Patimat Abakarova: Əminəm ki, bürüncü qızıla çevirəcəyəm

İndoneziyada keçirilmiş III İslam Həmrəyliyi Oyunlarında bürünc medalı 18 yaşında qazanmışdı. Tale elə gətirdi ki, ölkəmizdə keçirilmiş birinci Avropa Oyunlarında da qismətinə “bürünc” düşdü və bir il sonra dünyanın bir nömrəli idman yarışında – Rio Olimpiadasında da fəxri kürsünün III pilləsində qərarlaşdı. Amma karyerasında bir gümüş medal da var – onu qitə çempionatında qazanıb. Söhbət Azərbaycanın ən istedadlı qadın dayanq ustalarından biri, taekvando üzrə yığma komandanın üzvü, “Gömrükçü” idman klubunun təmsilçisi Patimat Abakarovadan gedir.

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bu təcrübəli taekvandoçudan söhbət açmağımız təsadüfi deyil. 22 yaşlı idmançı da İslamiadanın Bakı tatamisində qüvvəsini sınayacaq və onun qızıl medal şansları kifayət qədər yüksək qiymətləndirilir.

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev Patimat Abakarovanın fiziki, taktiki və texniki cəhətdən güclü idmançı olduğunu bildirdi və qeyd etdi ki, bu yarışın qalibi olması üçün geniş imkanları var. “Patimatdan qızıl medal gözləyirik. Rəqabət, bildiyiniz kimi gərgin olacaq. Burada taekvandonun güclü inkişaf etdiyi müsəlman ölkələrinin təmsilçiləri mübarizə aparacaqlar. Amma Abakarova da təcrübəli taekvandoçudur və yarışlara hazırlığı yüksək səviyyədədir. Ümumiyyətlə, bütün müsəlman ölkələrindən ən güclü idmançıların iştirak edəcəyi bu mötəbər yarışlar yüksək rəqabət şəraitində keçəcək. Amma yığmamız da bu nüfuzlu yarışa mükəmməl hazırlaşıb. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri və klublarının birgə səyləri ilə komandamız yüksək hazırlıq keçib. Əminəm ki, nəticələr yüksək olacaq”, - deyə əlavə etdi.

Patimatla təlim-məşqlərdən sonra görüşdük. IV İslamiadaya hazırlığı ilə maraqlandıq. Yarışlara hazırlığının lazımi səviyyədə olduğunu bildirən idmançı potensialından maksimum istifadə edəcəyini vurğuladı. “Qızıl medal qazanıb Azərbaycan himnini səsləndirmək ən böyük arzumdur. Əminəm ki, bürüncü qızıla çevirəcəyəm”, - deyə inamla əlavə etdi.

Əlbəttə, əminliklə verilən vəd vaxtını gözləyir... İnanırıq ki, Patimatın qızıl karyerası IV İslamiadadan başlayacaq.

 Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında