Bayraqdar çempion – Rafael Ağayev

Xəbər verildiyi kimi, Azərbaycan karateçisi, 5 qat dünya çempionu Rafael Ağayev  75 kiloqram çəki dərəcəsində IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb. Çempionla əlaqə saxlayıb ondan qəzetimiz üçün eksklüziv müsahibə aldıq.

– Rafael bəy, sizi parlaq qələbə münasibətilə təbrik edirik. Qələbədən sonra hansı hissləri keçirirsiniz?

– Çox sağ olun. Hər dəfə qızıl medal alanda sevincimin həddi-hüdudu olmur. İlk növbədə ona görə ki, həmin məqamda Azərbaycanın üçrəngli bayrağı ən yüksəyə qaldırılır, dövlət himnimiz səsləndirilir. Bundan da böyük sevinc olarmı? Digər tərəfdən, məşqçilərimin və öz zəhmətimin bəhrəsini görürəm.

– İslamiadanın qızılı, şübhəsiz, asanlıqla əldə olunmadı.

– Açığını deyim ki, bütün yarışlarda çempion adını qazanmaq asan başa gəlmir. Ancaq IV İslam Həmrəyliyi Oyunlarında bir qədər həyəcanlı idim. Ona görə ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti  cənab İlham Əliyev ailə üzvləri ilə birlikdə final qarşılaşmasına baxırdı. Bu, məni həm ruhlandırmışdı, həm də məsuliyyətimi artırmışdı. Ona görə də mütləq qələbə qazanmalı və möhtərəm Prezidentimizin etimadını, diqqət və qayğısını doğrultmalı idim. Mən həm də İslam Oyunlarında Azərbaycanın bayraqdarı idim. Bu etimadı da doğrultmalı idim. Sevinirəm ki, buna da nail oldum.

Finaldakı rəqibimi yaxşı tanıyırdım. Finala qədər Türkiyə, Sədiyyə Ərəbistanı,  Malayziya karateçilərini məğlub etdim. Finalda isə pakistanlı idmançını 4:0 hesabı ilə məğlub edib  ikinci dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi oldum.

– İslamiada ən çox hansı hadisə ilə yaddaşınızda qalacaq?

– IV İslam Həmrəyliyi Oyunları mənim xatirəmdə silinməz iz qoydu. Ona görə ki, qızıl medalı mənə möhtərəm Prezidentimiz cənab İlham Əliyev təqdim etdi və əllərini kürəyimə vurdu. Bu, məni növbəti qələbələrə ruhlandırır. Dövlətimizin başçısının idmana və idmançılara göstərdiyi bu qayğı bizi inamla növbəti uğurlara aparır. Mən bundan sonra da bayrağımızı yüksəyə qaldırmaq, dövlət himnimizi səsləndirmək əzmindəyəm.

– Bu yolda sizə uğurlar arzulayırıq.

– Çox sağ olun.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında