Mayın 7-də “Bayıl Arena”da keçirilən Azərbaycan-Kamerun futbol görüşündən sonra bu iki ölkə idmançılarının yolu ertəsi gün bir daha kəsişdi. Bu dəfə “Sərhədçi” Olimpiya İdman Mərkəzində qadın həndbol komandalarının yarışında.
Həndbolçularımız birinci hissədə daha fəal oynayıb fasiləyə hesabda dörd top üstünlüklə çıxsalar da (18:14), fasilədən sonra hadisələrin gedişinin göstərdiyi kimi, kamerunlular asanlıqla təslim olmaq fikrində deyildilər. Onlar ikinci hissədə mübarizənin gedişində dönüş yaratmaq üçün böyük səy göstərdilər və oyunun sonunadək əzmkarlıqla mübarizə apardılar. Nəticədə Azərbaycan millisi gərgin görüşdə 28:26 hesabı ilə çətin, lakin çox mühüm qələbə qazandı.
Start turunun digər görüşündə isə Türkiyə həndbolçuları özbəkistanlı rəqiblərinə böyük fərqlə qalib gəldilər –37:21. Beləliklə də birinci turdan sonra yarışın liderləri Türkiyə və Azərbaycan komandaları oldular.
Həmin gün kişi həndbolçularımız da qadın komandamızdan geri qalmayıb pərəstişkarlarını Pakistan yığması üzərində qələbə ilə sevindirdilər–43:36. Onu da diqqətə çatdıraq ki, qadınların turnirində dörd komanda çıxış edir, kişilərin yarışında isə medallar uğrunda səkkiz kollektiv mübarizə aparır.
Dünən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarında qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda kişilərin mübarizəsində “A” qrupunda yer alan Əlcəzair yığma komandası Pakistan millisinə asanlıqla qalib gəlib - 47:24. Bu qrupun digər oyununda Səudiyyə Ərəbistanı kollektivi həndbolçularımızdan üstün olub - 38:31.
“B” qrupunda yer alan Türkiyə və İraq yığmalarının qarşılaşması isə gərgin idman mübarizəsi ilə yadda qalıb. Maraqlı görüşün sonunda sevinən tərəf türkiyəli həndbolçular olublar - 35:33. Qrupun digər oyununda isə Mərakeş millisi İordaniya yığmasını 27:16 hesabı ilə məğlubiyyətə uğradıb.
Kişi həndbolçularımızdan fərqli olaraq, qadın idmançılarımız ikinci görüşü də qələbə ilə başa vurublar. Həndbolçu qızlarımız Özbəkistan millisini böyük fərqlə - 47:21 hesabı ilə məğlub ediblər.
Kamerun-Türkiyə matçında isə qardaş ölkənin həndbolçuları cüzi üstünlüklə - 33:31 hesabı ilə qalib gələrək növbəti qələbələrini rəsmiləşdiriblər.
Burada həndboldan futbola keçib start turunda oynanılmış görüşlərin nəticələrini bir daha xatırlayaq: “A” qrupu. Səudiyyə Ərəbistanı–Mərakeş–0:1, Azərbaycan–Kamerun–0:0; “B” qrupu. Əlcəzair–Türkiyə–2:1, Fələstin–Oman–2:2.
Azərbaycan komandasının oyununu və əldə etdiyi nəticəni necə qiymətləndirmək olar? Görüşün gedişini izləyənlər Yaşar Vahabzadənin komandasının yaxın keçmişdə dünya çempionatlarında Kamerun millisinin şərəfini müvəffəqiyyətlə qorumuş məşhur Roje Millanın davamçıları ilə layiqli mübarizə apardıqlarının, hətta Ağabala Ramazanovun sərrast zərbəsindən sonra afrikalıların köməyinə qapının üst dirəyinin gəldiyinin şahidi oldular. Matçda hesabın açılmaması düşünmək olar ki, hər iki rəqibi qane etmişdir.
