Azərbaycan Milli Olimpiya Komitəsinin iki il əvvəl “Bakı – 2015” birinci Avropa Oyunlarında həyata vəsiqə veridiyi “Zəfər günləri” layihəsi ötən bazar günü, mayın 14-də yenə həmin ünvanda, MOK-un inzibati binasında davam etdirilməyə başlandı. Tədbirdə IV İslam Həmrəyliyi Oyunlarının ilk azərbaycanlı qalib və mükafatçıları – güllə atıcısı Ruslan Lunyov, Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirovadan ibarət bədii gimastlar komandası, cüdoçular Orxan Səfərov, Nicat Şıxəlizadə, Hidayət Heydərov, paracüdoçular Afaq Sultanova, Ramilə Kaştayeva, karate ustaları Rafael Ağayev, Fəridə Abiyeva və digərlərinin qələbə və medalları böyük məmnuniyyətlə, qalib və mükafatçılara minnətdarlıq hissi ilə xatırlandı.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov öz çıxışlarında belə mötəbər yarışların Azərbaycanda keçirilməsinin, bir gündə qazanılan 22 medalın – 10 qızıl, 9 gümüş və 3 bürünc mükafatın böyük uğur olduğunu, Azərbaycan idmançılarının dövlətimizin və şəxsən Prezident İlham Əliyevin, idman ictimaiyyətimizin, bütün xalqımızın etimadını şərəflə doğrultmalarını, ardıcıl böyük qələbələr qazanmalarını yüksək qiymətləndirib əmin olduqlarını bildirdilər ki, sonrakı günlərdə medallarımızın sayı daha da artacaq.
Elə həmin gün axşam bütün yarışılara yekun vurulduqda məlum oldu ki, Azərbaycan idmançılarının İslamiadada medallarının sayı artıq 50-yə çatmışdır (24 qızıl, 17 gümüş, 9 bürünc mükafat) və komandamız medalçı ölkələrin siyahısına inamla başçılıq edir.
Hər şeydən görünür ki, MOK-da “Zəfər günləri” mayın 21-dək hər gün yüksək əhval-ruhiyyə şəraitində davam edəcək.
Həndbolçu qızlar zirvədə!
Milli Olimpiya Komitəsində “Zəfər günləri”nin startı həm də Azərbaycanın qadınlardan ibarət həndbol komandasının böyük müvəffəqiyyəti ilə əlamətdar oldu. Tədbir başa çatdıqdan bir neçə saat sonra yığmamızın turnirdə sonuncu və ən mühüm oyunda da qalib gələrək adını IV İslam Həmrəyliyi Oyunlarının çempionları sırasına yazdırdığının şahidi olduq.
İslamiadada komanda idman növlərində bu ilk uğurumuz bir də ona görə ikiqat fərəhlidir ki, təxminən 30-40 il əvvəl respublikamızda qadın həndbolunun yaxşı ənənələri olmuş, hətta Rəfiqə Şabanova, Lyudmila Şubina kimi idmançılarımız SSRİ yığma komandası heyətində Olimpiya oyunlarının çempionu adını qazanmışlar.
Ona görə də həndbol yığmamızın “Sərhədçi” İdman Olimpiya Mərkəzində indiki qələbəsi çox yerinə düşdü. Bu yarışın qrup mərhələsində Kamerun komandasına 28:26, Özbəkistan idmançılarına 47:21, Türkiyə millisinə 27:22 hesabı ilə qalib gələn həndbolçularımız həlledici final görüşündə türkiyəli dost-rəqibləri ilə bir daha üz-üzə gəldilər və son dərəcə gərgin mübarizədə çətin, amma təkcə özlərinə yox, bütün Azərbaycana çempionluq sevinci yaşadan qələbə qazandılar – 28:26.
Həndbolçu çempionlar – baş məşqçi Georgi Voronov və onun yetirmələri Səbinə Nuriyeva, Natalya Qayoviç, Anna Həmidova, Marina Tankatskaya, İranə Qasımova, Səkinat Abasova, Alla Çernışkova, Yekaterina Artamanova və onların rəfiqələri indi xoşbəxt günlər yaşayırlar. Onlar IV İslam Həmrəyliyi Oyunlarının çempionlarıdır. Çempion adı isə çox şərəfli bir addır!
Azərbaycan komandasının qələbəsi ilə başa çatan, Türkiyənin gümüş mükafatçı olduğu bu turnirdə bürünc medallar üçüncü yer uğrunda oyunda Özbəkistan komandasını 35:27 hesabı ilə məğlubiyyətə uğradan Kamerun həndbolçularına təqdim olunmuşdur.
Rinqdə qələbə ardınca qələbə
Boks turnirinin ilk iki günündə döyüşlərdən qalib ayrılmış azərbaycanlı rinq ustaları Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı), Kamran Şahsuvarlı (75 kq), Məsud Yusifzadə (52 kq) və Rauf Rəhimovdan (81 kq) sonra, mayın 14-də “Kristal Zal”da mübarizəyə qoşulan daha üç boksçumuz rəqiblərinə öz üstünlüyünü inamla sübuta yetirmişdir.
Tamerlan Abdullayev (69 kq) Türkmənistan təmsilçisini məğlubiyyətə uğradaraq dörddəbir finala çıxmışdır. Yarımfinala vəsiqə uğrunda mübarizədə onun rəqibi Qətər idmançısı olacaq.
Cavid Çələbiyev (60 kq) Türkiyə boksçusundan güclü olmuş və yarımfinala vəsiqə qazanmışdır. Burada Cavidi qazaxıstanlı Sultan Zaurbeklə görüş gözləyir.
Teymur Məmmədov da (91 kq) öz növbəsində Özbəkistan bokçusuna qalib gəlmiş və yarımfinalda suriyalı rəqiblə döyüşəcək.
Rinq ustalarının yarışında İslamiadanın qalibləri mayın 18-nə təyin edilmiş final görüşlərində müəyyənləşəcək.
Güləşçilər “səhnəyə” çıxırlar
Çoxdankı ənənə üzrə iştirak etdikləri bütün mötəbər beynəlxalq yarışlarda, o cümlədən Olimpiya oyunlarında Azərbaycan milli komandasının əsas silahlarından biri olan güləş yığmamız İslamiadada mübarizəyə başlamaq üzrədir.
Sərbəst, yunan-Roma və qadın güləşi komandalarımızın məşqçiləri qarşıdakı yarışda Azərbaycanın şərəfini qoruyacaq heyətləri elan etmişlər.
Onlar iyirmi dörd nəfərdirlər. Hər turnirdə medallar uğrunda səkkiz güləşçimiz mübarizə aparacaq. Məşqçilərin yüksək etimad göstərdikləri yetirmələri arasında “sərbəstlər” Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), “klassiklər” Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), habelə Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Natalya Sinişin (55 kq) kimi möhkəm iradəli, həmişə qələbə və medal əzmində olan güləşçilər vardır. Onların böyük qələbələr uğrunda cəsarətlə mübarizə aparmaq və məqsədlərinə çatmaq bacarığı pərəstişkarlarına yaxşı məlumdur.
Güləşçilərimizin çıxışlarını izləyəcəyimiz, ustalıqlarını və ümid edirik ki, həm də çoxlu qələbələrini alqışlayacağımız növbəti yarış artıq start ərəfəsindədir. Heydər Əliyev adına İdman Sarayında güləş turnirlərinə sabah start veriləcək.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.