Bakının Sabunçu rayonunda yerləşən Olimpiya İdman Liseyi 54 ildir fəaliyyət göstərir. Olimpiya, dünya və Avropa çempionları yetişdirən bu məktəb 1963-cü ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Respublika idman təmayüllü orta ümumtəhsil internat məktəbi adı altında keçmiş sovetlər məkanında ilk dəfə Azərbaycanda təsis edilib. Sonradan isə Olimpiya İdman Liseyi kimi fəaliyyətini davam etdirib.
Möhtərəm Prezidentimiz İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyindən sonra idman sahəsində böyük canlanma yaranmış, Azərbaycan idmançılarının xoş soraqları dünyanın müxtəlif yerlərindən gəlmişdir. Bu canlanma Olimpiya İdman Liseyində də özünü büruzə vermişdir. Ötən illər ərzində liseydə yetişən yüzlərlə idmançı beynəlxalq yarışlarda yüksək yerlər tutub. Son 20 ildə liseyin fəaliyyətinin və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əsaslı işlər görülmüş, idman növlərinin sayı artırılmış, burada təhsil alan şagirdlərin də sıraları genişlənmişdır. Bu da mötəbər beynəlxalq yarışlarda daha çox medal qazanmağa imkan yaratmışdır.
İdmana və idmançılara yüksək səviyyədə diqqət və qayğı göstərilməsi gənclərdə böyük həvəs oyadıb. Axı, idman həm də sağlamlıqdır. Müstəqil dövlətimizin gələcəyi sağlam, hərtərəfli inkişaf etmiş gənclərdən asılıdır. Onlar Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldıranda, dövlət himnimizin səsləndirilməsinə nail olanda vətənpərvərlik hissləri daha da artır. Bu fəxarət hər adama qismət olmur. Liseyimizin yetirmələri Olimpiya oyunlarında , dünya və Avropa çempionatlarında dəfələrlə bu şərəfə nail olublar. Ümumilikdə isə bu vaxta qədər müxtəlif idman növləri üzrə Olimpiya çempionlarımız olub. 1988-ci il Seul Yay Olimpiya Oyunlarının qalibləri - yunan-Roma güləşçisi Kamandar Məcidov, qılıncoynadan Boris Koretski, 1992-ci ildə Barselonada keçirilmiş Olimpiya Oyunlarının çempionları – çüdoçu Nazim Hüseynov, gimnast Valeri Belenki, 2008-ci il Pekin Olimpiadasının cüdo üzrə qalibi Elnur Məmmədli, sərbəst və yunan-Roma güləşləri üzrə Olimpiya oyunları, dünya və qitə çempionları və mükafatçıları olmuş Xəzər İsayev, Vüqar Orucov, Heydər Məmmədəliyev, Həsən Əliyev, Zəfər Quliyev, Vitali Rəhimov, Cəbrayıl Həsənov, Nazim Əlicanov və başqaları liseyimizin yetirmələridir.
Son illərdə liseyimizdə yeniyetmələr və gənclər arasında da xeyli Avropa və dünya çempionu yetişmişdir. Qızların da idmanla məşğul olmaları üçün əlverişli şərait yaratmışıq. Bu da nəticəsiz qalmayıb. Respublikamızın tanınmış cüdoçusu Kifayət Qasımova məhz bizim liseyin yetirməsidir. O,1999-cu ildə yeniyetmələr arasında Avropa çempionu olmuş, 2000-ci ildə dünya birinciliyində bürünc medal qazanmışdır.
Azərbaycanın idman tarixinə şanlı səhifə yazmış Londonda XXX Yay Olimpiya Oyunlarına qazanılan lisenziyalardan səkkizi liseyimizin yetirmələrinə məxsus olub. Bu olimpiada həm də ona görə yaddaqalandır ki, müstəqillik tariximizdə ilk dəfə idi Azərbaycan Olimpiya Oyunlarında böyük say tərkibi ilə çıxış edirdi. Olimpiya Oyunlarına 50-dən çox idmançı ilə qatılan ölkə böyük idman ölkəsi kimi tanınır. Respublikamız isə budəfəki Olimpiadaya 53 idmançı ilə qatılmışdı. Bu, ölkəmizin idman potensialının sürətli inkişafının və idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir. Biz I Avropa Oyunlarında da bunun şahidi olduq. Onu da qeyd edim ki, bu nüfuzlu yarışda da liseyimizin yetirmələri uğurla çıxış edərək yüksək nailiyyətlər qazandılar.
Hazırda bütün dünyanın nəzər-diqqəti yenidən Azərbaycana yönəlib. Yaxın günlərdə start götürəcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri artıq başa çatmaq üzrədir. Bu Oyunlar ərəfəsində liseyimizdə böyük tədbir keçirdik. Liseyin yetirmələri Olimpiya, dünya, Avropa çempionları, həmçinin digər mötəbər beynəlxalq turnirlərin qalibləri olmuş, Milli Məclisin deputatı Adil Əliyev, Nazim Hüseynov, Elçin Cəfərov, Həsən Əliyev, Cəbrayıl Həsənov, Aslan Ağayev, Əşrəf Əliyev, Əsgərxan Novruzov şagirdlərlə görüşmüş, onların yarışlardakı mübarizəsindən fraqmentlər nümayiş etdirilmişdir. Görüşdə qeyd olunmuşdur ki, IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkədən 3 mindən çox idmançı mübarizə aparacaq. Bu, Azərbaycanın idman dünyasında qazandığı ən böyük uğurlardandır.
Sevindirici haldır ki, IV İslam Həmrəyliyi Oyunlarında da liseyimizin yetirmələri ölkəmizi təmsil edəcəklər. Sərbəst güləşçilər Cəbrayıl Həsənov, Mahir Əmiraslanov, yunan-Roma güləşçilərindən Həsən Əliyev, Taleh Məmmədov, Rafiq Hüseynov, Rəsul Çunayev, Elvin Mürsəliyev, cüdoçu Nicat Şıxəlizadə, boksçu Teymur Məmmədov və gimnast Murad Ağarzayev yarışlara çox ciddi hazırlaşırlar. Yetirmələrimizin ən böyük arzusu Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldırmaq və dövlət himnimizi səsləndirməkdir.
İnanırıq ki, Azərbaycan idmançıları İslamiadada yüksək nəticələr göstərəcək və ölkəmizin idman tarixinə yeni parlaq səhifələr yazacaqlar.
Rasim Muradov,
Olimpiya İdman
Liseyinin direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.