İndi başlıcası, qrupun iki qalibindən biri olub yarımfinala çıxmaq üçün Azərbaycan futbolçuları növbəti oyunlardan maksimum fayda götürməlidirlər. Komandamız ikinci görüşünü bu gün Səudiyyə Ərəbistanı yığması ilə keçirəcək və müvəffəqiyyət təqdirində mayın 15-də Mərakeş ilə oyuna daha yüksək əhval-ruhiyyə ilə çıxacaq.
Bu arada Azərbaycanın qadınlardan ibarət milli voleybol komandasının baş məşqçisi Faiq Qarayev IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizin şərəfini qoruyacaq heyəti açıqlayıb. Turnirdə on dörd voleybolçunun xidmətlərindən istifadə olunacaq.
Şübhəsiz, məşqçinin etimad göstərdiyi Polina Rəhimova, Valeriya Məmmədova, Kseniya Pozdnyak, Kristina Yaqubova, Yana Kulan, Alyona Həsənova, Odina Bayramova, Yelizaveta Səmədova, Katerina Jidkova, Aynur Kərimova, Ceyran Əliyeva, Şəfaqət Həbibova, Oksana Kiselyova və Ayşən Əbdüləzimova “doğma divarlar” arasında, onların çıxışını həmişə səbirsizliklə gözləyən on minlərlə voleybol pərəstişkarı qarşısında İslamiadanın çempionu olmaq arzusu ilə yaşayırlar. Yaxşı arzudur, onu həyata keçirmək üçün komandanın ustalığı da çatar, əzmkarlığı da.
Turnirdə millimizin rəqibləri Türkiyə, Qırğızıstan və Tacikistan komandalarıdır. Əgər Azərbaycan və Türkiyə yığmaları voleybol aləminə kifayət qədər yaxşı tanışdırlarsa, Qırğızıstan və Tacikistan komandalarının hər hansı bir böyük uğurunu yada salmaq çətindir.
Azərbaycan voleybolçuları yarışa bu gün qırğızıstanlı rəqiblərinə qarşı görüşlə başlayacaq, mayın 13-də taciklərlə, ertəsi gün isə Türkiyə komandası ilə qarşılaşacaqlar.
“Kristal zal”da keçiriləcək voleybol turnirinin qalibi mayın 18-də final görüşündə müəyyənləşəcək. Çox güman ki, həlledici oyunda qızıl medallar uğrunda Azərbaycan və Türkiyə komandaları mübarizə aparacaqlar.
İdman ictimaiyyətimiz boksçu həmvətənlərindən də böyük uğurlar gözləyir. Elə birinci Avropa Oyunlarında yüksək nailiyyətlər qazanmış rinq ustalarımızın özləri də İslam Həmrəyliyi Oyunlarında da ən yüksək nəticələr uğrunda mübarizə aparmağa hazır olduqlarını gizlətmirlər.
Yığmamızın liderlərindən biri, Avropa Oyunlarının çempionu, London Olimpiadası 2012-nin bürünc mükafatçısı Teymur Məmmədov da “Bakı–2017” saytına müsahibəsində bu barədə danışmışdır:–Biz İslamiadaya səylə hazırlaşırıq. Hiss edirəm ki, bütün boksçular tədricən optimal formaya düşürlər. Komandanın hər bir üzvü yalnız qızıl medal haqqında düşünür. Bizim məqsədimiz qalib gəlməkdir, biz ikinci və ya üçüncü yer barədə düşünmürük. Əgər yaxşı döyüşsək, bütün çəki dərəcələrində birinci yeri tuta bilərik. Hazırda rəqiblərimiz haqqında danışmaq mənim üçün çətindir, çünki onların heyətini bilmirəm.
Əlavə edək ki, boksçuların turnirində Məmmədov ilk görüşünü mayın 13-də keçirəcəkdir.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.