Müsəlman aləminin, eləcə də idman ictimaiyyətinin maraqla gözlədiyi IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi qeyri-adi şou və zəngin kompozisiya ilə tamaşaçılara maraqlı anlar yaşatdı. Oyunları işıqlandıranlar arasında Əlcəzairdən olan idman jurnalisti, “Ech-Chaab” (“Xalq”) jurnalının əməkdaşı Ömər Hemissi Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi, eləcə də Bakının bu idman bayramına hazırlığının səviyyəsi barədə təəssüratını, əlcəzairli idmançılardan gözləntilərini dilə gətirdi.
– Bakıya xoş gəlmisiniz. Əlcəzairin hansı media qurumları IV İslam Həmrəyliyi Oyunlarını işıqlandırır?
– Çox sağ olun, təşəkkür edirəm. Biz səkkiz nəfərlik media nümayəndə heyəti ilə Bakıya IV İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq üçün gəlmişik. Məndən başqa, Əlcəzairin rəsmi televiziya kanalının, habelə informasiya agentliyinin əməkdaşları da oyunları işıqlandırırlar. Açılış mərasimini izlədikdən sonra deyərdim ki, təşkilatçılıq yüksək səviyyədədir. Müxtəlif məzmunlu kompozisiyalar, çıxışlar, azanın verilməsi Azərbaycan mədəniyyəti başda olmaqla, ümumilikdə İslam mədəniyyətinin müxtəlif dövrlərini və əsas məqamlarını əks etdirdi. Bir sözlə, hər şey çox gözəl idi.
– Yəqin ki, Bakıya ilk səfərinizdir...
– Elədir. Düzdür,
İslam ölkəsi kimi, Azərbaycanı tanıyırdım, lakin bu günə qədər ölkənizə gəlməyə fürsət olmamışdı. Azərbaycanla ilk tanışlıq bu möhtəşəm idman oyunlarına təsadüf etdi. Azərbaycan daha çox neftlə zəngin müasir ölkə kimi tanınırdısa, artıq bu cür mötəbər idman yarışlarının keçirilməsi onun həm də beynəlxalq idman yarışlarının ən yaxşı təşkilatçısı kimi də tanıdacaq. Elə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili, açılış mərasiminin İslam aləminə, mədəniyyətinə uyğun şəkildə qurulması bunu bir daha sübut edir. Mən idman yazarı kimi, dünyada baş verən mötəbər idman yarışlarını işıqlandırıram. 2015-ci ildə Bakıda keçirilən və ilk dəfə təşkil edilən birinci Avropa Oyunlarının beynəlxalq mediada işıqlandırılmasından belə qənaətə gəlmişəm ki, Azərbaycanın artıq beynəlxalq idman yarışlarının təşkilinə yüksək səviyyədə ev sahibliyi etməkdə böyük təcrübəsi var. Müsəlman ölkəsi kimi Azərbaycanın bu cür tədbirlərə ev sahibliyi etməsi həm də İslam aləminin uğuru sayıla bilər. Yeri gəlmişkən, Bakının keçən ildən “Formula-1” yarışlarına ev sahibliyi etməsi də idman jurnalisti olaraq diqqətimdədir.
– Sizcə, IV İslam Həmrəyliyi Oyunları, eləcə də bu cür beynəlxalq tədbirlər müsəlman aləminin ictimai-mədəni həyatına necə təsir göstərəcək?
– Bu cür beynəlxalq tədbirlərin, eləcə də idman yarışlarının əhəmiyyəti böyükdür. İlk növbədə müxtəlif qitələrdə, coğrafi məkanlarda yaşayan müsəlman xalqları arasında dostluq və mehribanlıq yaranır. Bu dostluq və qardaşlıq əlaqələri belə tədbirlər sayəsində daha da möhkəmlənir, xalqlar bir-birini daha da yaxından tanıyırlar. IV İslam Həmrəyliyi Oyunlarının daha bir əhəmiyyəti də var. Belə ki, bu Oyunlar sayəsində Azərbaycan bir daha İslam dünyasının diqqətində olacaq, onun müsəlman aləmində və eləcə də beynəlxalq arenadakı nüfuzuna daha da müsbət təsir göstərəcək. Ölkənizin həyat tərzi, mədəni irsi, eləcə də Bakının gözəlliyi, tarixi və müasirliyi barədə məlumatlar dünyaya yayımlanacaq. Bu oyunlar Azərbaycanın həm də İslam aləminə təqdimatıdır.
– Bakını gəzməyə imkanınız oldumu?
– Bəli, gəzdim. Xüsusilə “Alov qüllələri” qülləsini çox bəyəndim. Möhtəşəm binalardır. Qəbələnin də gözəlliyi barədə eşitmişəm. Çox istərdim ki, oranı da görüm. İnanıram ki, jurnalist fəaliyyətimdə Bakı təəssüratları, eləcə də İslam Həmrəyliyi Oyunları kimi önəmli idman yarışlarını işıqlandırmağım ən maraqlı anlar kimi yaddaşımda qalacaq.
–Yarış iştirakçıları, xüsusilə də əlcəzairli atletlərin hazırlıq səviyyələri barədə nə deyə bilərsiniz?
– Əlcəzairli atletlərimizin uğur qazanacağına inanıram. Həndbol, cüdo, yüngül atletika sahəsində olan atletlərimizə ümidlər böyükdür. Bütün atletlərə uğurlar arzulayıram.
Söhbəti qələmə aldı:
Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.