Vaqif FEYZULLAYEV: İslamiadada uğurlarımıza yenilərini əlavə edəcəyik

 Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası, Vaqif Feyzullayevlə söhbətimizə yetirmələrinin IV İslam Həmrəyliyi Oyunlarının davam etdiyi bu günlərdə hansı əhval-ruhiyyədə olmaları ilə başladıq.

– Beynəlxalq idman ictimaiyyətinin böyük maraqla izlədiyi IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə davam edir.

– İslam dünyasının ən nüfuzlu idman tədbiri olan bu Oyunları hər birimiz səbirsizliklə gözləyirdik. Belə bir mötəbər tədbirin yüksək səviyyədə təşkili üçün görülən böyük işlər nəticəsində İslam Oyunları müsəlman aləminin möhtəşəm idman bayramına çevrilib. Ölkəmizin belə məsul yarışlara ev sahibliyi etməsi birinci hal deyil. İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, idmançılara göstərilən diqqət və qayğı, qısa vaxt ərzində beynəlxalq standartlara uyğun stadionların tikilməsi, yarışların yüksək səviyyədə təşkili və keçirilməsi respublikamızın dünyada nadir idman ölkələrindən biri olmasının göstəricisidir. IV İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhə ola bilməz. Bir faktı da diqqətinizə çatdırım ki, bu Oyunların da Təşkilat Komitəsinin sədri Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevadır. Biz I Avropa Oyunları zamanı da təşkilati işlərin necə yüksək səviyyədə aparıldığının şahidi olduq. Beynəlxalq təşkilatlar I Avropa Oyunlarının xoş təəssüratlarını hələ də unutmayıblar.

– Siz yunan-Roma güləşi üzrə kifayət qədər təcrübəli məşqçisiniz. Bir mütəxəssis kimi yetirmələrinizdən, ümumiyyətlə güləşçilərimizdən bu yarışlarda nə gözləyirsiniz?

– Azərbaycan güləşçiləri beynəlxalq yarışlarda həmişə mükafatalayiq yerlər tutublar. Olimpiya, dünya və Avropa çempionları sırasında daim idmançılarımızın adları olub. Bu gün də bu əzmdəyik. Mən həm öz yetirmələrimə, həm də digər yunan-Roma güləşçilərimizə böyük ümid bəsləyirəm. Bu gün artıq güləş yarışlarına start verilib və pəhləvanlarımızdan yüksək nəticələr gözləyirik. Buyaxınlarda Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı  keçirldi və orada mənim üç yetirməm mübarizə aparırdı. Bunu IV İslam Həmrəyliyi Oyunları ərəfəsində baş məşq kimi də qiymətləndirmək olar. Ümid edirəm ki, güləşçilərimiz də ümidləri doğruladaçaq və ölkəmizin idman tarixinə yeni səhifələr yazacaqlar.

– Yetirmələrinizin hansı nailiyyətlərini  xüsusi qeyd etmək istərdiniz?

– Ən məsul yarışlarda medal qazanmış güləşçiliər arasında mənim yetirmələrim də var. Bu gün təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də tanınan Vitali Rəhimov, Həsən Əliyev, Murad Bazarov, Eldəniz Əzizli, Ruhin Mikayılov, Taleh Məmmədov və Xurşud Babaşov Olimpiya Oyunlarının, dünya  və Avropa birinciliklərinin, habelə müxtəlif  Qızıl qran – pri yarışlarının mükafatçılarıdır. Onlar hələ də idman formalarını qoruyur, beynəlxalq yarışlarda iştirak etmək əzmində olduqlarını sübut edirlər.

–  IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsini necə qiymətləndirirsiniz?

– 2017-ci il idmançılarımız üçün növbəti məsuliyyətli bir təqvim ilidir. Bir-birinin ardınca mötəbər yarışlar keçirilir və Vətənə mükafatlarla qayıdırıq. IV İslam Həmrəyliyi Oyunları bunların arasında bizim üçün böyük önəm kəsb edən ən nüfuzlu yarışlardabn biridir. Onu da qeyd edim ki, respublikamızın belə mötəbər turnirlərə ev sahibliyi etməsi heç də təsadüfi deyil. Azərbaycanın qısa müstəqillik tarixində digər sahələrdə olduğu kimi, idman sahəsində də əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən də yayınmamışdır. Beynəlxalq idman təşkilatlarının istəyi ilə onlarca Olimpiya lisenziyalı beynəlxalq turnirlər, dünya və Avropa çempionatları məhz Azərbaycanda  keçirilmişdir. İslamiada da belə nüfuzlu yarışlardandır. Respublikamız hazırda öz tarixinin şərəfli,  inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Son illərin hadisələri də təsdiqləyir ki, Azərbaycanın dünya birliyindəki reytinqi getdikcə yüksəlir.

İdman həm də xalqlar arasında dostluğun yaranmasında əsas vasitələrdən biridir.  Bu Oyunlarda 54 ölkədən 3 mindən artıq idmançı qüvvəsini sınayır.  Bu idmançıların hər biri öz ölkəsini yüksək səviyyədə təmsil etmək üçün böyük əzmlə mübarizə aparır. Eyni zamanda onlar bir-biri ilə dostluq əlaqələri qurub, daha yaxından tanış olmağa can atır və beləliklə, xalqlar arasında dostluğu daha da möhkəmləndirməyə səy göstərirlər.

Azərbaycan idmançılarının Oyunlarda böyük uğurunu xüsusi vurğulamaq istəyirəm. Atletlərimiz ayrı-ayrı növlər üzrə böyük nailiyyətlərə imza atıblar. Əminəm ki, IV İslam Həmrəyliyi Oyunları müsəlman aləminin ən böyük idman bayramı kimi yadda qalacaq. Dünya ictimaiyyətinə bir daha aydın olacaq ki, Azərbaycan demokratik, sülhsevər dövlətdir.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
 ”Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında