxması mümkündürmü?
– Ölkənizdə futbolun bu qədər izlənməsi mənə xoş təsir bağışladı. Xüsusilə, Zidanın və Kərimin əslən əlcəzairli olmasını bilməniz bizi sevindirdi. Sualınız barədə isə onu deyim ki, bizim hazırda 4 qızıl medalımız var və 7-ci yerdə qərarlaşmışıq. İslam Oyunları bizim idmançılar üçün önəmli mərhələlərdən biridir. Ola bilsin ki, qızıl alan idmançıların arasında, bəlkə də gümüş alanlar içində 2020-də Olimpiya çempionları olsun və rekordlar vursun. Yəni bunu ehtimal etmək olar. Furbol yığmamızda bu cür perspektivli idmançıları indidən görürəm və əminəm ki, gələcəkdə onlar Avropanın tanınmış klublarında daha da məşhurlaşacaqlar. Biz də onlara görə qürur duyacağıq.
Müsahibəni qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.