Bakıda IV İslam Həmrəyliyi Oyunlarının çoxdan və səbirsizliklə gözlənilən təntənəli açılış mərasiminə artıq aylar, həftələr, günlər yox, saatlar qalır. Əlli dörd müsəlman ölkəsinin ən yaxşı idmançılarını Azərbaycan paytaxtında öz bayrağı altına toplamış İslamiadanın bu axşam əzəmətli Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasimi təkcə dostluq və qardaşlıq bayramının iştirakçısı olan ölkələrdə deyil, demək olar, dünyanın hər yerində böyük maraq və xoş bir həyəcanla gözlənilir.
Dördüncü İslam Həmrəyliyi Oyunlarının təşkili hüququnun Bakıya etibar olunması barədə İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasının 2013-cü il 24 iyul tarixli qərarı artıq bir çox ildir ki, dünyanın əsl idman mərkəzlərindən biri kimi məşhurlaşmış və beynəlxalq idman dairələrində də yekdilliklə etiraf olunduğu kimi, bu sahədə nümunəvi bir ölkəyə çevrilmiş Azərbaycana göstərilən yüksək etimadın nəticəsidir.
Azərbaycan da öz növbəsində etimadı ən yüksək səviyyədə doğruldub növbəti sınaqdan da şərəflə çıxmağa çalışmışdır. Bu günlər müsəlman aləminin hər yerindən respublikamıza gələn İslam Həmrəyliyi Oyunları iştirakçılarının, rəsmi şəxslərin, turistlərin də şahidi olduqları kimi, Oyunları tam hazırlıqla qarşılamaq üçün bütün lazımi tədbirlər görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 sentyabr 2015-ci il tarixli sərəncamı ilə yaradılmış və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi fəaliyyətə başladığı elə ilk günlərdən Oyunlara hərtərəfli hazırlığı mütəşəkkil surətdə, məqsədyönlü şəkildə həyata keçirmiş və indi hamının əmin olduğu kimi, məqsədinə çatmışdır. Bu isə bizə belə bir qəti qənaətə gəlməyə əsas verir ki, İslamiada dünya idmanında nümunəvi bir idman hadisəsinə çevrilərək təşkilatçılara və Oyunlara mükəmməl hazırlıqda onların fəal köməkçisinə çevrilmiş bütün insanlara böyük şərəf gətirərək qüdrətli Azərbaycanın və qonaqpərvər xalqımızın nəyə qadir olduğunu bütün dünyaya bir daha əyani şəkildə göstərəcək.
Bakı Olimpiya Stadionunda, Heydər Əliyev adına İdman Arenasında, Milli Gimnastika Arenasında, “Kristal Zal”da, Su İdmanı Sarayında, Atıcılıq Mərkəzində və digər idman bazalarında yaradılmış əla şəraitlə tanış olanlar əmin olacaqlar ki, IV İslam Həmrəyliyi Oyunlarının paytaxtı Bakıda müsəlman ölkələri idmançılarının dostluq və həmrəylik bayramı uzun illər ərzində qəlblərdə özünə möhkəm yer edəcək və unudulmaz bir hadisə kimi yaşayacaq.
Əlbəttə, bütün 54 ölkənin atletləri belə möhtəşəm bayramın iştirakçısı olmaq imkanı qazanmaları ilə nə qədər qürur duysalar da, əsl sınaq və şöhrət meydanı olan İslamiada startlarında qələbə və medallar uğrunda qüvvələrini əsirgəmədən, fədakarlıqla mübarizə aparacaqlar.
Dünən biz bu qeydləri qələmə alarkən Qırğızıstanın “Sport AKİpress” portalının yaydığı bir xəbərlə tanış olduq. Qırğızıstan yığma komandasının mayın 10-da Bakıya yolasalınma mərasimindən bəhs edən həmin xəbərdə Qırğızıstan Dövlət Gənclər, Bədən Tərbiyəsi və İdman İşləri Agentliyinin direktoru Kanat Amankulovun söylədiyi bir fikri sizin də diqqətinizə çatdırmaq istərdik:
“Komandamız böyükdür, idmançılarımız 12 növ üzrə yarışlarda çıxış edəcəklər. İslamiadada respublikanın ən güclü idmançıları iştirak edəcəklər. Biz yaxşı nəticələrə ümid edirik. Öz bacarığınızı maksimum dərəcədə göstərin. Oyunlarda 54 ölkənin komandaları təmsil olunacaqlar. Bu, sizin nəyə qadir olduğunuzu və necə hazırlaşdığınızı göstərməyiniz üçün gözəl imkandır. Hamınıza uğurlu uçuş, fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı və vətənə medallarla qayıtmağı arzulayıram.”
Mərasimdə Qırğız Respublikası komandasının kapitanı, yunan-Roma üsulu ilə güləşən Kanıbek Jolçubekova Qırğızıstan bayrağı, komandanın üzvlərinə isə Oyunlarda iştirak etmək üçün akkreditasiya vərəqələri təqdim olunmuşdur. Həmçinin IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ölkələrin paradında Qırğız Respublikası yığma komandasının bayraqdarı, güllə atıcısı Nooruzbek Akbarın geyəcəyi forma nümayiş olunmuşdur.
Qırğızıstan idmanı rəhbərinin də dediyi kimi, İslamiada kimin nəyə qadir olduğunu göstərməsi üçün gözəl imkandır. Təbii ki, belə mötəbər idman hadisəsində heç kim imkanı itirmək istəməyəcək, hamı bu mübarizədə ön sıralarda olmağa, baş rollarda oynamağa çalışacaq.
Elə artıq başlanmış ilk yarışlar da dost-rəqiblərin mübariz əhvalda olduğunu göstərir. “Bayıl Arena”da futbol, “Sərhədçi” Olimpiya İdman Mərkəzində kişi və qadınlardan ibarət həndbol komandalarının görüşlərinə biganə qalmaq olmur.
Qarşıda belə görüşlər çox olacaq. Futbol və həndbol ustalarından sonra voleybol komandaları, boksçular və idmanın digər növlərinin nümayəndələri də start xəttinə çıxmağa başlamışlar. Mayın 22-dək yuxarıda qeyd etdiyimiz idman növlərinin təmsilçiləri ilə yanaşı, güləş, cüdo, taekvondo, karate, atletika, basketbol, stolüstü tennis və daha bir neçə növün nümayəndələri yarış meydanına çıxıb öz qüvvə və bacarıqlarını nümayiş etdirəcək.
Dördüncü İslam Həmrəyliyi Oyunlarının təşkilatçıları Azərbaycan xalqı üçün böyük bir idman bayramı təşkil etməyə çalışmışlar. Bu, hamının ürəyindən olan bayrama çevriləcək.
Azərbaycanda “İslam Həmrəyliyi ili”ndə keçirilən IV İslam Həmrəyliyi Oyunları açılış mərasiminə hazırdır. Ölkəmiz bütün müsəlman aləmində idman əlaqələri ilə yanaşı, digər sahələrdə də dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət edən bu tədbiri öz tarixinə növbəti zəfər səhifəsi kimi yazacaq və Oyunlar müsəlman ölkələri idmançılarının həmrəyliyinin, onlar arasında qarşılıqlı anlaşma və əlaqələri daha da möhkəmləndirmək səylərinin təntənəsinə çevriləcək.
“Bakı–2015” birinci Avropa Oyunlarının ən yüksək səviyyədə təşkili ilə ad çıxaran Azərbaycan indi “Bakı–2017” İslam Həmrəyliyi Oyunlarına da layiqincə ev sahibliyi edəcək. Prezident İlham Əliyevin dediyi kimi, IV İslam Həmrəyliyi Oyunları çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman ölkələrinin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar...
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.