“Tour d'Azerbaidjan-2017”: Azərbaycan növbəti mötəbər yarışa uğurla ev sahibliyi edib

Azərbaycan növbəti dəfə irimiqyaslı mötəbər yarışa yüksək səviyyədə ev sahibliyi edib. IV İslam Həmrəyliyi Oyunlarından əvvəl ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Beynəlxalq Velosipedçilər İttifaqının beş mərhələdən ibarət 2.1 kateqoriyalı "Tour d'Azerbaidjan-2017" beynəlxalq velosiped turunun təşkili azarkeşlərin böyük marağına səbəb olub.

AZƏRTAC xəbər verir ki, turda 18 ölkədən 22 komanda mübarizə aparıb. Onlardan 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 16-sı kontinental kollektiv olub.

Yarışın ilk günündə iştirakçılar Dövlət Bayrağı Meydanından start götürməklə Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında finiş xəttini keçiblər. 150 kilometr məsafəni hamıdan tez “Israel Cycling Academy” pro-kontinental komandasının üzvü Mikel Raim keçib - 3 saat 4 dəqiqə 11 saniyə. Latviyanın kontinental “Rietumu Banka-Riga” komandasının təmsilçisi Emils Liepins və İtaliyanın “Nippo Vini-Fantini” pro-kontinental klubunun velosipedçisi Pyer Paolo de Neqri mərhələ qalibi ilə eyni göstəriciyə imza atsalar da, fotofinişə əsasən 2-3-cü yerləri tutublar.

Mərhələ qalibiyyəti Mikel Raimi ümumi təsnifatın liderliyinə yüksəldib və o mavi rəngli “Synergy” köynəyinə yiyələnib. Bundan başqa, M.Raim aralıq sprintlərində hamıdan çox xal toplayaraq ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli “SOCAR” köynəyinə də sahib olub. Mərhələnin ən yaxşı dağ velosipedçisi Ukraynanın kontinental “Kolss” komandasının üzvü Vitaliy Buts elan edilib. O, qırmızı rəngli “AZAL” köynəyinə layiq görülüb. ABŞ-ın pro-kontinental “Novo Nordisk” klubunun təmsilçisi Mehdi Benhamuda isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “ATA Holding” köynəyi ilə mükafatlandırılıb.

Turun 186,5 kilometrlik Bakı- İsmayıllı mərhələsində Azərbaycanın elit yığması və “Synergy Baku” kontinental klubunun üzvü Kiril Pozdnyakov hamını qabaqlamaqla qalibiyyət sevinci yaşayıb. Məsafəni 4 saat 47 dəqiqə 49 saniyəyə başa vuran velosipedçimiz ən yaxın izləyicisi Ukraynanın “Kolss” komandasının üzvü Oleksandr Polivodanı 38 saniyə qabaqlamaqla solo-finiş edib. İsrailin “Israel Cycling Academy” komandasının üzvü Dennis van Vinden isə liderdən 42 saniyə geri qalmaqla üçüncü yeri tutub.

Mərhələ qalibiyyəti Kiril Pozdnyakovu, həmçinin ümumi təsnifatın liderliyinə də yüksəldib və o, mavi rəngli “Synergy” köynəyinə yiyələnib. Bundan başqa, velosipedçimiz aralıq sprintlərində hamıdan çox xal toplamaqla ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli “SOCAR” köynəyinə də sahib çıxıb. Mərhələnin ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli “AZAL” köynəyi Ukraynanın kontinental “Kolss” komandasının üzvü Vitali Butsda qalıb. Almaniyanın “Team Sauerland NRW p/b Henley & Partners” klubunun üzvü Feliks İntra isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “ATA Holding” köynəyi ilə mükafatlandırılıb.

Veloyürüşün üçüncü mərhələsində idmançılar 177 kilometrlik Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə hərəkət ediblər. Mərhələ qalibi Avstriyanın “Amplatz BMC” komandasının şərəfini qoruyan sloveniyalı Matey Müqerli olub. O, məsafəni 4 saat 20 dəqiqə 32 saniyəyə başa vurub. İsrailin “İsrael Cycling Academy” komandasının üzvü Mikel Raim və Ukraynanın “Kolss” komandasının təmsilçisi Vitali Buts qaliblə eyni vaxt göstəricinə imza atmaqla finiş xəttini müvafiq olaraq 2-3-cü keçiblər.

“Synergy Baku”nun üzvlərindən Kiril Pozdnyakov və Yosip Rumaç finişi ümumi pelotonda keçməklə fotofinişə əsasən 14-cü və 15-ci olublar. Məhz bu nəticə Kiril Pozdnyakova ümumi təsnifatda liderliyi qorumağa şərait yaradıb və o mavi rəngli “Synergy” köynəyini özündə saxlayıb. Aralıq sprintlərində hamıdan çox xal toplayan “Israel Cycling Academy” komandasının üzvü Mikel Raim ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli “SOCAR” köynəyini özünə qaytarıb. Ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli “AZAL” köynəyi Ukraynanın “Kolss” komandasının üzvü Vitaliy Butsda qalıb. Almaniyanın “Team Sauerland NRW p/b Henley & Partners” klubunun üzvü Feliks İntra isə yenidən ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “ATA Holding” köynəyinə sahib olub.

Yarışın 164 kilometrlik dördüncü mərhələsində iştirakçılar İsmayıllı-Ağsu-Şamaxı marşrutu üzrə hərəkət ediblər. Əvvəlki illərdən fərqli olaraq, marşruta Ağsu dolaylarının da əlavə edilməsi mübarizəyə əlavə rəng qatıb. Veloturun ən çətin dağ mərhələsinin qalibi isə ABŞ-ın “Illuminate” komandasının təmsilçisi Edvin Avila olub: 4 saat 2 dəqiqə 1 saniyə. Rusiyanın “Gazprom-Rusvelo” və İtaliyanın “Wilier Triestina” klublarının nümayəndələri İldar Arslanov və Aleks Turrin finişi qalibdən müvafiq olaraq, 2 və 5 saniyə sonra keçərək ikinci, üçüncü yerləri tutublar.

Ümumi təsnifat cədvəlinə başçılıq edən elit yığmamızın üzvü Kiril Pozdnyakov bu dəfə yeddinci olmaqla liderliyi qoruyub və mavi rəngli “Synergy” köynəyini özündə saxlayıb. Bundan başqa, təmsilçimiz dağ yollarındakı uğurlu çıxışı ilə ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli “AZAL” köynəyinə də yiyələnib.

Aralıq sprintlərində hamıdan çox xal toplayan mərhələ qalibi Edvin Avila ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli “SOCAR” köynəyinə layiq görülüb. Fransanın “Delko Marseille Provance KTM” klubunun üzvü Con Anderson Rodriqes isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “ATA Holding” köynəyi ilə mükafatlandırılıb.

Sonuncu mərhələdə iştirakçılar Bakı-Abşeron-Bakı marşrutu üzrə 158 kilometr məsafə qət ediblər.

Veloturun son mərhələsinin qalibi “Israel Cycling Academy” komandasının üzvü Krist Neylands olub. O, məsafəni 3 saat 53 dəqiqə 56 saniyəyə başa vurmaqla solo-finiş edib. Türkiyənin "Torku Şekerspor" və ABŞ-ın "Illuminate" klublarının velosipedçiləri Ahmet Örken və Edvin Avila qalibdən 21 saniyə geri qalmaqla, 2-3-cü yeri tutublar.

Yarışın lider köynəklərinin sahibləri dəyişilməz qalıb - Azərbaycanın elit yığma komandasının üzvü Kiril Pozdnyakov ümumi təsnifatın qalibi üçün nəzərdə tutulan “Synergy” köynəyini özündə saxlamaqla, “Tour d’Azerbaidjan-2017”nin qalibi olub. Bundan başqa, təmsilçimiz dağ yollarındakı uğurlu çıxışı ilə ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli “AZAL” köynəyinə də yiyələnib. Bütün bunların yekunu olaraq, Kiril ən yaxşı azərbaycanlı velosipedçi üçün nəzərdə tutulan xüsusi köynəklə də təltif edilib.

Aralıq sprintlərində hamıdan çox xal toplayan "Illuminate” komandasının nümayəndəsi Edvin Avila ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli "SOCAR” köynəyinə layiq görülüb. Fransanın “Delko Marseille Provance KTM” klubunun üzvü Con Anderson Rodriqes ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “ATA Holding” köynəyi ilə mükafatlandırılıb.

Komanda hesabında isə Ukraynanın “Kolss” komandası birinci yeri tutub.

Veloturun bağlanış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev iştirak ediblər.

Velosipedçiləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov təltif ediblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında