“Əminik ki, komandamız Azərbaycanı yüksək səviyyədə təmsil edəcək”

IV İslamiadada uşu sanda üzrə komandamız da təmsil olunacaq. Çin döyüş sənəti olan uşu Azərbaycanda inkişaf etmiş idman növlərindən biri hesab olunur və bu növə uşaq və yeniyetmələr arasında paytaxt və regionlarımızda böyük maraq var. Təsadüfi deyil ki, uşuçularımız ötən illər ərzində qitə və dünya çempionatlarında yüksək nəticələr qazanıblar. IV İslam Həmrəyliyi Oyunlarında da komandamızdan gözləntilərimiz böyükdür.

Uşu Federasiyasının prezidenti, yığma komandanın baş məşqçisi Azər Həsənsoyla görüşüb komandamızın hazırlığı ilə bağlı müsahibə aldıq.

– Azər müəllim, uşu sandaçılarımız  ötən İslamiadada debüt etdilər. Nəticələri uğurlu hesab etmək olarmı?

– İndoneziyanın Palembanq şəhərində keçirilmiş III İslam Həmrəyliyi Oyunlarında uşu ustalarımız ilk dəfə iştirak edirdilər. Yarışlarda gücünü sınayan 3 idmançımızdan ikisi vətənə medalla döndü. Ruslan Pirəliyev (65 kq) gümüş, Elçin Eminov (56 kq) bürünc medala yiyələndi. Bunu uşuçularımız üçün kifayət qədər uğurlu hesab etmək olardı. Amma nəticələr bir qədər də yüksək ola bilərdi.

– Komandamızın hazırlığı ilə bağlı nə deyə bilərsiniz?

– İslam Həmrəyliyi Oyunlarında uşu sanda yarışları 7 çəki dərəcəsi üzrə keçirilir. Hər ölkə yalnız 6 çəki dərəcəsində iştirak edə bilər. Komandamız da 6 idmançı ilə təmsil olunacaq. Bütün qüvvələri səfərbər etmişik. Bir il 3 aydır ki, davamlı və fasiləsiz məşqlər gedir. Bu ay – mayın 14-dən 19-na qədər idmançılarımız Tbilisidə Avropa çempionatında yeniyetmə, gənclər və kişilər arasında təşkil ediləcək yarışlarda da iştirak edəcəklər. Avqustda isə Tayvanda tələbələr arasında Ümumdünya Universiadasında ölkəmizi təmsil edəcəklər. Sentyabrın axırı, oktyabrın əvvəlində isə uşuçularımız Kazanda dünya çempionatında güclərini sınayacaqlar. İlboyu komandanın hazırlığı davam edəcək. Şübhəsiz, İslamiadaya ən güclüləri seçmişik və onların hazırlığı yüksək qiymətləndirilir.

– Uşu yığmamızın IV İslamiadada iştirak edəcək heyəti açıqlanıb. Tam tərkibdə mübarizə aparacaq yığmamızdan yüksək nəticələr gözləyə bilərikmi?

– İdmançılarımıza və onlarla keçirdiyimiz hazırlıq prosesinə güvənib medallar gözləyirik. Hər bir idmançımızın bu Oyunlarda medal qazanmaq şansı böyükdür. Komandamızın güclü potensialı var. Bu, eyni zamanda, püşkün nəticələrindən də asılıdır. IV İslamiadada komandamızın heyətində Orxan Hətəmov (48 kq), Elçin Eminov (52 kq), Ruslan Pirəliyev (60 kq), Bayram Şəmədov (65 kq), Vüqar Kərəmov (70 kq) və Pərviz Abdullayev (75 kq) yer alıblar. Bu ilin fevralında “Moskva ulduzları” beynəlxalq turnirdə 5 uşuçumuz mübarizə aparıb və onlardan Elçin Eminov, Ruslan Pirəliyev və Pərviz Abdullayev qızıl medal qazanıblar.

Əminik ki, uşu komandamız Azərbaycanı yüksək səviyyədə təmsil edəcək.

Müsahibəni apardı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında