Məhəmməd əl-Zəhrani: Belə möhtəşəm Oyunlara görə təşkilatçılara minnətdarıq

Məhəmməd əl-Zəhrani Səudiyyə Ərəbistanının su polosu üzrə yığma komandasının məşqçisidir. O, bu günlərdə Bakıda  keçirilən IV İslam Həmrəyliyi Oyunları barədə təəssüratlarını bizimlə bölüşərkən bunları dedi:

– Mən hesab edirəm ki, IV İslam Həmrəyliyi Oyunları təkcə müsəlman ölkələri üçün deyil, bütün dünya üçün böyük əhəmiyyət daşıyır. Belə ki, bu  nüfuzlu idman tədbiri vasitəsilə İslam dünyası bir daha bütün dünyaya sülh və dostluq mesajı göndərir. Bəli, bu Oyunlar ona dəlalət edir ki, İslam ölkələrinin xalqları sülh, həmrəylik, dostluq tərəfdarıdırlar.

Oyunların belə yüksək səviyyədə keçirilməsi qədim tarixə, zəngin mədəniyyətə sahib olan bütün İslam dünyasına yalnız başucalığı gətirir.  Mən öz adımdan, eləcə də komandamızın bütün üzvləri adından Azərbaycan dövlətinə və xalqına bu mühüm missiyanı üzərinə götürdüyü üçün öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Mən Bakıya Oyunların açılışından xeyli əvvəl tanışlıq məqsədi ilə gəlmişəm. Bakının belə füsunkar bir şəhər olduğunu təsəvvür edə bilməzdim. Paytaxtda həm qədim  tarix, həm də modern inkişaf üzvi surətdə birləşir. Təqdirəlayiq haldır ki, azərbaycanlılar çox mehriban və qonaqpərvər insanlardır. Burada hərtərəfli infrastruktur yaradılıb. Şübhə etmirəm ki, Bakı tezliklə dünyanın ən böyük turizm mərkəzlərindən birinə çevriləcək. 

Yarışlardakı rəqiblərimiz çox təcrübəlidirlər. Bununla bərabər, bizim milli komandamızın qələbə uğrunda axıradək mübarizə əzmi böyükdür. Çalışırıq ki, yaxşı nəticələr əldə edək. Lakin idmanda uduzan tərəf olmur. Mən inanıram ki, Bakıda sonacan gərgin və ədalətli idman mübarizəsinin şahidi olacağıq.

Bir məsələni də vurğulamaq istərdim. Bizim komandanın üzvləri hazırda “Olimpiya kəndi”ndə qalır. Burada idmançıların səmərəli məşq və istirahət etmələri üçün hər cür şərait yaradılıb. Bütün bunlara görə bir daha təşkilatçılara, bütün azərbaycanlı qardaşlarıma dərin təşəkkürümü bildirirəm.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında