ATMU-nun “ASK ME – məndən soruş” turizm könüllüləri fəaliyyət göstərirlər

 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin son iclasında Azərbaycana dünyanın 54 islam ölkəsindən yarışlar zamanı gələcək turistlərə yardımçı olmaq üçün Bakı şəhərinin mərkəzi hissəsində xidmət göstərəcək “ASK ME–məndən soruş” turizm könüllülərindən ibarət qrupların yaradılması məqsədəuyğun hesab olunmuşdur.

Bununla bağlı olaraq Mədəniyyət və Turizm Nazirliyi ilə Oyunların Təşkilat Komitəsi arasında aparılmış məsləhətləşmələrdən sonra  Azərbaycan Turizm və Menecment Universitetinin xarici dili yaxşı bilən tələbələrindən ibarət turizm könüllüləri qrupu (47 nəfərdən ibarət) yaradılmışdır.

Bu qrupa cəlb olunmuş tələbələr yarışlar zamanı lazım olacaq davranış qaydaları ilə bağlı müxtəlif təlimlərdə iştirak etmişlər. Onlar Oyunların Təşkilat Komitəsi tərəfindən akkreditasiyadan keçirilmiş və üzərində “ASK ME” sözləri yazılmış Oyunların könüllüləri üçün nəzərdə tutulmuş geyimlə təchiz olunmuşlar. Hər bir tələbə ilə müvafiq qaydada könüllülük müqaviləsi imzalanmış, o cümlədən tələbələr qəza sığortasından keçirilmiş, onlara Bakı şəhərinin bələdçi kitabları, turist xəritələri verilmiş, gomap turizm naviqasiya sistemindən istifadə etməklə turistlərə gedəcəkləri yerlərə yönəltmə haqqında məlumatlar verilmişdir. “ASK ME” könüllülər qrupu turistlərin ən çox toplandığı yerlərdə, şəhərin mərkəzi hissəsində saat 11:00-dan 21:00-dək fəaliyyət göstərir, turistlərin ictimai yerlərdə qarşılaşacağı suallara cavab tapmaqda onlara yardımçı olurlar.

Qeyd edək ki, tələbələr 2 nəfərlik qrup halında şəhərin mərkəzi hissəsində böyük ticarət (Gənclik, Metropark, 28 Mall və Park Bulvar) mərkəzlərində, metro stansiyalarının (Nərimanov, Gənclik, 28 May, Nizami, Sahil və İçərişəhər) çıxışlarında və turistlərin ən çox ziyarət edəcəkləri tarixi və mədəni (İçərişəhər qoruğu ərazisində, Fəvvarələr meydanında, Nizami küçəsində, Bakı dənizkənarı bulvar ərazisində, Heydər Əliyev Sarayının və Mərkəzinin qarşısındakı parklarda, Dağüstü parkda və s.) yerlərdə, ümumilikdə, 20 qrup olmaqla fəaliyyət göstərirlər.

Qeyd etmək lazımdır ki, “ASK ME” qrupunun üzvləri könüllü fəaliyyəti zamanı təkcə turistlərə bilgi verib onlara yardımçı olmaqla kifayətlənmirlər. Onlar, həmçinin, qarşılaşacaqları sualların qeydiyyatını aparırlar, çünki oyunlar bitdikdən sonra  aparılmış qeydiyyat turizm sahəsində tədqiqat işi kimi nəzərdən keçiriləcək. Bu tədqiqat şəhərin müxtəlif hissələrində turistlərin ən çox rastlaşdıqları problemlərin nələrdən ibarət olduğunu və turistləri  ən çox hansı sualların düşündürdüyünü müəyyən etməyə imkan verəcək. Əldə olunmuş nəticələr bu səviyyəli gələcək tədbirlərə hazırlıq işlərində istifadə olunacaq.

Azərbaycan Turizm və Menecment Universitetinin mətbuat xidməti qeyd olunanları, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmiz üçün əhəmiyyətini nəzərə alaraq,  bütün Bakı sakinlərindən  bu könüllülərə--tələbələrə ərazidəki fəaliyyətləri zamanı yardımçı olmalarını xahiş edir.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında