– Paytaxtımızda növbəti böyük idman tədbiri uğurla davam edir. Bu dəfə Bakı arenalarında İslam dünyasını təmsil edən atletlər mübarizə aparırlar. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Bu isə göstərir ki, müstəqil Azərbaycan yaşının az olmasına baxmayaraq, müxtəlif beynəlxalq tədbirləri, o cümlədən idman turnirlərini təşkil edib keçirməkdə zəngin təcrübə toplayıb...
İqtisadçı ekspert Vüqar Bayramov söhbətinə əlavə edərək bildirdi ki, müasir və demokratik bir ölkə olan, beynəlxalq münasibətlər sistemində fəal rol oynayan Azərbaycanın İslam ölkələri ilə qarşılıqlı faydalı əlaqələri son illər daha da genişlənib. İslam Əməkdaşlıq Təşkilatının (İƏT), ISESCO-nun, müsəlman ölkələrini birləşdirən digər təşkilatların üzvü olan Azərbaycan həmişə İslam həmrəyliyinə mühüm töhfələrini verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması da İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın mövqeyinin güclənməsinə yönəlib. Eyni zamanda, Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi İslam ölkələri arasında birliyin və həmrəyliyin möhkəmlənməsi kimi vacib bir məqsədə xidmət edir.
Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi bir neçə cəhətdən ölkəmiz üçün mühüm önəm daşıyır. Bu, ilk növbədə, respublikamıza turist axınının güclənməsində özünü göstərir. Möhtərəm Prezidentimiz İlham Əliyev bununla bağlı deyib: “Beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edən Bakı hazırda dünyanın ən gözəl şəhərlərindən biridir. Son illərdə Bakının tarixi binaları tarixi irsimiz qorunmaqla təmir edilib, İçərişəhər artıq dünyanın ən cəlbedici tarixi yerlərindən birinə çevrilib, bulvarın uzunluğu 3 kilometrdən 16 kilometrə çatdırılıb, yeni yollar açılıb, yeni parklar salınıb. Bu gün Bakı parklar, göllər şəhəridir. Biz gölləri təmizlədik. Biz ekoloji fəlakət mənbəyi olan Bibiheybət buxtasını təmizlədik. Biz ekoloji təhlükə mənbəyi olan Böyükşor gölünü təmizlədik və hələ ki, burada işlər davam edir. Bunlar olmasaydı, hansı turist Azərbaycana gələrdi? Biz beynəlxalq yarışlar keçirdik, dünyanın diqqətini cəlb etdik. Biz “Eurovision”, Avropa Oyunları, 500 milyon auditoriyası olan “Formula-1” keçirdik... Bunlar olmasaydı, kimsə gələrdimi? Əsas amillər bunlardır, bunu hamı bilsin və düzgün qiymətləndirsin”.
Yeri gəlmişkən xatırladım ki, Bakı şəhəri 2017-ci ildə turistlər üçün ən yaxşı 10 istiqamət sırasına daxil edilib. Turistlər üçün nəzərdə tutulan “Trip Advisor” tətbiqinin versiyasına görə, Bakı 2017-ci ildə səyahət üçün ən yaxşı istiqamətlər siyahısında 5-ci sırada qərarlaşıb. Bu, turistlər üçün ən yaxşı səyahət istiqamətləri, səyahət edənlərin müsbət rəyləri, göstərilən məkanda görməli və əyləncə yerlərinin sayı, xidmətin keyfiyyəti kimi kriteriyalar əsasında müəyyənləşdirilib.
Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi, eyni zamanda, ölkəmizin maliyyə sabitliyinin daha da möhkənlənməsinə müsbət təsir göstərəcək. Belə ki, respublikaya gələn turistlərin xarici valyutanı manata çevirmələri milli valyutaya tələbatın artmasına səbəb olur.
Azərbaycanın əldə edəcəyi mühüm dividendlərdən biri də infrastrukturun inkişafına yatırılan sərmayələrdir və bu, gələcəkdə xarici kapitalın cəlb olunması baxımından mühüm önəm daşıyır. Başqa sözlə, bu, bir həqiqətdir ki, ölkəmizin Şərqlə Qərb arasında mühüm ərazidə yerləşməsi və inkişaf etmiş infrastruktur milli iqtisadiyyatımızı daha da gücləndirmək üçün əlavə stimullar verir. Ən əsası, İslam Oyunları kimi böyük idman tədbirlərinin keçirilməsi xarici sərmayənin təşviqi ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə də müsbət təsirini göstərir. Belə ki, xarici sərmayələr hökumətin xüsusi diqqət ayırdığı qeyri-neft sahəsinin inkişafına yeni təkan verməklə yerli istehsalın genişlənməsinə və ixracatın həcminin artmasına gətirib çıxarır.
Bir sözlə, İslam Oyunları Azərbaycan üçün qısa və uzunmüddətli dövrdə sərmayələrin cəlb olunması baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd oyunun Bakıda keçiriləcəyini də nəzərə alsaq, o zaman belə idman tədbirlərinin Azərbaycan iqtisadiyyatının əldə edəcəyi mənfəətin nə qədər əhəmiyyətli olacağını indidən demək mümkündür.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.